“Mənim Firuzə xanıma pul borcum yoxdur”

İlhamə Quliyevanın oğlu iddia edir ki, Əli Mirəliyevin davası miras davasıdır



Müğənni Əli Mirəliyevin Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov barədə növbəti açıqlaması yenidən gündəmi zəbt edib. Bu dəfə Əli Mirəliyev Orxan Nadirovu dələduzluqda ittiham etməyə çalışıb. Müğənni indi də iddia edir ki, İlhamə Quliyevanın mənəvi oğlu Orxan Əməkdar artist Firuzə İbadovanı aldadaraq ondan böyük məbləğdə pul alıb. Əli Mirəliyev Orxan Nadirov barədə danışarkən onu dələduzluqda ittiham edib.

Onun sözlərinə görə, Orxan haqqında onda çox məlumatlar var ki, mətbuatın bunlardan xəbəri yoxdu: "Orxan dostu Vüqarla birgə Firuzə xanımdan 7 min manat pul alıb ki, qızını işə düzəldəcək. Həmin pulun 2500 manatını qaytarıb, amma 4 min manatdan çox pul borcludur. Firuzə xanım dəfələrlə bizim evə zəng edib, deyib ki, "İlhamə xanım həyatda yoxdur. Pulumuzu kimdən alaq?” Qızım da deyib ki, sən bilmirsən ki, Orxan İlhamənin oğlu deyil? Onun işləri tək bununla bitmir. Çox insanları aldadıb. Mənə maraqlıdır ki, dayısının arvadı Sevil xanım onun üzünə duranda ki, "sən filan iş adamlarına pul atmısan” bu nə cavab verəcək? Özü də ki, Orxangil bir qrupdur. Qruplarının başçısı da Orxanın həyat yoldaşı Arifədir. Burada jurnalistlərin, mətbuatın bilmədiyi məsələlər var” bildirib.

Məsələyə aydınlıq gətirmək üçün Əməkdar artist Firuzə İbadova ilə əlaqə yaratdıq. Əli Mirəliyevin nə dərəcədə haqlı olub-olmadığını soruşduq. "Şərq”ə açıqlama verən Firuzə İbadova "Mən hələ də başa düşə bilmirəm ki, Əli Mirəliyev mənim adımı məndən icazə almadan necə hallandıra bilir. İlhamə xanımın hələ kəfəni cırılmamış kimlərsə miras davası edirsə, mənim adımı çəkməsinlər. Əli Mirəliyev İlhamə xanımın mirasına sahib olmağa çalışır. Miras davasına

görə hər yola əl atır. Bu məsələlərdə mənim adımı çəkməsinlər, hallandırmasınlar. Əli Mirəliyev kimdir axı mənim borcumun dərdini çəkir? Orxan məndən pul alıb, ya qeyri Orxan mənə pul borcludu, bunun Əli Mirəliyevə heç bir aidiyyəti yoxdu. Əli Mirəliyev miras davası çəkir. Deyir qızı Samirə 5 ildi İlhamə xanımın qulluğunda durub. Ayıbdı. Bu boyda yalan olmaz. Mən 30 ildi İlhamə Quliyevanın yanıda Orxanı görmüşəm, onun xəstəxanada da qulluğunda oğlu dayanıb, hara da gedirdisə, Orxan onu tək qoymayıb. Yenə desin ki, 1-2 ayda arada gəlib Əlinin qızı İlhamə xanıma baş çəkib, deyərəm ola bilər. Yalandan deyirsən ki, qızım İlhamə xanımın qulluğunda durub, 5 il onun evində ona baxıb. Bu yalandı. Mən İlhamə xanıma ən yaxın dostlardan biri olmuşam, evində də tez-tez olurdum. Mən Əlinin qızını onun yanında ona qulluq edən görməmişəm. Əgər 1-2 ayda qulluğunda durubsa, bu ona haqq vermir ki, İlhamə xanımın mirasına sahib olmalıdır. Deməli, Əli Mirəliyevin də, qızının da İlhamə xanıma baş çəkərkən məqsədləri olub. Ona baş çəkərək mirasa sahib olmaq istəyiblər. Ona görə də miras davasında Əli mənim, başqalarının adını çəkməsin. Əli Orxanın adını belə söz-söhbətlərlə ləkələməyə çalışır, onu gözdən salmaq istəyir. Pul söhbətinə də gəlincə, mən pulu Vüqara vermişəm. Məbləğin də bir hissəsi mənə qaytarılıb. Birdəki bu pul söhbətinin heç kimə aidiyyəti yoxdu. Mən Orxanla danışmışam. Məsələyə də aydınlıq gətiriləcək. Mən Orxana pul verməmişəm. Pulu Vüqara vermişəm. Ona görə də Əli Mirəliyev Orxanın adını ləkələməyə çalışmasın. Mən 40 ildi sənətdə olan insanam. Bəli, insanlara da tez inanıram. Amma böhtan atmaqdan qorxuram. Allah göydə görür. Ayıbdı. Orxan İlhamə xanımın yadigarıdır. Sağ olanda Əli Mirəliyev İlhamə xanıma bir kəlmə söz deyə bilməzdi. İndi onun uşağını niyə gözdən salır? Yıxılanı vurmazlar. Orxan bu gün həyatının çətin dönəmini yaşayır. Ona dəstək olmaq əvəzinə, baltalayırlar. Çünki hamı miras davasını çıxıb. Mən İlhamə Quliyevanın da ağzından onu eşitmişəm ki, mənim var-dövlətim Orxanın, nəvəm Ruslanındı. İndi Əli Mirəliyevin dərdi nədi, onu bilmirəm. Əslində hamı bilir e... Əli İlhamə xanımın mirasının davasını çəkir ki, qızına nə isə qalsın. Amma adam gərək Allahından qorxsun. Əliyə mənim adımı bir də hallandırmasını da qadağan edirəm. Ayıbdı. Mənə lazım deyil ki, adım belə xoşagəlməz miras davası üzündən kimlərinsə ağzında hallansın. Orxanla mənim də aramızda olan pul söhbətinin heç kimə aidiyyəti yoxdu. Orxanın mənə borcu yoxdu. Allah Orxana da səbr versin. Çünki İlhamə xanımın mirasına göz dikənlər hələ çox olacaq”.

Əməkdar artist Firuzə İbadovaya borclu olduğu iddia edilən Orxan Nadirov da "Şərq”ə bu barədə açıqlama verdi: "Firuzə xanım sizə nə lazımdısa, deyib. Mən nə deyim ki? Mənim Firuzə xalaya hər zaman böyük hörmətim olub. Sağ olsun, o da sizə lazımi açıqlama verib. Firuzə xanım mənim əlimə pul verməyib, mən ondan pul almamışam. Firuzə xanım Vüqara pul verib. Mən bu məsələdə imkan qədər çalışmışam ki, Firuzə xalaya kömək edim. Yenə də deyirəm ki, mən Firuzə xanımdan pul almamışam. Amma imkanım çatdığı qədər ona kömək etməyə çalışacam. Gücüm nə qədərinə çatsa, ona yardım edəcəm. Amma mən Firuzə xanımdan pul almamışam. Özü də bunu sizə söyləib. Qaldı Əli Mirəliyevin bu açıqlaması, bir daha onu göstərir ki, bu insan məni ləkələmək üçün hər vasitəyə əl atır. Niyə açıq şəkildə deməyə cəsarət etmir ki, bütün bu savaşlar miras üstündədi və Əli Mirəliyev İlhamə xanımın mirasını mənimsəmək istəyir. Mən artıq bu söz-söhbətlərdən o qədər yorulmuşam ki, inanın danışmaq istəmirəm. Sizə ötən gün açıqlama verərkən də Əli Mirəliyevə sözümü çatdırdım. Onun həqiqətdən uzaq, məntiqsiz ittihamları cavabsız qalmayacaq. Əli məhkəmədə lazımi cavabını alacaq. O hələ də bu dövlətin qanunlarından xəbərsizdi. İstədiyin vaxt kiminsə şərəf və ləyaqətini alçaltmaq, işgüzar nüfuzuna xələl gətirmək olmaz. Buna görə dövlətin qanunları ilə məsuliyyətə cəlb olunarsan. Əli Mirəliyev, məhkəmə sənin üçun şou-biznes deyil ki, kimə hansı atmacanı istəsən, atasan.

Demisən, məni anamın ölümündə suçlamısan. Sözünü sübut etməlisən. Əks təqdirdə... Nə isə. Düşünürəm ki, yetərincə açıqlama verdim. Firuzə xanıma böyük hörmətim var və mən ona pul borclu deyiləm”.

Tahirə