
Millət vəkillərinin söz davası bitdi
Sabir Rüstəmxanlı: “Mən ona geniş cavab verməyə hazırlaşmıram”Musa Quliyev: “Mübahisənin davam etməsini istəmirəm”

Xəbər verdiyimiz kimi, Milli Məclisin yaz sessiyasının sonuncu iclasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlı ilə həmkarı Musa Quliyev arasında gərginlik yaşanıb. Buna səbəb S.Rüstəmxanlının Məhəmməd Əmin Rəsulzadənin Gəncədəki büstünün üzərinə çuval keçirilməsinə sərt şəkildə etiraz etməsi olub. VHP sədri deyib ki, "əgər Gəncə şəhər İcra Hakimiyyəti Məhəmməd Əminlə düşməndirsə, bizə desin, ya da öz əli ilə gedib o çuvalı çıxarsın!”.
Onun həmkarı Musa Quliyev isə çıxış edərək S.Rüstəmxanlıya etirazını bildirib: "Əvvəla, Məhəmməd Əminin başına heç kəs çuval keçirməyib, büstün yerləşdiyi parkda aparılan təmir işləri ilə əlaqədar onu qorumaq məqsədi ilə üstü örtüklə bağlanıb. İkincisi də, o park Gəncə Şəhər İcra Hakimiyyətinin deyil, Nəqliyyat Nazirliyinin balansındadır. Nəqliyyat naziri Ziya Məmmədov da Sabir Rüstəmxanlının qudasıdır, əgər Sabir Rüstəmxanlının ürəyi yanırsa, nəqliyyat nazirindən xahiş edib parkı təmir etdirsin”. Bundan sonra deputatlar mətbuat səhifələrində söz davasına çıxaraq bir-birlərinə qarşı kəskin tonda məqalələr yazmağa başlayıblar. İlk olaraq S.Rüstəmxanlı "Musa Quliyev ağ elədi” başlıqlı yazı yazıb və həmkarını tənqid edib. Musa Quliyev də adekvat olaraq "Ağın yeddi çaları, yaxud siz kimsiniz Sabir Rüstəmxanlı” başlıqlı yazı qələmə alıb və S.Rüstəmxanlının ünvanına ciddi ittihamlar səsləndirib. M.Quliyev onu həqiqətləri təhrif etməkdə suçlayıb: "Sabir Rüstəmxanlının özünü mələk, qarşısındakını isə iblis donunda göstərmək cəhdinə dözmək olardı. Amma məni aşağılamaq, rişxənd etmək, yalanda, hiylədə, geri qalmışlıqda ittiham etməsini cavabsız qoymamaq, həm də Sabir Rüstəmxanlı haqqında düşündüklərimi tam təfərrüatı ilə özünə çatdırmaq üçün bu yazıya sərf etdiyim vaxtıma heyfim gəlmir. Əvvəla, Sabir Rüstəmxanlının adı gedən iclasdakı çıxışı nə Bakıda 12 gün əvvəl baş vermiş yanğına, nə də Məhəmməd Əminə can yandırması ilə bağlı deyildi. O çıxışın əsl mahiyyəti və siyasi məqsədi tamamilə başqa idi. Məlumdur ki, payızda parlament seçkiləri olacaq. Sabir bəy bir təcrübəli siyasət adamı kimi bu çıxışı ilə iqtidara mesaj göndərdi ki, baxın, mənim seçilməyimə dəstək verməsəniz, müxalifət cəbhəsində daha kəskin danışacağam”. M.Quliyev də eyni zamanda S.Rüstəmxanlının qardaşı Əlövsət Əliyevin mühacirət etməsi məsələsinə də toxunaraq, həmkarına bu istiqamətdə tədbir görməyi tövsiyə edib.
Deputatların söz davasına Milli Məclisin İntizam Komissiyasından da reaksiya gəlib. Komissiya sədri deyib ki, deputatların hər biri öz fikrini müstəqil ifadə edə bilər, amma nə parlament daxilində, nə də kənarda deputatlar biri-birini təhqir etməlidirlər: "Deputatların biri-birini təhqir etməsi parlamentin daxili nizamnaməsinə də ziddir. Heç vaxt şərəf və ləyaqəti təhqir etmək olmaz. Deputatlara məsləhət görürəm ki, fikirlərini faktlarla əsaslandırsınlar”. S.Novruzov bildirib ki, adıçəkilən deputatlar Milli Məclis daxilində biri-birini təhqir edəcəksə, bu zaman İntizam Komissiyası məsələyə baxacaq.
Musa Quliyevin barəsində yazdığı məqaləyə münasibət bildirən Sabir Rüstəmxanlı bildirib ki, M.Quliyevin söylədikləri onun mahiyyətini göstərir: "Mənim qardaşım müstəqil adamdır. Öz taleyini özü qurur. Onun öz ailəsi var. Burada dolana bilmir və xaricə çıxıb gedib. Mən də onun getməyinə əsəbiləşmişəm. Uzun müddət də onunla əlaqə saxlamamışam. Musa Quliyev bunun mənasını başa düşmür. Çünki bu, bizim ailə məsələlərinə daxil olan şeydir. Sonra mənim "Şöhrət ordeni” almağım o zaman konkret şəraitlə bağlı idi və bütün bunlara aydınlıq gətirilib. Bu şəxsin sadəcə olaraq deməyə sözü yoxdur. Ona görə kimlərinsə sözü ilə orda-burda eşitdiklərini yazıb. Mənim KQB ilə bağlı olmağımı dəfələrlə dost da, düşmən də yoxlayıb. Bununla bağlı bütün dəlil və sübutlar ortadadır. Mənim məhkəməyə verilərək uduzmağıma dair səslənən ittihamlara gəlincə isə, mən heç kimə uduzmamışam. Sadəcə olaraq dostlar xahiş edib deyə bu işin dalınca düşməmişəm. Musa Quliyev bilmədiyi şeylərə burnunu soxur və məsələni getdikcə qəlizləşdirir. Mən ona geniş cavab verməyə hazırlaşmıram. Çünki onun yazılarına cavab onun öz içindədir”. S.Rüstəmxanlı onu da əlavə etdi ki, M.Quliyevin qələmə aldığı yazı bir daha göstərir ki, onun mübahisə mədəniyyəti yoxdur və yazısında böhtan, iftiradan istifadə edib: "Mən nə Milli Məclisdəki çıxışımda, nə də Musa Quliyevə yazdığım cavabda kiminsə şəxsiyyəti, kiminsə ölkədə gördüyü işlər barədə heç nə deməmişəm. Mənim çıxışımda konkret məsələ qoyulub. O da ondan ibarətdir ki, Azərbaycan Demokratik Cümhuriyyətinin qurucusu olan Rəsulzadəyə niyə hörmətsizlik göstərilib. Bu hörmətsizlik Musa Quliyevin bacısının yeznəsinin icra başçısı olduğu rayonda edilir. Bir millət vəkili bundan narahat olmalı və gedib onun qarşısını almalı idi. Bu məsələni bir kənara qoyub Sabir Rüstəmxanlının keçdiyi yol, qardaşı və rəhbərlik etdiyi partiya haqqında yazmaq normal düşüncə əlaməti deyil”.
Musa Quliyev isə həmkarının sonuncu olaraq dediklərinə münasibət bildirmək istəməyib: "Mən artıq bu məsələni bağlamışam. Mübahisənin davam etməsini istəmirəm. Fikirlərimi yazımda qeyd etmişəm. Ona görə də əlavə söz deməyəcəm”.
İsmayıl