“Gənclərə səslənirəm, əl çəkin qumardan”
Mərc oyunları...
Vətəndaşlardan udulan pullarla idmançılar xaricdə kef çəkirlər
“Gənclərə səslənirəm, əl çəkin qumardan”
“Gənclərə səslənirəm, əl çəkin qumardan”
"Topaz” idman mərc oyunlarının ailələrə bədbəxtlik gətirdiyi sirr deyil. İllərdir, ictimaiyyət nümayəndələri də, ziyalılar da, millət vəkilləri də mərc oyunlarının ailələrin dağılmasına, insanların faciələrlə üzləşməsinə səbəb olduğunu deyir, lakin bu rəsmi qumar oyunu qadağan edilmir. Əksinə, günü-gündən əhatəsini genişləndirir.
Parlamentin ötən iclaslarından birində "Bədən tərbiyəsi və idman haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən idman mərc oyunlarına nəzarət Gənclər və İdman Nazirliyindən alınaraq yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasına verilir.
Bu da deputatlar arasında fikir ayrılığına səbəb olub. Çıxış edən deputatlar öz dilləriylə idman mərc oyunları sayəsində maliyyə imkanları əldə etdiklərini deyiblər. Belədə mərc oyunlarından niyə imtina edilməməsinin səbəbləri də gün üzünə çıxıb. Demə, qazanılan pullar idman federasiyalarının maliyyələşdirilməsinə, idmançıların xarici səfərlərinə, federasiya işçilərinin əmək haqqı almasına və s. sərf olunurmuş. Müzakirələrdə xüsusilə Kik-boks Federasiyasının prezidenti deputat Adil Əliyev fəallıq göstərib və idman mərc oyunlarına nəzarətin Gənclər və İdman Nazirliyindən alınmasına etiraz edib. Gənclər və İdman Komitəsinin sədri, millət vəkili Fuad Muradov, millət vəkili Rauf Əliyev, Naqif Həmzəyev isə dəyişikliyin şəffaflığın təmin edilməsinə yönəldiyini bildiriblər. Deməli, parlament idman mərc oyunlarının keçirilməsini bir daha qanuniləşdirib.
Adına nə deyilsə də, idman mərc oyunları birbaşa qumardır. Pul qoyursan, uda da bilərsən, uduza da. Uduzanlarsa udanlardan qat-qat çoxdur. Bunu heç kim təkzib edə bilməz. Zatən, udanlar çox olsaydı, mərc oyunlarından az qazanc əldə edilərdi ki, bu da idman federasiyalarına sərf etməzdi. Oyunları məhz böyük gəlir əldə etmək məqsədilə keçirirlər.
Bəs görəsən, gününü "Topaz” ofislərində keçirənlər, arvad-uşağının boğazından kəsib qumara qoyduğu pulların kimlərinsə cibinə getdiyini niyə fərq etmirlər?
Ağrılı problem barədə danışan tanınmış vəkil Qurban Məmmədov idman mərc oyunlarına qurşananların, futbol oyunlarının nəticələrinə "kafisent” yazanların gözlərinin pərdəli olduğunu dedi:
- Mən həmişə xüsusilə gəncləri ayıltmağa çalışmışam ki, bu mərc oyunlarından əl çəksinlər. İdman mərc oyunları qumardır. Sadəcə, adını dəyişib müasirləşdiriblər. Deyirlər, bütün dünyada bu var, biz də dünya təcrübəsini öyrənmişik və tətbiq edirik. Nəyinsə dünya təcrübəsində olması hələ o işin yaxşı, xeyirli olması anlamına gəlməməlidir. Bəli, dünyada idman mərc oyunları var. İnsanlar müxtəlif idman yarışlarına külli miqdarda pul qoyurlar. İstər it boğuşdurmaq olsun, istər at çapmaq. Artıq çoxdan təsdiq olunub ki, futbol bir biznesdir. Konkret şəxslər idmanın bu növündən milyardlar qazanır. Bəli, sadəlövh, bir az ağır çıxsa da, başıboş insanların hisslərindən və müəyyən qədər də ehtiyaclarından istifadə edərək, insanları aldatmaq yoluyla gəlir əldə edirlər. İndi soruşuram, bizim ölkədə idman mərc oyunlarından milyonlar əldə edən bir sadə vətəndaş tanıyırsınızmı? Uzaqbaşı bir-iki nəfərin hansısa oyunun nəticələrinə dair verdiyi proqnoz təsadüfən özünü doğruldub, kimsə 5-3 manat pul qazanıb deyə, bunu kütləvi şəkildə reklam etmək insanların maddi sıxıntılarından yararlanıb onları qumara cəlb etmək qəbulolunmazdır. Bu elə bir sahədir ki, uduzan udandan həmişə çox olacaq. Amma udanları önə verib yüzlərlə insanı cəlb edəcəklər ki, gəl, sən də oyna, qazan. Allah insana ağıl, dərrakə verib, ona nəyin haram, nəyin halal, nədə xeyir, nədə zərər olduğunu göstərib. Allah-təala insana buyurur ki, qumar haramdır. Bundan sizin üçün zərər vardır. Bu dünyada da zərərə uğrayacaqsınız, o dünyada da. İnsan bunu başa düşmür, qəbul etmirsə, hara qədər gedə bilir, qoy getsin. Sonu bütün hallarda uçurumdur. Biz bunu illərdir görürük. Cavan ailələr bu mərc oyunları ucbatından dağılır, məhv olur. İnsanlar ev-eşiklərini satıb səfil vəziyyətə düşürlər. Mən gənclərə müraciət edirəm ki, bu işdən əl çəksinlər, harama qurşanmasınlar. Öz pullarının, qazanclarının qədrini bilsinlər, qazanclarını ailələrinə, valideynlərinə, uşaqlarına, xeyirli işlərə sərf etsinlər. Ötəri qazanca aldanıb həyatlarını məhv etməsinlər. Ağılları, güc-qüvvələri ilə zəhmət çəkib halal qazanc əldə etsinlər. Qumar bu dünyada da, o dunyada da rüsvayçılıqdı. Bu dünyada necə rüsvayçılıq olduğu onsuz da görünür. Elə bu məntiqlə düşünüb o dünyada da rüsvay olacaqlarını bilsinlər. Bilirsiz, bəzi insanlarda nəfs ağıla üstün gəlir. Bir dəfə udur, iki dəfə udur, elə bilir, həmişə udacaq. Qumarın yanlış cazibəsi elə budu. Udanda elə bilirsən yenə qazanacaqsan. Amma birdən elə bir uçuruma düşürsən ki, heç kim səni çəkib çıxara bilmir. Batdıqca, batırsan. İnsan adi bir həqiqəti dərk etmir ki, niyə mənim qazancımla kimlərsə böyük gəlirlər əldə etməlidir?! Niyə mən öz pulumu kimlərəsə peşkəş etməliyəm? Mənim pulumu niyə kimlərsə dövriyyəyə buraxıb kef eləməlidi? Həm də səfil duruma düşməyim sayəsində. Mərc oyunlarına aludə olanlar bunu fikirləşməlidir.
Məlahət Rzayeva