Milli Məclisdə boş qalan deputat yerlərinə seçkilər keçiriləcəkmi?






"Milli Məclisdə boş qalan deputat yerlərinə seçkilər keçirilib-keçirilməyəcəyi barədə hələlik məlumat yoxdur”.

Bu barədə"Sherg.az”a millət vəkili Elman Məmmədov bildirib. 

O xatırladıb ki, bu prosedur Mərkəzi Seçki Komissiyasının(MSK) səlahiyyətindədir:

"Hazırda 6 deputat mandatı boşdur. Bu barədə MSK müvafiq qərarı verəcək. Müvafiq olaraq, boş yerlərə həmin seçki dairələrindən namizədlər təklif olunacaq. Komissiyanın qərarından sonra seçkilər baş tuta bilər. Amma hələlik bu barədə heç bir məlumat yoxdur”.

Qeyd edək ki, Milli Məclisin deputatları - Fuad Muradov, Rövşən Rzayev, Muxtar Babayev və Vüsal Hüseynov yeni vəzifələrə təyin edildiklərinə görə, onların parlamentdəki səlahiyyətlərinə yaxın zamanlarda xitam veriləcək.

Bundan öncə isə millət vəkillərindən Mehriban Əliyeva birinci vitse-prezident, Əli Əhmədov baş nazirin müavini, o cümlədən, Mübariz Qurbanlı Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri təyin ediliblər. Beləliklə, bu şəxslərin də deputatlıq fəaliyyətlərinə xitam verilib. Millət vəkili - 71 yaşlı Astan Şahverdiyev isə bir müddət əvvəl qəflətən ürəktutmasından dünyasını dəyişib. Hazırda, Milli Məclisin tərkibi 117 deputatdan ibarətdir və qalan 8 mandat üçün seçkilərin keçirilməsi məsələsi cəmiyyətin diqqətindədir.

Aysel Aslan