Millət vəkillərimiz sosial şəbəkələrdə çox passivdirlər

Halbuki, bu şəxslər sosial şəbəkələrin potensialından istifadə edərək milli maraqların qorunmasına böyük töhfə verə bilərlər



Millət vəkili Zahid Oruc müasir dövrün tələblərinə uyğun olaraq məmurları və rəsmiləri sosial şəbəkələrdən aktiv istifadə etməyə çağırıb. Deputat bildirib ki, bu gün "Youtube” kanalını izləyənlərin sayı milyardı keçib. Ona görə də Azərbaycan dövləti sosial mediada öz təbliğatını qurmalıdır. Əgər İran rəsmilərinin "Facebook”, "Tvitter”də hesabı varsa, deməli, bu məsələlərə həssas yanaşmaq lazımdır. Zahid Oruc həmçinin həmkarlarını Azərbaycana qarşı kampaniyalara cavab verməyə çağırıb.

Millət vəkilinin təklifini "Şərq”ə dəyərləndirən "Konstitusiya Araşdırmalar Fondu”nun icraçı direktoru, hüquqşünas Zaur İbrahimli də hesab edir ki, kommunikasiya vasitələrinin sürətli inkişafı dövründə uğur qazanmağın əsas şərtlərindən biri tərəqqi ilə ayaqlaşmaqdır. Bu, dövlətlər, cəmiyyətlər və fərdlər səviyyəsində aktualdır: 

"İnformasiya cəmiyyətinin əsas tələbi səmərəli idarə olunması və istifadəsidir. Eyni zamanda effektiv kommunikasiya strategiyasını hazırlayıb, həyata keçirməkdir. Bu sahədə əsas alətlərdən biri sosial şəbəkələrdir. Sosial şəbəkələr informasiya mühitini transformasiya edərək yeni reallıq yaradıb. Yeni reallıq hər kəsə informaisya istehsalçısı, ötürücüsü və rəy lideri olmaq imkanı var. Eyni zamanda sosial şəbəkələr ictimai rəyin formalaşmasında əsas rola sahibdir. Çünki milyonlarla insan üçün informasiya məkanı, təəssürat, rəy və qənaət bölüşülməsi üçün əlçatan müstəvi yaranıb. İnsanlar gündəlik məlumatlarını sosial şəbəkələrdən alırlar. Artıq bu, ənənəyə, davranış formasına çevrilib. Belə bir şəraitdə informasiya təhlükəsizliyinin təmin olunması, informasiya təxribatlarının qarşısının alınması üçün tədbirlər görülməsi zəruridir. Bu tədbirlərin bir qismi texnoloji, digər qismi isə xüsusi xidmət orqanlarının fəaliyyətinə aiddir. Bir qismi isə şübhəsiz ki, ictimai rəyin formalaşmasına, informasiya fonunun yaranmasında məxsusi rola malik olan siyasi şəxslərə, müəyyən statusa malik insanlara, millət vəkillərinə, ictimai fəallara məxsusdur. Bu şəxslər sosial şəbəkələrin potensialından istifadə edərək milli maraqların qorunmasına böyük töhfə verə bilərlər”.

Ekspert vurğulayıb ki, millət vəkillərinin rəyi, fikri daha çox maraq doğurur, diqqət çəkir. İnformasiya trendlərinin formalaşmasına əhəmiyyətli təsir göstərir: "İndi sosial şəbəkələri diqqətə almamaq, göz və qulaqlarını bağlamaq mümkün deyil. Ən yaxşı çıxış yolu fəal olmaq, sağlam müzakirələrlə obyektiv rəy yaranmasına töhfə verməkdir. Təəssüf ki, millət vəkillərimiz sosial şəbəkələrdə çox passivdirlər. Bir neçə millət vəkilindən başqa biz uğurlu nümunələrin şahidi olmuruq. Halbuki, sosial şəbəkələr deputatlar üçün misilsiz güclü vasitələr təklif edir. Sosial şəbəkələr deputatlarla seçicilər və cəmiyyət arasında birbaşa təmas imkanı yaradır. Bu baxımdan, Azərbaycan parlamentinin bir çox üzvlərinin passivliyi və laqeydliyi təəssüf doğurur”.

Z.İbrahimli bildirib ki, bir sıra millət vəkillərinin sosial şəbəkələr, onların istifadəçiləri haqqında ironik və aşağılayıcı ifadələri isə deputatların özü haqqında mənfi rəy yaradır: 

"Bu reputasiya artıq onların yarlığına çevrilir və sadəcə bununla xatırlanırlar. Yəqin ki, mövcud nümunələrdən millət vəkillərimiz müəyyən nəticələr hasil ediblər. Eyni zamanda hökumət səviyyəsində sosial şəbəkələrdən daha səmərəli istifadə olunması ilə bağlı səylər gücləndirilməlidir. Dövlət orqanları sosial şəbəkələrdən daha fəal və səmərəli istifadə etməlidir. Ənənəvi kommunikasiya üsulları arzulanan nəticə vermir və hədəf qrupunun diqqətini çəkmək olmur. Sosial şəbəkələr isə əlaqə və əks-əlaqə üçün çox mükəmməl vasitədir. Bunların üzərində ciddi düşünmək lazımdır”.

İsmayıl