Məktəblərdə geniş işlərə başlamaq lazımdır

İntihar problemin xarici, görünən tərəfidir
«Amma fiziki intihardan çox o gənclərin daxilində nə qədər psixoloji intiharlar var. Onlar fərd kimi dünyadan küsüblər»


Xəbər verdiyimiz kimi, Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində 15 yaşlı oğlanın intiharı ilə bağlı bəzi məqamlar üzə çıxıb. Məlumata görə, özünə qəsd edən 15 yaşlı yeniyetmənin özündən başqa 1 bacısı və 1 qardaşı da var. Teymur isə evin ən balaca uşağı olub. Yay tətili olduğundan, o, evlərindən bir qədər aralıda Dadaş adlı çilingərin yanında köməkçi işləyirmiş. 1 aya yaxındır namaz qılmağa başlayıb. Hadisə günü də günorta yeməyini yeyib, namazını qılıb. Anasına yarım saatlıq sexə gedib qayıdacağını söyləyib. Bundan sonra ondan xəbər gəlməyib. Meyiti evə gətirilən zaman cibində məktub olub. 15 yaşlı Teymurun meyiti doğulduğu İmişli rayonuna aparılıb. Teymur bu il Sabunçu rayonunda yerləşən 113 saylı orta məktəbin 8-ci sinfini bitirib. Onun həmin məktəbdə oxuyan bir qızı sevdiyi bildirilir. Onu da qeyd edək ki, bu hadisə Teymurun təhsil aldığı məktəbi də yenidən gündəmə gətirib. Belə ki, Teymurun intiharı ilə birlikdə 113 saylı məktəbdə son 2-3 ildə intihar edən şagirdlərin sayı 5-ə çatıb.

İntihar hallarının artma səbəbləri barədə "Şərq"ə danışan sosioloq Əhməd Qəşəmoğlu qeyd edib ki, sosial şəbəkələr, kompüter, filmlər, verilişlərin təsirləri gənclərə daha çox təsir göstərə bilir: "İntihar dində günah sayılır. Real həyat isə onu zəifliyin əlaməti kimi qələmə verir. Bu hal təəssüf ki, məkan, toplum tanımır. Hətta Skandinaviya dövlətləri, İsveçrə dünyanın inkişaf etmiş ölkələri sırasında olsa da, bu ölkələr intiharların sayına görə ilk sırada durur. Məlumat üçün qeyd edək ki, bu ölkələrdə intiharlar Azərbaycanla müqayisədə 10 dəfədən artıqdır. Ancaq müqayisədə az olmasına baxmayaraq, son günlər ölkəmizdə intiharla bağlı xeyli xəbər alırıq. Dövlət Statistika Komitəsi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Respublika Prokurorluğundan statistik məlumatlar yoxdur. Buna baxmayaraq deyə bilərik ki, son intiharların subyekti əsasən gənclərdir. Səbəblər isə müxtəlifdir. Cavanları intihara sürükləyən əsas amillər kimi emosional problemlər göstərilir".

Ə.Qəşəmoğlunun qənaətincə, ailədəki vəziyyət də intiharlara yol aça bilən səbəblərdən biridir: "Təbii ki, cəmiyyətdən gələn səbəblər də var. Amma intiharlar əsasən birbaşa ailə münasibətlərinin hesabına baş verir. Bizim regionlarda ailə münasibətləri hər gün gərginləşir. Ailə bir institutdur, cəmiyyətin tənzimlənməsində rolu böyükdür. Onun bir çox funksiyası var. Normal ailə cəmiyyətdə olan neqativ gərginlikdən qurtula bilməlidir. Gərək müəyyən normal mühit olsun ki, insanlar əsəb gərginliyindən ora çəkilə bilsinlər». Müsahibimiz hesab edir ki, hazırda maddi amillər ailəyə təsir göstərir: "Ailədə maddi faktorların təsiri altında gərginliklər yaranır. Bu, ailənin özündə olan gərginlikdir. Həmçinin, cəmiyyətdən ailəyə gələn gərginlik də mövcuddur. Çünki cəmiyyətin özündə dəyərlər dəyişib. Maddi dəyərlər önə keçən cəmiyyətdə gərginlik çox olur. Bu, dünya müdriklərinin gəldiyi qənaətdir. Mənəvi dəyərləri qabağa salan cəmiyyətdə isə öz-özünə tənzimləmə, ahəng effekti yaranır. Ancaq bütün dünyada, Azərbaycanda da maddiyyat mənəvi dəyərləri öz təsiri altına ala bilib. Ona görə də cəmiyyətdən ailəyə mənfi impulslar gəlir. Digər tərəfdən sosial şəbəkələr, kompüter, filmlər, verilişlərin təsirləri gənclərə daha çox təsir göstərə bilir. Gənclər internetdə olarkən sanki dünyadan təcrid olunurlar. Elm, mühit, ailə, canlı münasibət artıq əvvəlki kimi deyil. Ailə illər öncəki ailə deyil ki, uşağı özünə cəlb etsin. Sosial şəbəkələrdə ahəng gətirən məsələlərdən daha çox arzuedilməyən söhbətlər, xəbərləri eşidirik. Bu məsələlərin yekunu ona gətirir ki, gənc həyatda çıxış yolunu tapa bilmir. Ona görə də intihar yolunu seçir”.

Ə.Qəşəmoğlunun fikrincə, intihar hallarının qarşısı alına bilər: "Yuxarıda sadalanan nüanslara qarşı həssas olmaq lazımdır. Bununla bağlı məktəblərdə geniş strategiya başladılmalıdır. Bir zamanlar fərdi cəmiyyətə hazırlamaqda ailə də, cəmiyyət də kömək edirdisə, indi hər ikisinin funksiyalarında problemlər yaranıb. İndi məktəb öz funksiyasını dəyişməlidir. Məktəbin öhdəsinə daha çox vəzifələr düşür. Təhsil sistemi də intiharlara ciddi reaksiya verməlidir. Ailədə yaranmış boşluğu kompensasiya etmək üçün xüsusi strateji xətt götürməlidir. İntihar problemin xarici, görünən tərəfidir. Amma fiziki intihardan çox o gənclərin daxilində nə qədər psixoloji intiharlar var. Onlar fərd kimi dünyadan küsüblər”.

Ayyət Əhməd