Məmurların xalq arasına çıxması halları artacaq

Elçin Şıxlı: "Rektorlar, müəllimlər, nazirlər, nazir müavinləri işə avtomobillə deyil, velosipedlə gələrsə, artıq digərləri də ona baxıb örnək götürəcək"Mehman Əliyev: "Əvvəllər hansısa bir yaşlı adamın Bakı küçələrində velosiped sürməsinin şahidi olmurduq. Ancaq indi görürük ki, vəzifəli adamlar da parklarda velosiped sürürlər"
Heç kimə sirr deyil, inkişaf etmiş Avropa və dünya ölkələrində məmurların sadə, sivil vətəndaşla sıx təması artıq normaya çevrilib. Hər bir hökumət funksioneri sosial statusundan və tutduğu vəzifəsindən asılı olmayaraq hər gün sadə vətəndaşlarla eyni mağazadan alış-veriş edir. Əksər hallarda iş yerlərinə getmək üçün şəxsi avtomobil deyil, velosiped və ictimai nəqliyyatdan istifadə edirlər. Əlbəttə, bu hal həmin ölkələrdə vətəndaşların hökumətə olan etimadını daha da gücləndirir. Və hər bir avropalı buna adi hal kimi yanaşır. Əfsuslar olsun ki, Azərbaycanda belə məsələlərə çox nadir hallarda rast gəlinir. Ona görə də, hansısa məmur xalqın arasında görünən kimi az qala bütün media quruluşları o mövzunu gündəmin manşetinə qoyur. Məsələn, ötən günlərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlının metrodan istifadə etməsinə dair məlumatlar yayıldı. Şübhəsiz ki, rektorun bu təşəbbüsü sosial media və mətbuatla yanaşı, ictimaiyyətdə müsbət rezonans doğurdu. Əksəriyyət bunu ibrətamiz bir örnək kimi dəyərləndirdi, lakin bunu adi hal sayanlar da az olmadı.
 Məsələn, "Ayna-Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı qeyd edib ki, Avropada hər hansı bir nazirin, məmurun ictimai nəqliyyatdan istifadəsini heç kim qəzet, saytın manşetinə çıxartmaz: "Onlar üçün adi haldır. Məsələn, Avstriyanın Azərbaycandakı səfirini Vyanada görmüşəm. İşə velosipedlə gedib, gəlirdi. Onlar üçün bu adi haldır. Biz isə buna möcüzə kimi baxırıq. Ona görə ki, biz Avropa deyilik. Biz Avropa olandan sonra bu barədə danışa bilərik. Avropalı məmurlar camaat arasına çıxırlar. İş orasındadır ki, onları camaat səsvermə yolu ilə seçir. Onlar əhali arasına çıxır ki, növbəti seçkidə də seçkiləri qazansın. Sosial bazasını itirməsin. Bizdə isə istəyirsən camaat arasına çıx, istəyirsən çıxma, onsuz da heç kim səsvermə ilə seçilmir. Bu mənada bizdə məmurların addımları da süni görünür. İndi rektor çıxıb metro ilə gedibsə, sağolsun, kefi belə istəyib elə də edib. Bu, normal haldır. Söhbət ondan gedir ki, biz ictimai nəqliyyatdan istifadə etməklə Avropa olmayacağıq. Əvvəl gərək təfəkkürdə dəyişikliklər olsun. Azərbaycanda parlamentə seçilən deputat haqqında hansısa axtarış sistemində bir cümlə də tapmaq olmur. Naməlum adam gəlib deputat olur. Bu adam ömründə metro ilə getməyəcək, heç yuxarılara getməyək. Hansısa bələdiyyə sədrini ictimai nəqliyyatda görmüşük? Xeyr".
E.Şıxlı Azərbaycanda ictimai nəqliyyatın bərbad vəziyyətdə olmasına da diqqət çəkib: "Bizim ictimai nəqliyyata minib işə gedib-gəlməyin özü belə qəhrəmanlıqdır".
Müsahibimiz söyləyib ki, bu kimi məsələlər bizdə də ənənə halını almalıdır: "Bir-iki nəfər belə etsə, ənənə halını alacaq. Məsələn, rektorlar, müəllimlər, nazirlər, nazir müavinləri işə avtomobillə deyil, velosipedlə gələrsə, artıq digərləri də ona baxıb örnək götürəcək. Başqaları işə velosipedlə gedəcək ki, bu da qismən də olsa, şəhərdəki tıxacın qarşısını alacaq".
"Turan" informasiya agentliyinin baş direktoru Mehman Əliyev də vurğulayıb ki, Azərbaycanda qırmızı kreslolarda oturanlar özlərini həmişə başqalarından fərqləndirməyə çalışırlar: "Cəmiyyətimizdə bu hal var və biz onun şahidiyik. Hətta bəzən yaxın qohum-əqrəbadan kimsə vəzifəyə gedəndən sonra özünü çəkir. Kimsə nəsə deyəndə, "aaa, mən onun tayı deyiləm, mənim səviyyəm başqadır" kimi cavablar verir. Təəssüflər olsun ki, belə hallar bizdə mövcuddur və bunu daha çox keçmişin qalığı kimi qiymətləndirirəm. Ancaq deyim ki, bunu hamıya şamil etmək də düzgün deyil. Sadə məmurlarımız da olmamış deyil. Amma əksər hallarda biz yekəxana məmurlarla rastlaşırıq".
M.Əliyev hesab edir ki, Azərbaycanda məmurların xalq arasına çıxması halları getdikcə çoxalacaq: "Məsələn, əvvəllər hansısa bir yaşlı adamın Bakı küçələrində velosiped sürməsinin şahidi olmurduq. Ancaq indi görürük ki, vəzifəli adamlar da parklarda velosiped sürürlər. Qərb mədəniyyəti yavaş-yavaş Azərbaycanın həyatına yaxşı mənada nüfuz edə bilir. Təbii ki, bu tendensiya ölkəmizə demokratik əhval-ruhiyyə gətirəcək. Təvazökar olmaq demokratik ölkələrdə formalaşmış bir normadır. Avropada son 20-30 ildə bununla bağlı xüsusi bir siyasət aparıldı. Zənnimcə, zaman ötdükcə, Azərbaycanda da bu proseslər gedəcək. Bunun işartılarını görürük. Azərbaycanda demokratiya daha çox inkişaf etsə, bu cür örnəklər çoxalsa, proseslər daha da sürətlənəcək. Gərək yüksək vəzifəli məmurlar da bu cür nümunəvi addımlar atsın".
Ayyət Əhməd