“Məni nədənsə qıcıqlandırmaqdan daha çox zövq alırlar”

Anar Ağakişiyev: “Paxıllıq etməkdənsə, mənimlə dost olanları özümlə bir yerdə qabağa çəkəcək qədər böyük ürək sahibiyəm”
“Bu gün dünyanın bütün yerlərində gözəlliyə maraq var, bunun üçün sərmayə qoyulur”


Zövqlər müxtəlif olduğu kimi elə gözəlliyi yaradan stilistlərin də tərzləri fərqli olur. Necə deyərlər, bu işin peşəkarları gözəllik yaradıcıları sayıla bilir. Bəzən xanımların üzlərində, görünüşlərində bircə toxunuşları ilə gözəllik yaratmaq bacarığı isə hər stilistin bacarığı deyil. Bu sahədə təkcə peşəkarlıq, teknika deyil, ruhun olması da vacibdi. Yalnız ruhu ilə gözəlliyə bağlı insan qadın gözəlliyini bu qədər dərindən görə bilir.

Azərbaycanın tanınmış stilisti sayılan Anar Ağakişiyev də məhz qadın gözəlliyini toxunuşu ilə yarada bilən peşəkardı. Artıq dünya səviyyəsində imzası ilə tanınmağa başlayan Anar Ağakişiyevin "Şərq”ə maraqlı müsahibəsini oxucuların ixtiyarına təqdim edirik.

- Azərbaycanlı stilist olaraq barəndə dünyanın bir çox tanınmış mətbuat orqanlarında yazılara rast gəlirik. Bu günlərdə İngiltərənin, Rusiyanın nüfuzlu xəbər portallarında Anar Ağakişiyev barədə çox yazırlar. Bu marağı yaradan səbəb nə oldu?

- Bilirsiz, çox qürurverici faktdır ki, azərbaycanlı stilist barədə İngiltərənin, bir neçə Avropa ölkəsinin nüfuzlu media orqanları yazırlar. Əslində çox sevinirəm, etiraf edirəm. Mən bir çox dünyaca məşhur müsabiqələrdə Azərbaycanın bayrağını qaldırmışam, dövlətimizin adını öz sahəmdə tanıtmağa çalışmışam. Dünya çempionatlarında da iştirak etmişəm təbii ki. Amma etiraf edim ki, bu qədər böyük marağa səbəb olmamışdı. 17 illik işimin, təcrübəmin bəhrəsini görürəm.

- Xarici mətbuatın marağına səbəb olan azərbaycanlı stilistə xaricdən dəvətlər necə, gəlirmi?

- Çox maraqlı məqama toxunduz. Bəli, məhz dünya mediasının marağından sonra xarici ölkələrin bir çoxundan dəvətlər gəlir. Sifarişlər də çoxalır. Ona görə də çox sevinirəm. Avstraliyada barəmdə maraqlı yazılar çıxdı. İngiltərə mətbuatında da çox yazılar çıxdı. Azərbaycanda belə bir stilistin olması barədə danışırlar, bu məni qürurlandırır.

- Yəqin ki, Anarı qısqanan stilistlər oldu.

- Həm qısqanclıq, həm paxıllıq oldu. Əslində bu onların problemidir. Mənim uğurumu qəbul etmək istəmirlər. Amma bunu qəbul etməyə məcburdular. Bu informasiyanı da istəsələr də, istəməsələr də, qəbul etmək məcburiyyətindədirlər. Çünki bu faktdı. Düzünü desəm, bu qısqanclıqları ilə məni bir az da ruhlandırırlar. Belə hərəkətləri ilə məni qıcıqlandırırlar, məndə daha çox yeni işlər görməyə maraq yaradırlar.

- Yerli stilistlərin münasibəti sənə bu gün maraqlı gəlirmi?

- Yerli stilistlərin fikirləri məni qətiyyən maraqlandırmır. Çünki mən onlarla maraqlanmıram. Mən bir iş təqdim edirəm, ya paylaşıramsa, dərhal üstündən 2 saat sonra onu kopyalayıb nəsə sosial şəbəkədə yerləşdirmək istəyirlər. Ona görə də mənim fikrim yerli stilistlər üçün maraqlıdı. Mənim tərzim onların marağına səbəb olur. Onlar mənim üçün maraqlı deyil. Mənə maraq var deyə onlar məni qəbul etmək zorundadırlar. Həm də zorla da olsa, bunu qəbul etmək zorunda qalıblar. Bir el deyimimizdən istifadə edəcəm. Onlar mənim əlimə su tökməyə yaramırlar. Onlar indiki halda mənimlə mübarizəyə hazır deyillər. Əslində mən onların durumunda olsaydım, (şükr ki, mən onların durumunda deyiləm) üzərimdə çalışardım. Onların yerində olsam, çalışardım Anarın yanında olum, onun kövrək ürəyində özümə yer tapa bilim ki, nəsə öyrənə bilim. Anar dövlətinə, millətinə bağlı insandı. Mən bildiyimi goruma aparan deyiləm. Kiməsə nəsə öyrətməliyəm. Dostluğumu qazanın, sizə də bildiklərimi öyrədim. Mən onlar kimi paxıl deyiləm. Elə Rusiyanın, nə bilim. Fransanın stilisti tanımaqdansa, qoy azərbaycanlı stilist tanısın, sizə də yol açsın, sizə də dəstək olsun. Bilirsiz, bu gün dünyanın bütün yerlərində gözəlliyə maraq var, bunun üçün sərmayə qoyulur. Yəni insanlar, qadınlar gözəl görünmək üçün milyonlar xərcləyirlər. Ona görə də əslində bu sahədə hamının qazanmaq imkanı var. Hamıya yer tapılar. Mənə paxıllıq etməkdənsə, mənimlə dost olanları isə özümlə bir yerdə qabağa çəkəcək qədər də böyük ürək sahibiyəm. Amma məni nədənsə qıcıqlandırmaqdan daha çox zövq alırlar.

- Yerli məşhurlarımızın zövqləri də hər zaman müzakirəyə səbəb olur. Məşhurlarımız hələ də nəyi necə geyinmək lazımdı, bilmirlər.

- İnanın, mən yerli ulduzların zövqsüzlüyündən danışmaqdan yoruldum. Ancaq onlar bundan yorulmadılar.

- Əvvəl daha çox tanınmışlar qlamur stildə görünməyə can atırdılar. Hətta sadə insanlar da qlamur görünüşün arxasınca qaçırdı. Bu gün isə sanki fərqli bir tərz yaranıb.

- Qlamur tərz artıq arxada qaldı. Ötən il, ondan əvvəlki il daha çox qlamur tərz dəbdə idi, aktual idi. İndi isə minimalizm tərzi dəbdə olacaq. Keçən il stilist-faşion tərzi dəb idi. İndi minimalizm tərzi aktual olacaq.

- Anarın son vaxtlar vizajı, yaratdığı stil, bir toxunuşu ilə xanımları 10 il cavan göstərə bilmək bacarığı son vaxtlar daha çox müzakirə olunur.

- Bu mənim proyektimin bir hissəsi sayıla bilər. Xanımları 10 il cavan göstərə bilmək imkanlarını təqdim etməyə başladım. Bir çoxları elə düşünür ki, mən "10 il cavanlaş” layihəsində xanımların üzünə həddindən artıq çox qrim çəkirəm, tonal kremlərdən istifadə edirəm. Amma əsla belə deyil. Mən 16 yaşlı gənc qızın üzünə işlətdiyim kremi 50 yaşlı xanımın da üzünə eyni miqdarda çəkirəm. Sadəcə olaraq orda bəzi öz sirlərim var ki, onları açıqlamaq istəmirəm. Ola bilər gələcəkdə açıqlayım. Proyekt baxımından, ötən il iş yoldaşım Yeni il gecəsi üçün bir tədbirə gedirdi, yaşlı qadın idi. Onu hazırlayanda əvvəlki üzünün şəklini çəkdim və vizaj hazır olduqdan sonra çəkdiyim şəkli sosial şəbəkədə paylaşdım, çox böyük marağa səbəb oldu. Bunu layihə şəklində həyata keçirməyə qərar verdim və hər ayın xanımı olaraq bu layihədə iştirak edənlər oldu. May, aprel və digər ayların xanımı olaraq bu layihədə iştirak edənlər oldu. İlin sonunda bu layihəmdə iştirak edənləri bir dəfə də bir araya toplamaq niyyətim var. İlin 12 ayı ərzində bu layihədə iştirak edənləri dekabrda bir araya gətirəcəm. İndidən demirəm. Sürprizlər olacaq. Qaldı Flora Kərimovanı dəyişdirib, stilini fərqli təqdim etməyimə, həqiqətən marağa səbəb oldu. Flora xanımın özünün gözəl cizgiləri var. Mən də bir az bacarığımı ortaya qoydum. Daha doğrusu, onu görmək istədiyim şəkildə hazırladım. Mən onu öz baxışımla gördüm. Maraqlı da oldu.

- Sənə dostcasına, ya da fərqli şəkildə müraciət edib səndən nəsə öyrənmək istəyən stilistlər varmı?

- Dostcasına da, düşməncəsinə də mənə müraciət edənlər var. İnstaqram səhifəmə, direkte yazanlar da var. Mənə müraciət edənlər də çoxdu ki. Bizə dərs verin, öyrədin, master-klasslar təşkil edin. Qaldı yerli stilistlərə, yerli stilistlərimiz o qədər qürurludu ki, o qədər havadadılar ki, olmayan, görünməyən taclarını başlarından çıxara bilmirlər ki, gəlib məndən nəsə xahiş edə bilsinlər. O qədər çirkin düşüncəli insanlardılar ki, gəlib hətta öyrənsələr belə, qapıdan çıxanda deyərlər ki, Anar bizə öyrədib? Nə danışırsız? Biz Anara öyrətmişik. Yerli stilistlərimizin içindəki qurdlar ölməyənə qədər də heç kimə heç nə öyrətməyəcəm. İnsan paxıl olmamalıdır. Onsuz da Azərbaycanın bütün xanımlarını mən vizaj edə, bəzəyə bilmərəm. Onların hamısına mənim vaxtım çatmaz. Ruzini verən də Allahdı. Dünyanın bütün pulunu da mən qazana bilmərəm. Onları da bəzəməyə adam çatır. Bu qədər geri zəkalı, dar düşüncəli olmasınlar. Mən əvvəllər daha sadəlövh idim. İndi bir az dəyişmişəm. Mən nəyisə bacarmıramsa, deyirəm ki, bacarmıram, get filankəsin yanına. Ustadımın yanına göndərirəm ki, müştəri ora getsin. Yəni bu qədər paxıl olmasınlar, bir az insanlıq öyrənsinlər. Qurdlu olmasınlar.

Tahirə Məmmədqızı