Millət vəkilləri də pul ödəyib, ev alır




Son bir-iki gün ərzində sosial şəbəkələrdə və mətbuat səhifələrində parlamentin 13 nümayəndəsinə pulsuz mənzil verilməsi barədə yayılan xəbərlər müzakirə olunmaqdadır. Ev alan deputatlar arasında Oqtay Əsədov, Hadi Rəcəbli və Bəxtiyar Əliyevin də adı hallanır.

Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu yayılan xəbərlərə tam olaraq aydınlıq gətirib:"Hadi Rəcəbli ilə əlaqə saxladım. Onun ev alması xəbəri yalandır. Milli Məclisin spikeri Oqtay Əsədovun da ev alması xəbəri yalandır. Doğru deyil.

Keçmiş deputat, hazırda Milli Məclisin şöbə müdirinin müavini olan Rifət Ağalarovla da əlaqə saxladım. Rifət Ağalarov ev alıb. Təxminən 15 il bundan qabaq, 2004-cü ildə evi tikən şirkətə öz pulunu ödəyib. Yəni, həmin evi öz pulu ilə alıb. Sadəcə, ev almaq məsələsi bir qədər uzanıb. O da evi bu yaxınlarda alıb”.

Qeyd edək ki, keçmiş deputat, hüquqşünas Əliməmməd Nuriyev modern.az-a açıqlamasında ev almadığını deyib. Azərbaycan Kommunist Partiyasının sədri, keçmiş millət vəkili Rauf Qurbanov da ev almadığını söyləyib. O, vaxtilə tikilməkdə olan binadan mənzil almaq üçün "Kat LTD” şirkətinə pul ödədiyini də qeyd edib.

Məsələ ilə bağlı "Şərq”ə danışan sabiq millət vəkili, Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov mənzillərin təmənnasız olaraq verildiyinin yanlış məlumat olduğunu bildirib. Partiya sədrinin sözlərinə görə, millət vəkilləri də adi bir vətəndaş olaraq mənzil almaq hüququna malikdir və bunun üçün parlament üzvlərini yarğılamaq düzgün hal deyil: 

"Parlament tərəfindən pulsuz olaraq deputatlara ev verilməsi heç vaxt nəzərdə tutulmayıb. Milli Məclisdə fəaliyyətimiz dövründə "Kat LTD” şirkəti ilə müqavilə imzalamışıq. Bu müqavilədə kooperativ əsaslarla, yəni özümüz pulu ödəməklə mənzil almaq barədə bölmələr əks olunub. Şirkətin üzləşdiyi problemlərlə əlaqədar olaraq mənzillər 2003-cü ildə verilməli idi. Lakin bu, 13 ildir ləngiyir. Dünən həmin şirkətdə olarkən mənə bildirdilər ki, artıq tikintilər başlayıb və binanın biri təhvil verilib. Həmçinin şirkət qaydalara uyğun olaraq binanın boş yerlərində əvvəl ödədiyim pulun dəyərinə uyğun kvadrat metrdə ev tikiləcəyini bildirdi. Həmin təkliflə razılaşmışam. Mediada bu məsələ ilə bağlı məlumatları oxuyuram. Təəssüf ki, ölkəmizdəki hörmətli deputat yoldaşlar haqqında həqiqəti əks etdirməyən sözlər yazırlar. Bu evlər bizə hədiyyə verilmir. Millət vəkilləri də adi vətəndaşlar kimi pul ödəyib ev alırlar. Burda heç bir güzəşt yoxdu. Deputat yoldaşlar halal zəhmətləri ilə qazandıqları pulu şirkətə ödəyiblər. Sadəcə olaraq müəyyən səbəblərə görə evin verilməsi uzadılıb. Həmin firma üzərinə götürdüyü öhdəliyi yerinə yetirir. Bu məsələdə sensasiyalı və qarışıq bir məqam yoxdu”.

Sabiq millət vəkili təmənnasız olaraq evlərin verilməsinin keçmiş sovet dönəmində mövcud olduğunu vurğulayıb: 

"Sovet dönəmində növbəlilik əsasında və pulsuz olaraq ev verilirdi. Azərbaycan Respublikası sosializm sistemindən imtina edib kapitalizm sistemində yaşayanda hər şey bazar iqtisadiyyatı ilə ölçülürdü. İnsan olaraq bu problemləri nəzərə alıb məsələni çərçivəyə salmamışıq. Yəni, məhkəməyə və digər müvafiq orqanlara müraciət etməmişik ki, evimiz niyə gecikir? Vaxt müəyyən qədər uzansa da, artıq öz müsbət həllini tapıb. 2003-cü ildə olan evlərin kvadrat metrə görə dəyəri bu günə nisbətən fərqlidir. Ancaq həmin şirkət pulunu ödəmiş adamlardan heç bir əlavə vəsait tələb etmədən onları evlə təmin edirlər. Ölkəmizin hörmətli millət vəkilləri barədə yanlış məlumatların verilməsində bir Azərbaycan ziyalısı kimi utancaqlıq hissi keçirirəm. Bu mövzuda ayrı sensasiya yaratmaq olmaz. Bütün vətəndaşların pulunu ödəyib mənzil almaq hüququ var. Deputatdır deyə hər ağla gələni yazmaq Azərbaycan mentalitetinə yaraşmayan bir şeydir”.

Yeganə Bayramova