Mətbuat milli maraqları hər şeydən üstün tutmalıdır

Elçin Mirzəbəyli: “Media sahəsində fəaliyyət göstərən kifayət qədər vətənpərvər insan var ki, onlar hər zaman Azərbaycan dövlətinin və cəmiyyətinin maraqlarını hər şeydən üstün tuturlar”
Yadigar Məmmədli: “Narahatedici məqam yeni media vasitələrinin fəaliyyəti ilə bağlıdır”


Ölkəmizin dövlət və ictimai maraqlarının müdafiəsinə hər bir siyasi, ictimai, yaradıcı təşkilat öz töhfəsini verməlidir. Dövlətimizin suverenliyini, təhlükəsizliyini qorumaq, milli maraqlarımızın müdafiəsinə çalışmaq hər bir fərd və ya təşkilat üçün əsas meyar olmalıdır. Xüsusilə də, ölkə mediasının dövlət və ictimai maraqların müdafiəsində rolu hər zaman diqqət mərkəzində dayanıb. KİV-də dövlət maraqlarının milli və ictimai müdafiəsinin mühüm milli və ictimai vəzifə olması ilə bağlı maarifləndirmə işinin aparılması, eyni zamanda KİV-in fəaliyyətində dövlət maraqlarının əsas götürülməsi ilə bağlıdır. Hazırkı dövrdə Ermənistanın ciddi-cəhdlə tariximizə aid olan faktları özünküləşdirərək, məhz KİV vasitəsilə dünyaya çatdırmağa çalışması, Azərbaycana qarşı Qərb tərəfindən açılan informasiya savaşları göstərir ki, bu məsələdə ən böyük yük ölkə mətbuatının üzərinə düşür. Hər bir xalqın milli mətbuatı daima milli və dövlət maraqlarına xidmət etməlidir. Əlbəttə ki, mətbuatın, ilk növbədə, funksiyası cəmiyyəti obyektiv, tərəfsiz və qərəzsiz informasiya ilə təmin etməkdir.

Bu, ancaq o hallarda pozula bilər ki, ortada ümumi ictimai, milli və dövlətçilik maraqları olsun. Belə hallarda, ümumi xalq maraqları naminə müəyyən məsələlərdə zərərli informasiyaları cəmiyyətin maraqlarına uyğun şəkildə təqdim etmək olar. Amma bundan başqa, heç bir halda jurnalist öz prinsipiallığını heç bir siyasi qrupun maraqlarına, heç bir maraqlı xarici dairələrin tələblərinə və onların istəklərinə güzəştə getməməlidir. Yalnız bu halda millət kimi biz inkişaf edə bilərik və bu da nəticə etibarilə milli mətbuatımızın da inkişafına gətirib çıxara bilər. Əlbəttə

ki, Azərbaycan mətbuatının zəngin tarixi ənənələri mövcuddur. Tarixdə formalaşmış milli mətbuat ənənələrimiz bu gün də davam etməkdədir.

Qeyd edək ki, Azərbaycanda daima demokratiyanın vacib amillərindən biri kimi söz, mətbuat azadlığının təmin olunması, azad mətbuatın inkişafı prioritet istiqamətlərdən biri olub. Milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçi olub, müstəsna xidmətlər göstərib. Hər bir mətbuat orqanı ictimaiyyətin gözləntilərini hansı səviyyədə yerinə yetirdikləri ətrafında daim düşünməli, özü qarşısında bir hesabat verməlidir. Cəmiyyətin güzgüsü kimi dəyərləndirilən mətbuatın əsas prinsipləri obyektivlik, qərəzsizlik, vətənpərvərlik olmalıdır. Bu üç amilin vəhdətliyi fonunda daha dolğun, ölkənin bu günü və gələcəyi üçün daha önəmli məsələlərin müzakirəsinə və həllinə xidmət edən yazılar ortaya çıxar.

Mətbuat cəmiyyətin inkişafında, əhali arasında ictimai maraqların yaranması və formalaşmasında önəmli rol oynayır. Mətbuatın ictimai həyatda iştirakının genişləndirilməsi, cəmiyyətdə baş verən istənilən hadisəyə müdaxiləsi özünü göstərir. Mətbuat ictimai maraqların müdafiəsində və təbliğatında iştirak etməklə yanaşı, maarifçilik işinə də dəstək verir.

Təsadüfi deyil ki, medianın ən mühüm funksiyalarından biri də milli maraqları hər şeydən üstün tutmaq, vətəndaşları, cəmiyyəti vahid məqsəd uğrunda səfərbər etməkdir. Vətənpərvərlik, milli dövlətçiliyə sədaqət, milli maraqlar uğrunda prinsipiallıq kütləvi informasiya vasitələrinin fəaliyyətinin başlıca prinsiplərini təşkil etməlidir. Mətbuat cəmiyyətdə, xüsusilə gənc nəsil arasında Vətənə sevgi hissləri, insanlara mənəvi saflıq aşılamalı, onlarda əsl vətəndaşlıq mövqeyinin formalaşmasına dəyərli töhfəsini verməlidir. Mətbuat son illərdə hər bir Azərbaycan vətəndaşının fəxr edə biləcəyi inkişaf yolu keçib. Ona görə də kütləvi informasiya vasitələri ölkədə görülən işləri, Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu siyasəti daha geniş və obyektiv şəkildə işıqlandırmalıdırlar.

Amma çox təəssüf ki, bəzi hallarda media nümayəndələri özlərinin ən mühüm funksiyalarından biri olan milli maraqları hər şeydən üstün tutmaq, vətəndaşları, cəmiyyəti vahid məqsəd uğrunda səfərbər etmək vəzifəsindən, demək olar ki, imtina edirlər. Az da olsa, belələri var.

Bəs görəsən, media nümayəndələri, ictimaiyyət üzvləri Azərbaycanın dövlət və ictimai maraqlarının müdafiəsində mətbuatın rolunu necə qiymətləndirir?

Azərbaycanda dövlət və ictimai maraqların müdafiəsində mətbuatın özünəməxsus rolu olduğunu deyən "Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin sözlərinə görə, ictimai rəyin formalaşmasında, milli maraqların müdafiəsində mediamız ciddi əhəmiyyət kəsb edir: "Son zamanlar biz bir daha şahidi olduq ki, Azərbaycan mediası dövlət və ictimai maraqların qorunmasında böyük əhəmiyyətə malikdir. Cəmiyyətin aparıcı funksiyasını yerinə yetirir. Mənim şəxsi qənaətimcə, Azərbaycanın dövlət və ictimai maraqlarının müdafiəsində mətbuatın rolu əvəzedilməzdir.

Azərbaycan dövləti də mətbuatın bu rolunu hər zaman yüksək dəyərləndirib və qarşılıq olaraq da öz dəstəyini yetərincə verib. Cənab Prezidentin son çıxışlarının birində dediyi sözlərə diqqət çəkərək vurğulayım ki, ictimaiyyətin və media nümayəndələrinin ölkədə baş verən proseslərlə bağlı fəallığı təqdirəlayiqdir. Cəmiyyətdə milli mənlik şüurunun, vətənpərvərlik duyğularının formalaşmasında mətbuatın çox böyük rolu vardır ki, bu da elə ictimai maraqların müdafiəsinə yönəlib. Müstəqillik dönəmində Azərbaycan mətbuatı keşməkeşli və əhəmiyyətli bir yol keçib. Bu dönəmdə cilalanıb, formalaşıb. Media sahəsində fəaliyyət göstərən kifayət qədər vətənpərvər insan var ki, onlar hər zaman Azərbaycan dövlətinin və cəmiyyətinin maraqlarını hər şeydən üstün tuturlar”.

Mətbuatın daim ölkədə baş verən ictimai-siyasi proseslərə təsiri olduğunu vurğulayan baş redaktor deyib ki, bəzi qüvvələr var ki, bilərəkdən Azərbaycan mətbuatının rolunu kiçiltməyə çalışırlar: "Amma yuxarıda da qeyd etdiyim kimi, ən azı Azərbaycanda baş verən son hadisələrə, həmçinin ölkəmizə qarşı aparılan qərəzli kampaniyalarla mübarizədə mətbuatın oynadığı rola diqqət yetirsək, mətbuatın nə qədər önəmli rola malik və ictimai rəyə təsir potensialında olduğunu görmək mümkündür”.

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli isə hesab edir ki, ictimai və dövlət maraqlarının müdafisində medianın rolunu dəyərləndirən zaman məsələyə fərqli aspektlərdən yanaşmaq lazımdır: "Əgər söhbət çap mətbuatı, telekanallardan gedirsə, ictimai və dövlət maraqlarının müdafisəsində medianın bu vasitələrinin rolunu qənaətbəxş dəyərləndirmək olar. Narahatedici məqam yeni media vasitələrinin fəaliyyəti ilə bağlıdır. Son dövrlərə qədər bir çoxları medianın bu növünü heç cür qəbul edə bilmir, fəaliyyətini inkar edirdi. Amma artıq internet mediasında oturuşma prosesi gedir və biz indi həyatımızın bir parçasına çevrilən virtual mediadan yan qaça bilmirik. Çox yaxşı olar ki, artıq ictimai və dövlət maraqlarının qorunması istiqamətində də sözügedən media orqanlarında tənzimləmə mexanizmləri müəyyən edilsin. Təbii ki, bu proses də bir az zaman tələb edir. Hətta deyərdim ki, müəyyən irəliləyişlər hiss olunmaqdadır. İnternet mediada cəbhədə baş verən hadisələr, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər kimi cəmiyyət üçün milli əhəmiyyət kəsb edən məsələlərin işıqlandırılması bu istiqamətdə həyata keçirilən tənzimləmə işlərinin göstəricisidir”.

Dövlət və ictimai maraqların müdafiəsində özünəməxsus rolu olan mətbuat orqanlarının cəmiyyətə təsir imkanlarına gəldikdə isə Liqa rəhbəri deyib ki, indiki şəraitdə Azərbaycan mediası cəmiyyəti öz arxasınca aparmağı bacarmasa da, medianın təsir imkanları yoxdur demək də yanlışdır: "Mətbuatın cəmiyyətdə baş verən proseslərə ciddi təsiri var . Amma hələlik medianın təsir imkanlarının biz istədiyimiz səviyyədə olduğunu da deyə bilmərik. Media gündəm yaradır və müxtəlif problemlərin həllinə nail olur. KİV-lərin maarifləndirici funksiyası xeyli axsasa da, bu, medianın güclü silah olduğunu gerçəyini dəyişdirə bilməz. Hətta ən zəif halda belə cəmiyyəti informasiya ilə təmin etmək, yönəltmək imkanına malikdir. Amma çox yaxşı olar ki, media ilə cəmiyyət arasında qarşılıqlı təsir imkanları inkişaf etsin. Media ictimai qınaqdan çəkinməli, cəmiyyət də medianın fikirlərindən yararlanmalı, maarifləndirici yazılardan nəticə çıxarmağı bacarmalıdır”.

(Davamı var)

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb