Amma əksinə olaraq ölkəmiz əleyhinə açıq erməni təxribatına şərait yaradır
Rusiyadakı bir sıra qərəzli qüvvələr hər vəchlə Azərbaycanın milli maraqlarına qarşı Ermənistana dəstək verirlər
Xəbər verdiyimiz kimi, Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın XİN sözçüsü Mariya Zaxarovanın Dağlıq Qarabağın qondarma rəhbəri Bako Saakyanın Moskva səfəri barədə açıqlamasını şərh edib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib ki, sanki, Bako Saakyan Azərbaycanın işğal olunmuş ərazilərində gücdən istifadə və etnik təmizləmənin aparılması nəticəsində yaradılan qeyri-qanuni qurumun sözdə "rəhbəri” qismində görüşlər keçirdiyi Moskvaya deyil, Baykal gölünə istirahətə gedib.
Qurum rəsmisinin sözlərinə görə, Saakyanın Rusiyaya səfəri beynəlxalq müqavilələrə və ya Dağlıq Qarabağ münaqişəsinin həllində Kremlin vasitəçilik missiyasına ziddir:
"Xatırlatmaq istərdik ki, 1997-ci ildə imzalanmış Azərbaycanla Rusiya arasında Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilənin 5-ci maddəsində açıq şəkildə qeyd edilir ki, tərəflər separatçı hərəkatları dəstəkləməməyi öhdələrinə götürür.
Digər tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəldilmiş ayrı-ayrı şəxslərin fəaliyyətini qadağan edir və qarşısını alır. Əgər bu, həqiqətən Azərbaycan ərazisindən olan bir şəxsin Rusiyaya şəxsi səfəridirsə, ona Rusiyanın dövlət sərhədindən keçmək üçün müvafiq sənədin təqdim edilməsi ilə bağlı tələblər tətbiq olunubmu?”. Məlumat üçün deyək ki, ötən gün Rusiya XİN təmsilçisi Mariya Zaxarova separatçı Bako Saakyanın Moskvaya şəxsi təşəbbüsü ilə səfər etdiyini, burada hansısa qanun pozuntusu olmadığını iddia edib.
Məsələni "Şərq”ə dəyərləndirən politoloq Məhəmməd Əsədullazadə deyib ki, İrəvanda yeni hökumət Rusiyaya qarşı əks siyasət aparır. Ancaq Moskvanın bu cür siyasəti Ermənistana dəstək fonunda həyata keçirilir:
"Məntiqlə düşündükdə, əslində Kreml Ermənistana qarşı müəyyən ölçülər götürməlidir. Amma əksinə olaraq ölkəmiz əleyhinə açıq erməni təxribatına şərait yaradır. İnanmaq istərdik ki, bu, birbaşa Kremldə ən yüksək səviyyədə qəbul olunan qərar deyil. Hadisələrin inkişafı göstərir ki, bəzi məqamlarda Kreml də erməni lobbisinin müəyyən təsirlərinə məruz qalır. Rusiyada bəzi dairələr Azərbaycanın əleyhinə və dövlət maraqlarımıza qarşı bəyanatlar irəli sürürlər. Bu, iki ölkə arasında qonşuluq əlaqələrinə və ikitərəfli müqavilələrə ziddir.
ABŞ-ın Ermənistandakı keçmiş səfiri Millsin ötən ay İrəvanda işğal olunmuş ərazilərin qaytarılması barədə çıxışı Moskvada birmənalı qarşılanmadı. Rusiya XİN səviyyəsində buna etiraz edildi. Bundan sonra Qarabağdakı separatçıların "lideri” Bako Saakyan Moskvaya gedərək ölkəmiz əleyhinə mesajlar verdi. Ancaq Rusiya XİN rəsmisi Mariya Zaxarova bunu qeyri-rəsmi səfər adlandırdı. Azərbaycanın siyasi etirazının əsassız olduğunu dedi.
Ardınca rusiyalı politoloq Vladimir Yevseyev Azərbaycana "dərs vermək” üçün Bakını "İsgəndər” raketləri ilə vurmağı təklif etdi. Göründüyü kimi, Azərbaycan və Rusiya prezidentlərinin sentyabr ayında görüşündə 21 sənədin imzalanması, "beş illik yol xəritəsi"nin qəbul olunması Rusiyada erməni lobbisini hərəkətə gətirib. Ölkəmiz əleyhinə Rusiya XİN səviyyəsində sabotajlar həyata keçirilir. Hazırda bəzi rus siyasətçilər Ermənistanın Azərbaycana qarşı işğalçı və informasiya siyasətinin ruporuna çevriliblər”.
Analitikə görə, Qərbin Rusiyaya qarşı siyasətinin kəskinləşdiyi bir dönəmdə, həmçinin öz forpostu Ermənistanın Moskvaya qarşı açıq şəkildə demarşları fonunda rəsmi Bakının Moskva ilə əlaqələri yüksək səviyyəyə qaldırmaq siyasətinə qısqanclıqla yanaşılır:
"Rusiyadakı bir sıra qərəzli qüvvələr hər vəchlə Azərbaycanın milli maraqlarına qarşı Ermənistana dəstək verirlər”.
İsmayıl