Böyük Britaniya kralı III Çarlz gələn həftə dünyanın ən böyük süni intellekt şirkətlərinin rəhbərləri ilə görüşəcək və onları texnologiyalardan “insanlığın rifahı naminə” istifadə etməyə çağıracaq.
Sherg.az xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.
Böyük Britaniya hökumətinin təşkil etdiyi AI Safety Summit Şotlandiyadakı Dumfries House sarayında Ditchley Fondu tərəfindən keçiriləcək. Sammitdə Nvidia, Anthropic, Google DeepMind və OpenAI şirkətlərinin nümayəndələrinin iştirakı gözlənilir.
Nəşrin məlumatına görə, III Çarlz çıxışında iştirakçıları süni intellektin inkişafını açıq şəkildə müzakirə etməyə çağıracaq. Sammitin əsas mövzularından biri insan maraqlarını nəzərə alan və cəmiyyətin inkişafına xidmət edən süni intellektdən istifadə prinsiplərinin hazırlanması olacaq.
İştirakçılara həmçinin süni intellekt sahəsində ümumi prinsipləri müəyyən edən xartiyanı imzalamaq təklif olunacaq. Sənəddə insan ləyaqətinin qorunması, texnologiyaların insanların və planetin rifahı naminə istifadəsinə xüsusi diqqət yetirilməsi nəzərdə tutulur.