“Məktəb”in baş redaktoru...
Qafur Rəşad cümhuriyyət dövründə fəaliyyət göstərmiş jurnalistlərdəndir
Azərbaycan Xalq Cümhuriyyəti dönəmində qələmi ilə xalqa, dövlətə xidmət etmiş görkəmli ziyalılardan biri də Qafur Rəşad Mirzə-zadədir.
Milli mətbuatımızın inkişafında, maarifçilik ideyalarının formalaşmasında yorulmadan çalışmış Qafur Rəşadın məzarını təsadüfən aşkarladıq. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı Vətən torpağında uyuyan çox azsaylı siyasi-ictimai xadimlərimizi yad etmək layihəsi çərçivəsində növbəti səfərlərimizdən birini Yasamal qəbiristanlığına - general Əliağa Şıxlinsikinin məzarını ziyarət etməyə getmişdik. Ziyarəti başa vurub qayıdanda, təsadüfən qəbirlərin birinin başdaşında Qafur Rəşad adını oxuduq. Baş redaktorumuz Akif Aşırlı bu tapıntıya çox sevindi və dedi ki, Qafur Rəşad da cümhuriyyət dövründə fəaliyyət göstərmiş jurnalistlərdəndir.
Qafur Rəşad mühərrir, o zamanın dövri mətbuatında məqalələrlə çıxış edən istedadlı qələm adamı olub. 1911-1920-ci illərdə nəşr olunan "Məktəb” jurnalının baş redaktoru Qafur Rəşad Mirzəzadənin həyatı çox keşməkeşli olub. Bu insan ömrünü uşaqlarımızın savadlanmasına həsr edib. Dərsliklər nəşr edib. Çox çətin bir dövrdə - 1911-ci ildə "Məktəb” jurnalını çap etdirib. Jurnalın çapını 9 il davam etdirə bilib,1920-ci ildə isə jurnalın nəşri artıq mümkün olmayıb. Ona görə də belə bir şəxsiyyəti ayrıca xatırlamağı, cümhuriyyətimizin yaranması və dirçəlişində özünəməxsus xidmətləri olmuş bu şəxs barədə ətraflı məlumat verməyi qərara aldıq.
Milli dirçəlişə çağırış
Qafur Rəşad Ələkbər oğlu Mirzə-zadə 1884-cü ildə Şamaxıda anadan olub. Çoxşaxəli fəaliyyətə malikdir. Görkəmli maarif xadimi, naşir-mühərrir, publisist, tərcüməçi, coğrafiyaşünas, dərsliklər müəllifi idi.
Uşaq yaşlarında Şamaxıdakı mollaxanada, sonra şəhər məktəbində, 1923-27-ci illərdə isə Bakıda Ali Pedaqoji İnstitutda təhsil alıb. Bakıda III Aleksandr kişi gimnaziyasındakı xüsusi komissiya qarşısında imtahan verib (1901). Azərbaycan dili müəllimi vəsiqəsi alıb. Şamaxı qəzasının Lahıc kənd ibtidai məktəbində (1902-07, Bakıda - Nəşri-maarif cəmiyyətinin müəllim hazırlığı kursunda (1907-09), şəhər "Rus-müsəlman” məktəbində (1909-17) müəllim işləyib. 1917 ildə Bakı şəhəri 2-ci realnı məktəbinin milli sinfində dərs deməyə dəvət olunub.
Azərbaycan istiqlalını elan etdikdən sonra Qafur Rəşad daha məhsuldar fəaliyyətə başlayır. Gənc dövlətdə maarifin yayılması, savadlanma istiqamətində gərgin çalışır.
Qafur Rəşadın ən məhsuldar fəaliyyət dövrü məhz 20-ci əsrin əvvəllərində, Azərbaycan Xalq Cümhuriyyəti illərinə düşür.
Görkəmli maarifpərvər 20 əsrin əvvəllərində Azərbaycanın ictimai və mədəni həyatında fəal iştirak edib, dövri mətbuatda müxtəlif sosial problemlərə dair publisist məqalələrlə çıxış edib.
1908-ci ildə Qafur Rəşad "Ayineyi-millət” ("Oyanınız, qardaşlar”) kitabını nəşr etdirmişdi. Siyasi süstlüyün, mütiliyin tənqidi, milli dirçəlişə çağırış əsərin əsas ideyasını təşkil edirdi. Əsərdə maarifçilik əsarətdən qurtuluş vasitəsi kimi təbliğ olunurdu. Qafur Rəşadın tərtib etdiyi "Rəhbəri-sərf” (Məmmədsadıq Axundovla birgə, 1910), "Rəhbəri-hesab” (Əbdürrəhman Tofiq Əfəndizadə ilə birgə, 1910) dərslikləri uzun illər məktəblərdə tədris olunmuşdur. Belə bir milli düşüncə tərzi AXC rəhbərliyinin diqqətini cəlb edib və Qafur Rəşad Xalq Cümhuriyyəti xalq məktəbləri direktorunun əmri ilə "milli fənləri” tədris etmək üçün 2-ci realnı məktəbə təyinat alıb.
Milli uşaq ədəbiyyatının inkişafında Qafur Rəşadın rolu daha böyükdür. Qafur Rəşad 1911-ci ildə "Məktəb” jurnalının nəşrinə başlayıb. Bu, Azərbaycanda sayca ikinci uşaq jurnalı idi. "Məktəb”in nəşri 1920-ci ilədək davam etmişdi. Qafur Rəşad həm də uşaqlara məxsus ədəbiyyat nəşr edən eyni adlı birinci mətbəənin təsisçisi olub (Əbdürrəhman Əfəndizadə ilə birgə). Cümhuriyyət dövründə nəşr olunmuş "Məktəb” jurnalı uşaqların milli müstəqillik və dövlətçilik ruhunda tərbiyəsində müsbət rol oynamışdı.
Bununla bağlı Azərbaycan mətbuat tarixinin tədqiqatçısı, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı "Azərbaycan mətbuat tarixi (1875-1920) əsərində yazır: "Məktəb” jurnalı ilk sayında məqsəd və məramını bu cür izah edirdi: "Bizim "Məktəb”i nəşr etməkdə məqsədimiz məktəb şagirdlərinin irəliləmələrinə acizanə bir xidmətdir. "Məktəb”i oxuyacaq şagirdlərin biliyi geniş bir dairə alarsa, o vaxt məqsədimizə yetişmiş olarıq”. Məktəb şagirdlərinə məxsus olan bu jurnal iki həftədə bir dəfə nəşr olunurdu və "əxlaqi, ədəbi, fənni, müsəvvir məcmuə” idi.
Qafur Rəşad dövrün tanınmış pedaqoq-yazıçılarını jurnalın ətrafına toplamışdı, orijinal şeir və hekayələrdən, müxtəlif dillərdən edilən tərcümələrdən, elmi-kütləvi məqalələrdən ibarət zəngin uşaq ədəbiyyatı xəzinəsi yaratmışdı, bununla da yeni yazıçı nəslinin yetişməsi işində böyük xidmət göstərmişdi.
AXC dönəmində eyni zamanda bir sıra yeni dərsliklər də hazırlandı ki, bu işdə Qafur Rəşadla yanaşı, görkəmli maarifçilər Firudin bəy Köçərli, Səməd bəy Acalov, Mahmud bəy Mahmudbəyov, Fərhad Ağazadə, Cəmo bəy Cəbrayılbəyli, Ağa bəy İsrafilbəyov, Abdulla Şaiq, Hüseyn Cavid, Abdulla bəy Əfəndizadə, Axund Yusif Talıbzadənin də böyük xidmətləri vardı. Bu ziyalılar xalqın maariflənməsi, balaların təhsil alması üçün gecə-gündüz çalışır, milli təhsilimizin inkişafına çalışırdılar.
İctimai-mədəni gerilikdən xilas yoluna
Qafur Rəşad Mirzəzadə həm də naşir idi. O, Mirzə Abbas Abbaszadə ilə dostluq edirdi. Ona ürək-dirək verirdi. Belə bir şəraitdə M.A.Abbaszadə böyük ruh yüksəkliyi ilə qadınları savadlandırmaqla, yeni dərs kitabları tərtib etməklə, kasıb, yetim və kimsəsiz oğlan və qızları milli dövlət məktəblərinə, eləcə də özünün xüsusi məktəbinə cəlb etməklə, qəzetlərə məqalələr yazmaqla məşğul olurdu. O, dərs dediyi qızların qiraət kitablarına tələbatını ödəmək, eləcə də Azərbaycan qadınlarını ictimai-mədəni gerilikdən, mənəvi kasıblıqdan qurtarmaq üçün ilk dəfə 1914-cü ildə çap etdirdiyi "Arvad ağısı” kitabını 1918-ci ildə Azqurdan qayıdan kimi yenidən nəşrə vermişdir. Əlavələrlə 32 səhifədən ibarət bu kitab Qafur Rəşad Mirzəzadənin naşirliyi ilə Bakıda "Məktəb” jurnalının elektrik mətbəəsində çapdan çıxmışdı.
Qafur Rəşad Mirzəzadə həm də jurnalist idi. O zamanın dövri mətbuatında müxtəlif sahələri əhatə edən məqalələrlə tez-tez çıxış edirdi. Uşaqlar üçün nağıl kitablarının nəşrinə də xüsusi əhəmiyyət verirdi. Pedaqoji fikir tariximizdə maarif xadimi və müəllim kimi tanınan S.Sani, eləcə də "Məktəb”in redaktor və naşirləri Qafur Rəşad Mirzəzadə və Əbdürrəhman Əfəndizadə yaxşı bilirdilər ki, başqa realist əsərlərdə olduğu kimi, "hər bir nağılda həqiqət ünsürləri vardır”. Onlara öz pedaqoji təcrübələrindən məlum idi ki, nağıllar və nağıl səpkisində yazılmış rəngarəng hekayələr uşaqların dünyagörüşlərinin genişlənməsində, əxlaqi və mənəvi inkişafında mühüm rol oynayır.
Qafur Rəşad dərsliklər müəllifi idi
Sovet hakimiyyəti illərində Qafur Rəşad demək olar, pedaqoq fəaliyyətinə üstünlük verir, müxtəlif ali məktəblərdə çalışır. Azərbaycan Dövlət Universitetində, Zaqafqaziya Pambıqçılıq İnstitutunda, Sənaye Akademiyasında, Sənaye İnstitutunda, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda işləyir. Milli məktəblərin müasir dərsliklərlə təmin olunması sahəsində Qafur Rəşadın xidmətləri böyük idi. İlk coğrafiya dərsliklərinin yaradıcısı olan Qafur Rəşad 1909-43-cü illərdə "Qafqaz coğrafiyası” (1910), "Ümumi coğrafiya” (1923), "İbtidai coğrafiya” (1922), "Coğrafiya terminləri lüğəti” (1923), "SSRİ-nin iqtisadi coğrafiyası” (1941), "Xəritə üzərində əməli iş” (1943) və s. adlar altında 18 dərslik və vəsait yazıb, nəşr etdirmişdir.
Qafur Rəşad çoxşaxəli fəaliyyət göstərən əsl ziyalı idi. Dərsliklər nəşr etdirmək, müəllimlik etməklə yanaşı bədii tərcümə sahəsində də çalışırdı, uşaqların dünya ədəbiyyatı inciləriylə tanışlığına səy göstərirdi. L.N.Tolstoyun "İnsana çoxmu torpaq lazımdır?”, "Baha oturur”, "Barmaq boyda uşaq”, "Çəməndə tülkü ilə qurd və yeddi yaşar”, "Dövlətli sərçə və dişli siçan”, "Bir-birinə məhəbbət ediniz” və P.N.Polevoyun "İki yol, iki yoldaş” əsərlərini təbdil və tərcümə etmiş, kitab halında buraxdırmışdı. Həyatı boyu xalqın maariflənməsinə, dünya görüşünün artmasına çalışan Qafur Rəşad ömrünün sonunadək müstəqillik, istiqlal ideyalarına sadiq qalmışdı.
Görkəmli maarifpərvər Qafur Rəşad 1943-cü ildə vəfat edib və Yasamal qəbiristanlığında dəfn edilib.
Məlahət Rzayeva
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb