Valideyn komitələrinin əsas “vəzifəsi” məktəbdə korrupsiyanı təşkil etməkdir
Bu vəsait kimin cibinə gedir, hara xərclənir, heç kim bilmir, sorğu-sual edən də yoxdur
Orta məktəblərdəki "Valideyn komitələri” valideynlərin qorxulu röyasına çevrilib. Elə ki, tədris ili başladı, ata-anaların qulağı hər gün səsdə olur; indi zəng gələr, bu dəqiqə zəng gələr: "filan qədər yığırıq, filan iş üçün...” Əsasən də bu "valideyn komitələri” bayramlarda xeyli aktivləşir - canlanır. Bayram da ki, maşallah olsun.
Bir deyil, iki deyil. Müəllim günü başlanğıc, Yeni il, 8 mart, Novruz bayramı orta, Son zəng isə sonuncu pulyığımı zamanıdır. Hələ ara günlərdə də, əlavə, gözlənilməz, cədvəldənkənar pul toplama kampaniyası keçirilə bilər. Məsələn, sinif rəhbərinin ad günündə, yaxud oğlunun, qızının toyunda. Ya da sinif üçün qışda "peç” almaq, pəncərələri möhkəmlətmək. Hələ test tapşırıqları, dəftər-kitab pulu... Uzun sözün qısası, getdikcə deyəsən, keçmişə qayıdırıq. Pulu olan təhsil ala bilir, olmayanın işi müşküldür. Ya gərək "dişli” bir valideyn olsun ki, "dəstə başçısı” ilə kəllə-kəlləyə gəlsin, uşaq da, sözün açığı, bir az üzlü (sırtıq) olsun ki, sinif rəhbərinin, hətta sinif yoldaşlarının da tənəsini vecinə almasın. Əks halda ata-ananın yaxası qalacaq özünü sinif üzrə başçı hesab edən "komitə sədri”nin əlində. Bu sədr də özünə təsis etdiyi sədr vəzifəsini canfəşanlıqla yerinə yetirib çapolçuluğunu davam etdirəcək.
Modern. az saytı məktəblərdə qeyri-rəsmi fəaliyyət göstərən Valideyn komitələri problemini gündəmə gətirib və Təhsil Nazirliyindən cavab almağa çalışıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov sayta açıqlamasında bunları deyib:
"Valideyn komitələri təkmilləşdirilir. Cənab nazir tərəfindən irəli sürülən təşəbbüsə görə, valideyn komitələrilə bağlı dünya təcrübələri öyrənilərək daha sağlam mühitin yaradılmasına yardım etmək məqsədilə bu işi təşkil etmək niyyətimiz var. Burada eyni zamanda valideynlərin məktəblə sıx əlaqəsini təmin etmək üçün şəffaf yollardan, metodlardan istifadə ediləcək”.
Təhsil problemləri üzrə mütəxəssis Nabatəli Qulamoğlu "Şərq”ə açıqlamasında dünyanın inkişaf etmiş bir sıra ölkələrində bizdəkindən fərqli "Valideyn komitələri”nin fəaliyyət göstərdiyini dedi:
- Avropa ölkələrində təhsilə, məktəblərə nəzarət edən özəl qurumlar, qeyri-hökumət təşkilatları var. Bəzi xarici ölkələrdə vətəndaş cəmiyyəti lazımi qaydada təşəkkül tapdığı üçün məktəblərə nəzarəti həyata keçirmək də asan olur. Misir Mərdanov təhsil naziri olan vaxt "Müəllim-Valideyn Assosiasiyası” adlı qurumun yaranmasına dair əmr imzalandı. Məqsəd də bu idi ki, bu qurum məktəblə valideynlərin əlaqəsini yaratsın. Valideynlərlə məktəb arasında sağlam bağlantı formalaşsın. Əmrdə qeyd olunurdu ki, qurumun adı müxtəlif də ola bilər. Bəzi məktəblərdə Assosiasiya qoyuldu, bəzisində Valideyn komitəsi və s. Hətta orada qeyd olunurdu ki, hansısa problemin həlli məqsədilə qurumun ianə toplaması da mümkündür. Ancaq bu, sonradan "ehsan kampaniyasına” çevrildi. Hazırda bizim orta məktəblərdə fəaliyyət göstərən Valideyn komitələrinin əsas "vəzifəsi” məktəbdə korrupsiyanı təşkil etməkdir. Valideyn komitəsi sədrinin də "vəzifəsi” valideynlərlə "dil tapıb”, onları "dilə tutub” məktəbə pul daşımaqdı. Elə bil ehsan toplayırlar. Məsələn, biz Estoniyada olarkən məktəbə nəzarət edən qurumun fəaliyyəti ilə tanış olmuşduq. Eston məktəblərində də ianə toplanır, lakin, bu qurumun şəxsi bank hesabı var, hesaba nə qədər vəsait daxil olduğu və hara, hansı məqsədə xərcləndiyi aşkar bilinir. Bizdə isə ancaq nağd ödəmələrdir. Məktəblərdə nağd pullar havada "oynayır”. Bu vəsait kimin cibinə gedir, hara xərclənir, heç kim bilmir, sorğu-sual edən də yoxdur. Yəni, bizdə Avropa ölkələrindəki təcrübənin ən pis variantı tətbiq olunur.
Məlahət Rzayeva