“Mən azərbaycanlı aktrisanın yataq səhnəsində olmasının qəti əleyhinəyəm”
“Mən Amerikada küçəyə şortiklə çıxa bilirəm”
Sənubər İsgəndərli: “Amma burda onu etmərəm, ona görə yox ki, kimsə nə deyər...”
“Mən azərbaycanlı aktrisanın yataq səhnəsində olmasının qəti əleyhinəyəm”
“Mən azərbaycanlı aktrisanın yataq səhnəsində olmasının qəti əleyhinəyəm”
Azərbaycan filmlərini çox zaman dünya kino bazarında olan filmlərlə müqayisə etmək istəmirik. Deyirik ki, Azərbaycan filmləri dünya filmləri ilə müqayisəyə getmir. Bunun müxtəlif səbəbləri var. Bu və ya digər səbəbdən filmlərimiz Hollivud filmləri ilə müqayisədə zəif ekran əsəri kimi görünə bilir. Bir də yerli film bazarında intim səhnələrin yox olması da müzakirə olunur.
Bəziləri niyə bizim filmlərdə bu kimi kadrlara yer verilmir desələr də, bəzilərinin də fikrincə, biz mental dəyərlərimizi nəzərə almalıyıq və nə qədər tolerant dövlət olsaq da, nə qədər Avropa ölkəsi olduğumuzu dilə gətirsək də, biz avropalı deyilik. Bizim öz milli əxlaq dəyərlərimiz, mental həyati fəlsəfəmiz var. Yəqin elə buna görə də nə rejissorlarımız cəsarət edib filmlərdə yataq səhnələrinə o qədər yer ayırırlar, intim münasibətlərin ekran əsərində yer tutmasına şərait yaradırlar, nə də aktrisalarımız yataq səhnələrində çəkilməyə razılıq verirlər. Azərbaycanda yataq səhnəsində çəkilməyə cəsarəti olan aktrisa da tapmaq o qədər asan deyil.
Müqayisə üçün xatırlatmaq olar ki, rejissor Yavər Rzayevin "İlahi məxluq” filmində Vəfa Zeynalova ilə Nurəddin Mehdixanlının çəkildiyi intim səhnə hələ də müzakirə olunur. Əslində filmdə böyük mənada intim səhnəni görmək mümkün deyildi. Amma həm də ekran əsərində intim səhnə ideyası özünü göstərmiş olurdu. Bu filmə görə rejissor da qınaq obyekti oldu, elə aktrisa Vəfa xanım da tənqid atəşinə tutuldu. Əslində isə filmdə peşəkar şəkildə rejissor intim səhnəni pərdəarxası şəkildə göstərə bilmişdi. Və ya illər öncə Rasim Ocaqovun "Təhminə” filmində Zaurla Təhminənin bağ evindəki yataq səhnəsi o zaman böyük səs-küy yarada bilmişdi. Amma bu ekran əsərlərinin heç birində əslində açıq şəkildə heç bir aktrisa çılpaq şəkildə yataqda olmayıb.
Azərbaycan aktrisaları arasında yataq səhnəsinə çəkilməyə demək olar heç kim razı deyil.
Amma ötən gün gənc aktrisa Mələk Heydərovanın "istədiyim pulu versələr, yatağa girərəm” açıqlaması əməlli-başlı səs-küy yaratdı. Hətta aktrisanın bu açıqlaması sosial şəbəkələrdə etirazla qarşılanıb. Buna görə onu kəskin tənqid edənlərin sayı günü-gündən artır. Hətta narazılar sırasında həmkarları da var. Tanınmış aparıcı Şəbnəm Turan münasibət bildirib. Şəbnəm Turan "bu meydan, bu da şeytan, dediyini eləməsən, sözünün ağası deyilsən” - deyərək aktrisanı daha da həvəsləndirib: "Mələyin yüzminlik öpüş, milyonluq yataq iddiasını anlayıram. Aktrisadır, potensialının müqabilində yaxşı pul qazanmaq istəyir. Vaxtilə Naibə Allahverdiyeva da "Qara volqa” filmində açıq-saçıq səhnələrə çəkilmişdi. Amma bilmirəm buna görə nə qədər qonorar almışdı. Bəlkə də sənət sevgisi naminə pulsuz çəkilibmiş, deyə bilmərəm. Amma gənc aktrisa Mələk artıq bu cəsarətli açıqlamanı verib və zəhməti müqabilində bəlli məbləğ tələb edir. Cəsarətini dəyərləndirirəm. Amma o da gərək sözünün arxasında dayansın. Buyursun, zəhmət çəksin, həmin məbləği rejissorlardan alıb, yataq səhnəsinə çəkilsin. Lakin bir məsələ də var, tutaq ki, istədiyi məbləği ona verirlər, Mələk soyunub yatağa girəcəkmi?”
Əslində aktrisaya haqq vermək də mümkündür. Dünya ulduzları, Hollivud aktrisaları da filmlərə dəvət alarkən intim səhnələrin olduğu filmlərdə daha böyük qonorar tələb edirlər. Və ümumiyyətlə, aktrisa öz sənətini müəyyən bir qonorarla dəyərləndirməyə çalışırsa, bu onun haqqıdı. Sənətçi, aktyor, aktrisa dəvət aldığı filmə, oynadığı obraza görə bəlli bir qonorar tələb edə bilər. Dünya kino bazarında bu, normal qəbul oluna bilən biznes sayılır. Bizdə isə hələ də aktyorun, aktrisanın böyük məbləğdə qonorar tələb etməsi birmənalı qarşılanmır. Hərə buna bir don geyindirməyə çalışır. Bəli, başqa bir mövzudur ki, sənətçi sənət naminə də nələrsə edə bilər, bunun üçün maddiyyat bəzən önəm daşımaya bilər. Amma istənilən halda aktrisanın oynadığı obraza görə, ya da filmdəki intim səhnəni oynamaq üçün böyük qonorar tələb etməsi faciə deyil.
Gənc aktrisanın "Əgər mənə istədiyim böyük məbləğ verilsə, filmdə yataq səhnəsinə çəkilərəm, tərəf-müqabilimlə öpüşə bilərəm” deməsi sənət aləmində olanları da dilə gətirdi. Xalq artisti Sənubər İsgəndərli "Şərq”ə açıqlamasında gənc aktrisanın müzakirəyə səbəb açıqlamasına münasibət bildirdi:
"Mən o gənc xanımı tanımıram. Fərdi yanaşmadan deyə bilərəm ki, hansısa hissi, filmin dili ilə hansısa məqamları tamaşaçıya çatdırmaq üçün intim münasibəti rejissor göstərmək istəyirsə, bunu çılpaqlığı ilə göstərmək mütləq deyil. Filmdə ya bu ekran əsərində həmin səhnə sevgi hissi olaraq çatdırılmalıdır, ya da bir fahişənin obrazı təqdim oluna bilər. Bunu çılpaq şəkildə olmadan da tamaşaçıya göstərmək mümkündür. Mən ümumiyyətlə, Azərbaycan filmlərində, yerli ekran əsərlərimizdə bunu çılpaqlığı ilə göstərməyin əleyhinəyəm. Düşünürəm ki, sənətin dili o qədər müxtəlif və rəngarəngdir ki, intim münasibəti müxtəlif vasitələrlə də çatdırmaq olar. Nikita Mixalkovun "Utamlyonnı solnse” filmində intim səhnə verilir. Amma bu səhnədə rejissor yalnız aktyorların üzlərini verib. Rejissor nə qədər güclü bir iş ortaya qoyub ki, əslində böyük mənada intim səhnə olmasa da, ehtirası göstərə bilib. Tamaşaçı çılpaqlığı ilə görə bilmədiyi intim səhnəni tam hiss edə bilir. Bu peşəkarlıqdı. Buna görə aktyorların yatağa girməsi məcbur deyil. Mən azərbaycanlı aktrisanın yataq səhnəsində olmasının qəti əleyhinəyəm. Qoy məni köhnə fikirli hesab etsinlər, qoy mənə köhnə fikirli insan kimi baxsınlar, amma bu mənim fikrimdi. Yenə deyirəm, ekran əsərində intim səhnəni yatağa girmədən də maraqlı tərzdə təqdim etmək mümkündür. Mən istəmirəm ki, bizi Hollivud aktyorları ilə müqaiysə edim. Hər ölkənin özünün yaşam tərzi, mentaliteti, mənəvi dəyərləri var. Biz nə amerikalı, nə ingilis, nə də fransız deyilik. Azərbaycanlıyıq. Bizim öz xalqımıza xas xüsusiyyətlərimiz var. Mən türk qadınına kim olur olsun, çılpaq şəkildə yataq səhnəsində çəkilməsini arzulamıram. Bu bizə yaraşmaz. Mən Amerikada da olmuşam, Hollivuda da dəvət almışam. Amma azərbaycanlı olduğumuzu unutmamışam. Bilirsiz, Amerikaya gedəndə mən küçəyə şortiklə çıxa bilirəm. Amma burda onu etmərəm. Ona görə yox ki, kimsə nəsə deyər. Ona görə ki, burda onu özümə yaraşdırmaram. Amerikada hamı o tərzdə geyinir deyə heç kim pis qarşılamır. Amma Azərbaycanda onu edə bilmərəm. Dediyim odur ki, biz özümüzü amerikalılarla müqayisə edə bilmərik. Hollivud filmlərində olan çılpaq səhnələr bizim ekran əsərlərində olmamalıdır. Mən heç bir azərbaycanlı aktrisanın heç bir qonorara görə yataq səhnəsində, çılpaq şəkildə çəkilməsinin tərəfdarı deyiləm. Əgər sənətdən söhbət gedirsə, bu səhnəni başqa şəkildə də tamaşaçıya çatdırmaq mümkün ola bilər. Buna görə soyunmağa dəyməz”.
Tahirə Məmmədqızı