Merkel Rusiyanı Qarabağ münaqişəsinə “hakim” təyin edir

Almaniya münaqişəyə prinsipial münasibət sərgiləməkdən çəkinir




"Rusiya Qarabağ münaqişəsinin həllində açar rolunu oynayır”. Bunu Almaniya kansleri Angela Merkel deyib. Merkel bildirib ki, Almaniya münaqişənin diplomatik və sülh yolu ilə həllini istəyir: "Düşünürəm ki, tərəflər danışıqlar masası arxasında əyləşməlidir. Biz təkcə həmsədrlərin deyil, bütün Minsk Qrupunun bu prosesdə fəal iştirakını dəstəkləyirik”. Bununla yanaşı, Almaniya kansleri vurğulayıb ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində müsbət rol oynayır: "Biz burada Minsk Qrupunun həmsədrləri olaraq Rusiya hökumətini, habelə ABŞ və Fransa hökumətlərini dəstəkləmək üçün öz əlaqələrimizdən istifadə edəcəyik”. Merkelin açıqlamasını dəyərləndirən politoloq Qabil Hüseynli deyib ki, kanslerin Rusiya ilə bağlı ifadələri Almaniya kimi bir dövlətə yaraşmır: "Bir ölkə digər bir dövlətin ərazisinə təcavüz edir, ərazisini işğala məruz qoyur. Amma hər zaman demokratiyadan və ədalətdən dəm vuran Almaniya münaqişəyə prinsipial münasibət sərgiləməkdən çəkinir. Əksinə, problemin həlli yolunun Rusiyanın əlində olduğunu iddia edir. Bu cür yanaşma güclü bir dövlətin başında duran şəxsə ancaq ləkə gətirə bilər. Çünki bu gün Qərb dövlətləri ilə Rusiya arasında gərginlik hökm sürür. Ancaq Almaniya kansleri Merkel Krımın işğalında günahlandırdığı Rusiyanı "hakim” təyin edir. Sanki Merkel bölgədəki kiçik dövlətlərə "Rusiyaya tabe olun” mesajı verir. Bu baxımdan hesab edirəm ki, onun Azərbaycanla bağlı sözləri ürəkağrıdıcıdır”.

İsmayıl