Müşfiq Ələsgərli: “Medianın sürətli inkişafı onu göstərir ki, cəmiyyət media ilə münasibətlərə kifayət qədər önəm verir”
Mətbuat-cəmiyyət münasibətlərində problemlər yoxdur
Azər Həsrət: “Həm ictimai-siyasi proseslər, həm də ədəbi-bədii məsələlərin müzakirəsi zamanı mətbuat “sinifdə qalmır”
Müşfiq Ələsgərli: “Medianın sürətli inkişafı onu göstərir ki, cəmiyyət media ilə münasibətlərə kifayət qədər önəm verir”
Müşfiq Ələsgərli: “Medianın sürətli inkişafı onu göstərir ki, cəmiyyət media ilə münasibətlərə kifayət qədər önəm verir”
Xanlar Xoca: "Media əsasən Bakı və ona yaxın ərazilərlə işləyir”
Vüqar Rəhimzadə: "Mətbuatla cəmiyyət arasındakı münasibətlərin tənzimlənməsi istiqamətində Mətbuat Şurası da kifayət qədər uğurlu layihələr həyata keçirib”
(... əvvəli ötən sayımızda)
Azərbaycanda daima demokratiyanın vacib amillərindən biri kimi söz, mətbuat azadlığının təmin olunması, azad mətbuatın inkişafı prioritet istiqamətlərdən biri olub. Milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçi olub, müstəsna xidmətlər göstərib.
Hər bir mətbuat orqanı ictimaiyyətin gözləntilərini hansı səviyyədə yerinə yetirdikləri ətrafında daim düşünməli, özü qarşısında bir hesabat verməlidir. Cəmiyyətin güzgüsü kimi dəyərləndirilən mətbuatın əsas prinsipləri obyektivlik, qərəzsizlik, vətənpərvərlik olmalıdır. Bu üç amilin vəhdətliyi fonunda daha dolğun, ölkənin bu günü və gələcəyi üçün daha önəmli məsələlərin müzakirəsinə və həllinə xidmət edən yazılar ortaya çıxar.
Müasir dövrdə mətbuat, kütləvi informasiya vasitələri cəmiyyətin kamilləşməsində, maariflənməsində, ictimai rəyin formalaşmasında misilsiz rol oynayır və bu vəzifələri çox müxtəlif üsullarla gerçəkləşdirir.
Mətbuat cəmiyyətin aynası olmaqla yanaşı, həm də onun maarifləndirilməsi işində yaxından iştirak edən bir sahədir.
Çünki jurnalistika fərdləri deyil, kütləni, cəmiyyəti kamilliyə çağırır. Yaranışından sözü sərbəst, azad ifadə etmək hüququ uğrunda hakim dairələrlə ölüm-dirim mübarizəsinə girən jurnalistika, əslində, cəmiyyəti, onun üzvlərini, onu idarə edənləri kamil görmək arzusunun gerçəkləşməsini istəyib. Əlbəttə, eyni arzu, eyni istək, bütövlükdə sənətin, xüsusilə bədii sənətin mahiyyətinə də daxildir. Bədii söz sənətinin böyük karifeyləri cəmiyyətin kamilləşməsi yolunda min bir zillət çəkib.
Jurnalistikanın, kütləvi informasiya vasitələrinin cəmiyyətə təsiri çox güclüdür və geniş radiusu təşkil edir. Belə bir möhtəşəm gücə malik ictimai, kütləvi institut ictimai həyatın kamilləşməsi üçün öz üzərinə öhdəliklər götürür. Bu öhdəliklərdən biri və başlıcası onun nöqsanları aşkar etmək və göstərmək işi ilə bağlıdır. Jurnalistikanın "dördüncü hakimiyyət” rolunda çıxış etməsi bu vəzifədən irəli gəlir.
Ölkədə demokratiya, plüralizm, fikir və söz azadlığının əsas daşıyıcılarından biri olan media insanların cəmiyyətin idarə olunmasında iştirakını labüdləşdirdi, onları ölkənin taleyüklü məsələlərində daha məsuliyyətli və fəal olmağa səfərbər edib. İnsanlarda ölkə, Vətən, xalq üçün, onun taleyi üçün bir sahiblik, bir məsuliyyət hissinin formalaşmasına xidmət edən əsas qüvvələrdən biridir. Mətbuat insanlarda ictimai fikirlər, inam və sosial fəallıq formalaşdırmaqla, onları müəyyən fəaliyyətə istiqamətləndirir.
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASFEN) sədri Azər Həsrətin sözlərinə görə, müəyyən çatışmazlıqlara rəğmən Azərbaycanda media ilə cəmiyyət arasındakı münasibətləri normal hesab etmək olar: "Azərbaycanda yeni texnologiyaların tətbiqi ilə əlaqədar olaraq media-cəmiyyət münasibətlərində zaman-zaman müəyyən problemlər ortaya çıxır. Bəzən hansısa anlaşılmazlıq və ya yanlış anlamalar səbəbindən media cəmiyyəti, cəmiyyət də medianı başa düşməkdə çətinlik çəkir.
Amma ümumilikdə deyə bilərəm ki, medianın cəmiyyətə inteqrasiyası, cəmiyyətin özünün mediaya münasibəti bizdə normal səviyyədədir. Yəni müəyyən problemlər olsa da, bu sahədə vəziyyət o qədər də qorxunc və dəhşətli deyil. Eyni zamanda Azərbaycan mediası hər kəs üçün açıq olduğuna görə, insanlar rahat şəkildə öz mövqelərini istənilən media orqanı vasitəsilə çatdıra bilirlər. Bu da vətəndaşlarla qarşılıqlı anlaşmaya səbəb olan amillərdən birincisidir”.
A.Həsrətin sözlərinə görə, media cəmiyyətdə baş verən proseslərə də kifayət qədər təsir edə bilir: "Azərbaycan mətbuatı hər zaman və çox fəal şəkildə cəmiyyətdə baş verən proseslərin önündə gedir. Həm ictimai-siyasi proseslər, həm də ədəbi-bədii məsələlərin müzakirəsi zamanı mətbuat "sinifdə qalmır”. Hətta bir çox hallarda bu cür məsələlər məhz mətbuat vasitəsilə cəmiyyətdə öz aktuallığını qoruyur. Onu da deyim ki, cəmiyyətin özü də media ilə münasibətlərin daha yüksək səviyyədə inkişaf etdirilməsi üçün əlindən gələni edir. Yəni xalqın ziyalı, düşünən kəsimi bu proseslərdə fəal şəkildə iştirak edir və media ilə əməkdaşlığa hər zaman yüksək önəm verir”.
Mətbuat-cəmiyyət münasibətlərinin tənzimlənməsində jurnalist təşkilatlarının roluna gəldikdə isə CASFEN sədri bu sahədə müəyyən çatışmazlıqlar olduğunu dilə gətirib: "Açığını deyim, hətta etiraf edim ki, cəmiyyət-media münasibətlərinin tənzimlənməsində jurnalist təşkilatlarının rolu bir o qədər də hiss olunmur. Bir təşkilat rəhbəri olaraq, medianın inkişafı istiqamətində müəyyən tədbirlərin təşkil olunduğunu, layihələrin keçirildiyini də qeyd etməliyəm. Amma bütün bu işlər media təmsilçiləri arasında həyata keçirilir. Bütövlükdə, cəmiyyətdə jurnalist təşkilatlarının fəaliyyəti bir o qədər də qabarıq hiss olunmur.
Mətbuat-cəmiyyət münasibətlərinin tənzimlənməsində başlıca rol jurnalist təşkilatı sayılmasa da, Mətbuat Şurası oynayır. Faktiki olaraq media sahəsində "avtoritet” kimi qəbul olunan bu qurum media ilə bağlı əsas problemlərin həllində yaxından iştirak edir. Əlində olan səlahiyyətlər fonunda bütün anlaşılmazlıqlara aydınlıq gətirməyə çalışır”.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin qənaətincə, mətbuat-cəmiyyət arasındakı münasibətləri kifayət qədər qənaətbəxşdir: "Son zamanlar mediada keyfiyyət baxımından müəyyən dəyişikliklər hiss olunsa da, münasibətlərdə elə bir ciddi gərginlik hiss olunmur. Keyfiyyət dəyişikliklərinə səbəb də onlayn medianın jurnalistikaya nüfuz etməsindən sonra ənənəvi medianın öz yerini ona verməsindən ibarətdir. Ancaq cəmiyyətin informasiya təminatı baxımından heç bir çatışmazlıq yoxdur.
Azərbaycan cəmiyyətinin oxucu kütləsini nəzərə alsaq, insanların media qurumlarına münasibətini müsbət mənada duymaq olur. Ən azından cəmiyyətdə elə bir hadisə, elə bir fakt yoxdur ki, mətbuatın diqqətindən kənarda qalsın. Cəmiyyət üçün qaranlıq qalan bütün proseslər lazımi qaydada təhlil olunaraq oxuculara çatdırılır. Medianın sürətli inkişafı onu göstərir ki, cəmiyyət media ilə münasibətlərə kifayət qədər önəm verir”.
M.Ələsgərli deyib ki, Azərbaycan postsovet məkanında ilk dövlətlərdən biridir ki, burada mətbuat-cəmiyyət münasibətlərinin tənzimlənməsində özünütənzimləmə mexanizmləri qurulub: "Mətbuat Şurası ölkənin bütün media sferasını özündə birləşdirir. Bu qurumun əsas missiyası da dövlət-cəmiyyət və cəmiyyət-media münasibətlərini tənzimləməkdən ibarətdir. Mətbuat Şurasının ötən illər ərzində əldə etdiyi nailiyyətlər də deməyə əsas verir ki, bu istiqamətdə fəaliyyəti kifayət qədər uğurlu alınıb”.
"Yenilik. az” saytının baş redaktoru Xanlar Xoca isə Azərbaycanda medianın cəmiyyətlə münasibətinin çox zəif olduğunu düşünür. Onun sözlərinə görə, media əsasən Bakı və ona yaxın ərazilərlə işləyir. Cəmiyyət isə bütün Azərbaycan xalqıdır: "Media olaraq rayonlarımızdan, orada yaşayan vətəndaşlarımızın düşüncələrindən, istək və arzularından xəbərsizik. Hazırda sosial şəbəkələr bizi rayonlarda yaşayan vətəndaşlarımızla qismən yaxınlaşdırır, amma hesab edirəm ki, bu azdır. Məsələn, sorğu keçiriləndə ancaq Bakı və Sumqayıt yada düşür, halbuki ola bilər
hansısa məsələyə Gəncə, Şamaxı, Lənkəran, Qazax əhalisi başqa cür münasibət bəsləyir. Biz onların da fikrini öyrənməliyik. Amma təəssüf ki, hazırda bu mümkün deyil. Bunun da əsas səbəbi medianın maddi vəziyyətinin zəif olmasıdır”.
Azərbaycanda mətbuat-cəmiyyət münasibətlərinin sağlam əsaslar üzərində qurulduğunu deyən "İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin sözlərinə görə, mətbuat-cəmiyyət münasibətləri qarşılıqlı faydalı, biri-birinin maraqlarına uyğun şəkildə inkişaf edir. Mətbuat-cəmiyyət münasibətləri öz mənafelərinə dəstək və xüsusilə də dövlətin, medianın həm bugünkü, həm də sabahkı inkişaf yollarında meydana çıxa biləcək problemlərin aradan qaldırılması istiqamətində işlək mexanizmlərin tətbiqi formasındadır: "Cəmiyyətdə ictimai rəyin formalaşmasında mətbuatın danılmaz rolu var. Amma çox təəssüflər olsun ki, yalan informasiyalar üzərində öz dəsti-xəttini quran media orqanları da var ki, ictimai rəyə təsir etməyə çalışır, ciddi mətbuatın fəaliyyətinə kölgə salmağa cəhd göstərirlər. Bu da jurnalistikaya tamamilə yad olan insanların bu sahəyə axın etməsi, əsas fəaliyyətlərinin qeyri-ciddi informasiyaların yayılmasına yönəlməsindən irəli gəlir. Amma bütün bunların fonunda Azərbaycanda kifayət qədər ciddi jurnalistika, öz işini-peşəsini dərindən bilən, ictimai rəyə yaxşı mənada təsir göstərən media orqanları formalaşıb. Onların fəaliyyəti fonunda bu münasibətlərin inkişafa doğru irəlilədiyini görmək olar. Mexanizmlər sağlam əsaslar üzərində tənzimləndiyindən mətbuat-cəmiyyət arasında qarşılıqlı əlaqələr mövcuddur. Bu münasibətlərə kölkə salan yeganə nüans "reket”çiliklə məşğul olan bəzi mətbu orqanlardır ki, onları istisna etməklə mətbuatla cəmiyyət, mətbuatla dövlət arasındakı münasibətlərin yüksək keyfiyyətli formada stabil olaraq inkişaf etdiyini vurğulamaq olar. Ən əsası odur ki, bu münasibətlərdə şəffaflıq var”.
Azərbaycan mətbuatı üzərində hər hansı dövlət nəzarət mexanizminin mövcud olmadığını vurğulayan V.Rəhimzadənin sözlərinə görə, ölkədə müstəqil media formalaşıb. Təbii ki, bu istiqamətdə ölkə başçısının göstərdiyi diqqət və qayğını da xüsusi vurğulamaq lazımdır ki, bu da mətbuat-dövlət münasibətlərinin ən yüksək səviyyədə olmasının göstəricisidir: "Mətbuatın 130 illiyi ilə bağlı ölkə başçısının sərəncamı ilə "əməkdar jurnalist” adının bərpa olunması jurnalistikanın inkişafına verilən ən böyük töhfələrdən biridir”.
Baş redaktorun sözlərinə görə, mətbuatla cəmiyyət arasındakı münasibətlərin tənzimlənməsi istiqamətində Mətbuat Şurası da kifayət qədər uğurlu layihələr həyata keçirib”.
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb