Eldar İbrahimov işə piyada gedəcək, Zahid Oruc metrodan istifadə edəcək, Aqil Abbasın isə maşını təmirdədir
Millət vəkili Fazil Mustafa Avropa Oyunları ərəfəsində yollarda hərəkət etmək üçün maraqlı nəqliyyat vasitəsi tapıb. Belə ki, yarışların keçirildiyi gün yollar bağlı olduğu üçün Bakıda avtomobillə yox, velosipedlə gəzəcək. MM üzvünün bu addımını Bakı Şəhər Yol Polisi İdarəsinin vətəndaşlara Avropa Oyunları ərəfəsində şəhərdə avtomobil sıxlığını aradan qaldırmaq üçün şəxsi avtomobillərindən imtina etmək çağırışına bir dəstək kimi qiymətləndirmək olar.
Digər millət vəkillərinin isə buna münasibətini öyrənmək məqsədilə kiçik sorğu keçirdik. Millət vəkilinin həmkarları da onun bu cür davranmağını təqdirəlayiq hal hesab edirlər. Lakin velosipeddən istifadə etməkdən imtina edirlər.
Deputat Eldar İbrahimovun isə şəxsi avtomobili olmasa da, xidməti avtomobildən istifadə etməyəcəyini bildirib: "Fazil bəy, yaxşı, düşünülmüş addım atıb. Kimə avtomobilsiz gedib-gəlmək rahatdırsa, elə də etsin. Əgər hərəkət intensivliyinə mane olaramsa, avtomobildən istifadə etmərəm. Ümumiyyətlə, paytaxta gələcək xarici idmançıların və qonaqların rahat hərəkət etməsi üçün şəxsən mən piyada gedib-gələrəm. Təki qonaqlarımız üçün rahat şərait olsun”.
F.Mustafanın digər həmkarı Zahid Oruc hesab edir ki, Avropa Oyunları hamının gileyləndiyi mənəvi, sosial və psixoloji faktor kimi nəqliyyat tənzimlənməsi probleminə də müəyyən mənada dəyişikliklər gətirəcək: "Yəni avtomatik olaraq şəhərdə nəinki təkcə iri tutumlu maşınların, bəzən ölkə üzrə hərəkət edən nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi mümkün olacaq”.
Millət vəkili düşünür ki, belə bir kampaniyanın aparılması nəticəsində bizi xalqa daha da yaxın edəcəkdir: "Sabah onsuz da bütün parlament üzvləri bir neçə avtobusla açılış mərasiminin keçiriləcəyi stadiona yollanacaqlar.
Parlament üzvü mətbuat nümayəndələrinin yarışların keçirildiyi günlərdə onu metroda və ictimai nəqliyyatda görəcəklərini də istisna etməyib: "Oyunlar zamanı şəxsi avtomobilimdən istifadə etməyəcəm. Dostumuz Fazil bəyin də bu təşəbbüsünü alqışlayıram. Hələ bir müddət əvvəl o, Milli Məclisdə belə bir fikirlə çıxış etmişdi”.
Hər zaman fərqli çıxışları ilə seçilən Aqil Abbas isə velosiped sürə bilmədiyini və bundan xoşu gəlmədiyini söyləyib: "Onsuz da şəxsi avtomobilim ilə hərəkət edə bilməyəcəm. Çünki 3 gün öncə avtomobil qəzası keçirmişəm. Avtomobili həyətdən çıxardarkən əzmişəm. Maşın ustadadır, təxminən 15 günə təmir ediləcək”.
Vüqar Şahinoğlu