“Mən televiziya rəhbəri olsaydım, hər bölgədən müxbir götürərdim”
Nəsimi Nəbizadə: “Ən dürüst xəbəri belə 22 yaşlı xəbər aparıcısı oxuyanda buna inanmaq olmur”
Televiziya bu gün evimizin bir üzvünə çevrilə bilib. Orada olan simalar da sanki evimizin ən doğma qonaqları olurlar. Deməli, onlar bizə yaxındılar. Bu yaxınlıq bəzən onlara sevgi, bəzən irad, bəzən simpatiya hissləri yaradır. Bu məkanda hər aparıcının, televiziya simasının tamaşaçısı yaranır. Və bəzən bizə doğmalaşan simalar olurlar. Bu dəfəki qonağımız mavi ekrandan tanınan, bir çoxlarının sevgisini qazanan diktor Nəsimi Nəbizadə oldu.
Maraqlı həmsöhbət, səmimi müsahib və qadın gözəlliyinə dəyər verən yaraşıqlı Azərbaycan kişisi ilə söhbətimiz də əslində onu bir daha tanımağa imkan yaratdı. Efirdən kifayət qədər ciddi görünən həmsöhbətim o qədər də səmimi və həyat doludu. Həyata baxışı, zəngin dünyagörüşü, baməzə, yerində olan zarafatları xatirimizdə xoş izlər buraxdı. Onu tanımağa dəyər deyib, həmsöhbətimizlə olan söhbətimizi siz oxuculara da təqdim edirik.
- Nəsimi Nəbizadə bu gün Azərbaycan teleməkanından razıdırmı? Efirdə olan aparıcıların geyimləri, danışıq diksiyaları, efir etikaları və digər məqamları sizi qane edirmi?
- Geyim zövq məsələsidir. Əslində efirdə olan insanların geyimləri ilə məşğul olan konkret insanlar olmalıdı. Çünki xəbər aparıcısı ilə maqazin aparıcısının geyimində fərq olur. Geyim əslində həm də zövqlə bağlıdı. Televiziya elə bir məkandı ki, burada o qədər xırdalıqları nəzərə almaq lazımdı ki, bunlar peşəkar insanların üzərinə düşən məsələdi. Tutaq ki, xəbər aparıcısının geyimi studiyanın fonuna uyğun olmalıdı. Aparıcının geyindiyi libasın rəngi fona uyğun seçilməlidi. Tutaq ki, pencəyin, qalstukun rəngi belə studiyanın fonuna uyğun seçilməlidi. Bunlar televiziyada vacib məsələlər sayılır. Rəng seçimi tamaşaçının gözünü yormamalıdır. Qaldı diksiya, ləhcə və digər məsələlərə, təbii ki, televiziyada olan insan, efirə çıxan aparıcı məsuliyyətini hiss etməlidir. Ləhcə məsələsinə gəlincə, bu hər zaman olub. Yəni sovet dönəmində belə televiziyada, efirdə ləhcə ilə danışanlar olub. O zaman bir televiziya var idi. Hətta o zaman da ləhcə məsələsi müzakirə mövzusu olub. Efirdə olan insanlar bəzən ləhcə ilə danışıblar. Bu, insanın genindən gələn bir məsələdi. Bütün diktorların danışığında az da olsa ləhcə tapmaq olur. Bunu adi qəbul etmək lazımdı. Demirəm ki, efirdə bütün günü ləhcə ilə danışmaq olar. Amma ləhcə elə sözlər, kəlmələr var ki, hiss oluna bilir. Mən televiziya rəhbəri olsaydım, hər bölgədən müxbir götürərdim. Efirdə tutaq ki, şəkili Şəki ləhcəsində, cənubdan olan müxbir qoy elə cəub ləhcəsində, naxçıvanlı elə öz ləhcəsində danışsın. Bu daha təbii və şirin görünərdi. Bunun özündə bir efir şirinliyi hiss olunardı. Bu qədər sərt şəkildə məsələyə baxmaq da düz deyil. Efirdə kitab cümləsi ilə hamının danışması da vacib olmaya bilər. Bunlar sovetdən qalma qanunlardı məncə. Bəli, televiziyada, xəbər aparıcısında ləhcə olmamalıdı. Televiziya aparıcısını seçəndə bəzi məqamlar nəzərə alınmalıdı. Aparıcı tamaşaçıya xəbər satan şəxsdi. Onu hər adam bacarmaz. Məni Roza Tağıyeva, Sabir Axundov, Sabir Ələsgərov, Şərqiyyə Hüseynova seçərək televiziyaya götürüblər. Mən də o vaxt bu gün sizinlə danışan Nəsimi deyildim. Saray qəsəbəsindən gələn və sizin dediyiniz kimi ləhcə ilə danışan cavan oğlan idim. Ümumiyyətlə televiziya aparıcısında televiziyaya uyğun, televiziyaya lazım olan parametrlər olmalıdı. Bütün göstəricilər televiziya standartlarına uyğun gəlməlidi. Görünüşündən tutmuş səsinə və danışığına qədər televiziyanın parametrlərini tamamlamalıdı.
- Görünüş vacibdimi? Yəni televiziyada olan insan mütləq gözəl görünüşə malik olmalıdımı? Çəkisinin nə qədər çox olması, saçının seyrək və keçəl olması əngəl yarada bilərmi?
- Əslində bu, sovetdən qalma ölçülərdi. Yəni o vaxtlar mütləq diktor, televiziya aparıcısının görünüşü yaxşı olmalı, boyu, çəkisi və s. məqamlar mütləq nəzərə alınırdı. Amma müasir dünya televiziya praktikasında bu ölçülər vacib sayılmayıb. Misal üçün, Türkiyənin məşhur televiziya aparıcısı Mehmed Əli Birand var idi (gülür). Onun siması yəni belə götürəndə efir standartlarına cavab vermir. Amma... Onun apardığı xəbərlərin nə qədər şoulaşmış tərzdə təqdim etdiyini söyləməyə ehtiyac yoxdu. Mənə elə gəlir ki, ən böyük şou elə xəbər ola bilər. Xəbərdən böyük şou var? Mehmed Əli o qədər xəbəri professional şəkildə şoulaşdıra bilirdi ki, sən onun yalan xəbərinə inanırsan. O sənə yalanı o qədər şoulaşdıraraq, inandırıcı təqdim edirdi ki, sən yalan olduğunu bildiyin halda belə, ona inanmalı olurdun.
Onun xarizması var idi, nə danışsa, inanırdın. Düşünürəm ki, bu gün televiziyaya baxış da fərqlidi. Efirdə olan insan saqqallı da ola bilər, saçsız da, görünüşü gözəl olmaya da bilər. Əsas odu inandırıcı olsun. Amma efirdə olan qadından söhbət gedirsə burda artıq yanaşma dəyişir... Efirdə olan Xanımın gözəlliyi də olmasa şarmlı olması vacibdi.
- Azərbaycan məkanında bəyəndiyiniz aparıcılar var?
- O qədər aparıcı var ki, adlarını bilmirəm. Bu pis deyil. Onlar da mənim adımı bilmirlər yəqin. Qoy kanallarımız da çox olsun, aparıcılarımız da. Hamı çörəyini qazansın. Bu da zövq məsələsidi. Bir də tərzə gəldikdə, ciddi xəbər aparıcısı, ümumiyyətlə, televiziyada çalışan insan əgər özünə dəyər verirsə, heç vaxt bayağı tərzdə efirə çıxmaz, bayağı tərzdə danışığa yol verməz. Azərbaycan televiziyalarına demək olar az baxıram. Amma bəyəndiyim aparıcılar təbii ki var. Ad çəkməyəcəm. Amma xanım aparıcıları bəyənirəm. Çünki xanımlardan xoşum gəlir. Yəni gözəl qadınları efirdə görmək xoş olur. Mən də gözəlliyə dəyər verən insanam. Ona görə də xəbər aparıcıları arasında gözəlliyi ilə diqqətimi çəkənlər olur.
- Xəbər aparıcısı hansı parametrlərinə görə digərlərindən fərqlənir?
- Xəbər aparıcısı digərlərindən bir çox xüsusiyyətlərinə görə fərqlənir. Burda görünüş, səs tembri, yaş və s. məqamlar nəzərə alınmalıdı. Söhbət kişi xəbər aparıcısından gedirsə, fikrimcə, 22 yaşlı gənc oğlanın xəbər aparıcısı olması düzgün deyil. 20-22 yaşlı gənc günün əsas xəbərini necə apara bilər? Hər tamaşaçının xəbəri əldə etmək üçün seçdiyi televiziya kanalı olur. Kişi aparıcı görünüşü ilə çatdırdığı xəbərə tamaşaçını inandırmalıdı. Xəbər aparıcısı dolğun olmalıdı. Onun xəbərinə tamaşaçı inanmalıdı. Bilirsiz ki, xəbərlərdə deyilən bir çox məlumatlar əslində yalandı. Amma bu yalanı belə, inandırıcı şəkildə tamaşaçıya satmalıdı. Çünki xəbər aparıcısının missiyası budu. O, xəbəri ilə tamaşaçını inandırmalıdı. Bunun üçün şəxsiyyəti formalaşmış, olğun bir kişi olmalıdır ki, bu xəbərin ciddiliyinə inanasan. Ən dürüst xəbəri belə 22 yaşlı xəbər aparıcısı oxuyanda buna inanmaq olmur. Mən bayaq əbəs yerə Mehmed Əlini misal çəkmədim. Bu insan xəbəri o qədər inandırıcı şəkildə tamaşaçıya çatdırırdı ki, ona inanmaqdan başqa seçim qalmırdı. Yaşı, olğunluğu, xarizması onun xəbərini tamaşaçıya satmaq üçün əsas vasitələrdən olurdu. Tamaşaçını inandıra bilmək bacarığı. Amma xanım aparıcılara gəldikdə... hə... bilmirəm bunu necə izah edim?..
- Siz elə necə düşünürsüzsə, eləcə də deyin...
- Bilirsiz, xanımlar başqa aləmdi. Ona görə də xanım aparıcıda bir şarm olmalıdı. Qadın şarmı... Bu, aparıcı üçün vacibdi. Bayaq dedim axı, xəbər ən böyük şoudu. Amma bu xəbəri gözəl şarmlı qadın deyirsə, sənin diqqətin dərhal efirə yönəlir. Efirdəki xəbərlərin 50 faizi yalandı. Bu xəbərə isə tamaşaçını inandırmaq lazımdı. Şarmlı xanım aparıcı bu yalanı daha elə təqdim edə bilər ki, sən onun yalan olduğunu bilə-bilə onu dinləyib, inanmağa məcbur qalırsan. Çünki efirdəki gözəl qadın səni artıq görünüşü ilə inandırıb.
(Davamı var...)
Tahirə Məmmədqızı
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb