Mətbuat və cəmiyyət münasibətləri...
Baş redaktorlar vəziyyəti qənaətbəxş hesab edirlər
Azərbaycanda daima demokratiyanın vacib amillərindən biri kimi söz, mətbuat azadlığının təmin olunması, azad mətbuatın inkişafı prioritet istiqamətlərdən biri olub. Milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçi olub, müstəsna xidmətlər göstərib.
Hər bir mətbuat orqanı ictimaiyyətin gözləntilərini hansı səviyyədə yerinə yetirdikləri ətrafında daim düşünməli, özü qarşısında bir hesabat verməlidir. Cəmiyyətin güzgüsü kimi dəyərləndirilən mətbuatın əsas prinsipləri obyektivlik, qərəzsizlik, vətənpərvərlik olmalıdır. Bu üç amilin vəhdətliyi fonunda daha dolğun, ölkənin bu günü və gələcəyi üçün daha önəmli məsələlərin müzakirəsinə və həllinə xidmət edən yazılar ortaya çıxar.
Müasir dövrdə mətbuat, kütləvi informasiya vasitələri cəmiyyətin kamilləşməsində, maariflənməsində, ictimai rəyin formalaşmasında misilsiz rol oynayır və bu vəzifələri çox müxtəlif üsullarla gerçəkləşdirir.
Mətbuat cəmiyyətin aynası olmaqla yanaşı, həm də onun maarifləndirilməsi işində yaxından iştirak edən bir sahədir.
Çünki jurnalistika fərdləri deyil, kütləni, cəmiyyəti kamilliyə çağırır. Yaranışından sözü sərbəst, azad ifadə etmək hüququ uğrunda hakim dairələrlə ölüm-dirim mübarizəsinə girən jurnalistika, əslində, cəmiyyəti, onun üzvlərini, onu idarə edənləri kamil görmək arzusunun gerçəkləşməsini istəmişdir. Əlbəttə, eyni arzu, eyni istək, bütövlükdə sənətin, xüsusilə bədii sənətin mahiyyətinə də daxildir. Bədii söz sənətinin böyük karifeyləri cəmiyyətin kamilləşməsi yolunda min bir zillət çəkib.
Jurnalistikanın, kütləvi informasiya vasitələrinin cəmiyyətə təsiri çox güclüdür və geniş radiusu təşkil edir. Belə bir möhtəşəm gücə malik ictimai, kütləvi institut ictimai həyatın kamilləşməsi üçün öz üzərinə öhdəliklər götürür. Bu öhdəliklərdən biri və başlıcası onun nöqsanları aşkar etmək və göstərmək işi ilə bağlıdır. Jurnalistikanın "dördüncü hakimiyyət” rolunda çıxış etməsi bu vəzifədən irəli gəlir.
Ölkədə demokratiya, plüralizm, fikir və söz azadlığının əsas daşıyıcılarından biri olan media insanların cəmiyyətin idarə olunmasında iştirakını labüdləşdirdi, onları ölkənin taleyüklü məsələlərində daha məsuliyyətli və fəal olmağa səfərbər edib. İnsanlarda ölkə, Vətən, xalq üçün, onun taleyi üçün bir sahiblik, bir məsuliyyət hissinin formalaşmasına xidmət edən əsas qüvvələrdən biridir.
Eyni zamanda Kütləvi İnformasiya Vasitələri cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Onların fəaliyyəti cəmiyyətdə baş verən reallıqlara münasibət formalaşdırır, ictimai-siyasi təsir göstərir. KİV təkcə informasiya ilə kifayətlənmir, o həm də yeniliklərə şərh verir, ayrı-ayrı ideyaları, təlimləri, siyasi proqramları təbliğ və təşviq edir.
Mətbuat insanlarda ictimai fikirlər, inam və sosial fəallıq formalaşdırmaqla, onları müəyyən fəaliyyətə istiqamətləndirir. Cəmiyyətin inkişafında uzaq keçmişdən mətbuat öz sözünü deyən mətbuat müasir dövrdə ictimai həyatın ayrılmaz mexanizminə çevrilib. XX əsrin ortalarından "informasiyalı cəmiyyət” anlayışının meydana çıxması da bu proseslərlə bağlıdır və məhz informasiyalı cəmiyyət tədricən formalaşaraq müasir sivilizasiyada özünə vətəndaşlıq hüququ qazanıb. Bu inkişaf isə, həm də kütləvi informasiya vasitələri, bütövlükdə jurnalistika ilə bağlıdır. Belə bir cəmiyyətdə vətəndaşların informasiya almaq hüququ cəmiyyətin və dövlətin demokratik göstəricisi kimi qəbul olunur. Demokratik, hüquqi cəmiyyətdə hər bir vətəndaş dünyada və ölkədə baş verən proseslər barədə məlumatlanmaq üçün hüquqi cəhətdən zəmanət verilən azadlıqlara malikdir. Aşkarlıq və demokratiya kütləvi informasiya vasitələri olmadan nəinki reallaşdırıla, heç təsəvvür belə edilə bilməz. Ona görə də, "bəşəriyyət demokratiyanın yolunu açıq, informasiyalı cəmiyyətdən almışdır” və "Demokratik əsaslarla fəaliyyət göstərən ölkədə jurnalistikanın inkişafı insanın informasiya hüququnu təmin edən açıq cəmiyyətə aparır” söyləyən mətbuat nəzəriyyəçiləri tamamilə haqlıdırlar.
Azad söz və azad mətbuat cəmiyyətdə aşkarlığın və demokratik prinsiplərin bərqərar olmasında aparıcı rol oynamaqla yanaşı, demokratiyanı səciyyələndirən əsas amillərdən sayılır. Ayrı-ayrı ölkələrdə demokratiyanın səviyyəsini dəyərləndirərkən bu iki kriteriya hökmən nəzərə alınır, çünki mətbuat azadlığı elə cəmiyyətin azadlığının göstəricilərindən biridir.
Azərbaycanda mətbuat-cəmiyyət münasibətlərinin sağlam əsaslar üzərində qurulduğunu deyən "Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, artıq çoxdandır mətbuat-dövlət, mətbuat-cəmiyyət münasibətləri qarşılıqlı faydalı, biri-birinin maraqlarına uyğun şəkildə inkişaf edir. Onun sözlərinə görə, mətbuat-dövlət, mətbuat-cəmiyyət münasibətləri öz mənafelərinə dəstək və xüsusilə də dövlətin, medianın həm bugünkü, həm də sabahkı inkişaf yollarında meydana çıxa biləcək problemlərin aradan qaldırılması istiqamətində işlək mexanizmlərin tətbiqi formasındadır: "Bu münasibətlər gələcəyə doğru ümidverici bir müstəvidədir və işlək mexanizmlərin əsasında tənzimlənir. Ümumilikdə, mətbuat-cəmiyyət münasibətlərinin sağlam əsaslarda qurulduğunu söyləmək mümkündür”.
"Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas isə qeyd edib ki, hazırda Azərbaycan cəmiyyətində tam stabillik formalaşıb və əvvəlki dövrlərdən fərqli olaraq müasir dövrdə mətbuatla cəmiyyət arasında isti münasibətlər, əlaqələr yaranıb: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mətbuata göstərdiyi diqqət və qayğı nəticəsində Azərbaycan mətbuatının həm təminatı, həm də cəmiyyətə münasibəti müsbət mənada yenilənib. Ona görə də, bugünkü dövrdə reket jurnalistikasını istisna hal kimi qəbul edib tam əminliklə deyə bilərik ki, mətbuatla cəmiyyət, mətbuatla dövlət arasındakı münasibətlər yüksək keyfiyyətli formada stabil olaraq inkişaf edir”.
Hər bir xalqın milli mətbuatının onun intellektual inkişaf göstəricilərindən biri olduğunu vurğulayan "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə deyib ki, mətbuat cəmiyyətdə baş verən bu və ya digər dəyişiklikləri (keyfiyyət və kəmiyyət), bütün sferalarda baş verən ən müxtəlif hadisələri ayna tutaraq cəmiyyətə əks etdirən vasitədir: "Bu mənada milli mətbuatın inkişafı hər bir xalq üçün prioritet məsələlərdən biridir. Azərbaycanda bu gün mətbuatın inkişafını təmin edəcək hüquqi əsaslar hələ, ümummilli lider Heydər Əliyev tərəfindən 1995-ci ildə Azərbaycan Konstitusiyasında öz əksini tapıb. Yəni fikir, söz və mətbuat azadlığı, fikir plüralizmi, insan və hüquq azadlıqları sözügedən Konstitusiyada əks olunub. Bu mənada deyə bilərik ki, hüquqi baxımdan Azərbaycanda mətbuatın inkişafını təmin edəcək bütün vasitələr mövcuddur. Təbii ki, mətbuat elə bir unikal ictimai institutdur ki, onun inkişafı təkcə qanuni əsaslara bağlı deyil. Məhz buna görə də Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə milli mətbuatın inkişafı üçün çox mühüm qərarlar qəbul edib. Həmin qəbul edilən qərarlar həm mətbuatımızın inkişafını, həm də onun intellektual inkişafını təmin edib.
Bu gün Azərbaycanda mətbuat-cəmiyyət münasibətləri şəffafdır. Hesab edirəm ki, ölkə rəhbərliyi tərəfindən mətbuata göstərilən diqqət və qayğı mətbuatın inkişafını əsaslandıran əsas amillərdən biridir. Lakin ölkə başçısının Azərbaycan mətbuatına diqqəti bununla da kifayətlənmir. Ölkə rəhbəri daimi mətbuat işçilərinin, jurnalist peşəsinin ictimai nüfuzunun artırılması ilə bağlı müxtəlif addımlar atır. Bununla belə jurnalistlərin məişət problemlərinin həlli üçün xüsusi tədbirlər həyata keçirir”.
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb