Təklif reallaşsa, bu yalnız Azərbaycan mediasının ocağı olmayacaq
Azərbaycanda Milli Mətbuat Muzeyi yaradıla bilər. Bu təklif Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun media rəhbərləri ilə görüşü zamanı səsləndirilib. BDU-nun jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev milli mətbuat nümunələrindən ibarət muzeyin yaradılmasını təklif edib.
Ə.Həsənov təklifi müsbət qarşılayıb və müzakirə ediləcəyini bildirib: "Azərbaycan mətbuatının 140 illik tarixi var. Əlbəttə, bu tarixdən əlimizdə maddi nümunələr var. Məsələn, "Molla Nəsrəddin” jurnalının nömrələri və s. materiallar arxivlərdə saxlanılır. Milli Mətbuat Muzeyi ilə bağlı irəli sürülən təklif yaxşı təklifdir. Düşünürəm ki, bunun üzərində müzakirələr aparılmalı və sonda həm elektron, həm də canlı muzey yaradılmalıdır”.
"Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də hesab edir ki, Milli Mətbuat Muzeyinin yaradılması ilə bağlı təklifin müzakirəyə çıxarılması müsbət bir hadisədir. Şamil müəllimin muzeylə bağlı təklifini çox yüksək dəyərləndirirəm. Hesab edirəm ki, belə bir fəaliyyət planı olarsa, bu muzeyin qurulması ilə bağlı ciddi işlər həyata keçirilərsə, son nəticədə bu muzey yaradılarsa, çox müsbət bir iş olar. Onu da deyim ki, Milli Mətbuat muzeyinin yaradılması ilə bağlı təklif daha əvvəllər də elə Şamil müəllimin özü, "Xalq” qəzetinin baş redaktor müavini Tahir Aydınoğlu tərəfindən də bir neçə dəfə səsləndirilib. Dəyərli həmkarım, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının mətbuatda dəfələrlə bu mövzu ilə bağlı çıxışları olub”.
Elçin Mirzəbəylinin sözlərinə görə, Azərbaycan dövlətinin potensialı və KİV-ə göstərdiyi qayğı sayəsində Azərbaycan mətbuatının təbliğ olunması üçün geniş imkanlar yaranıb: "Azərbaycan mətbuatının tarixi təkcə Azərbaycan mediasının dünəninin, ənənələrinin öyrənilməsi baxımından əhəmiyyətli deyil. Eyni zamanda, həmin dövrdə dünyada və regionda baş verən proseslərin tədqiq olunması, türk xalqları mədəniyyətinin ortaq irsinin öyrənilməsi baxımından da çox önəmlidir. Ümumilikdə türk və islam dünyasında demokratik ənənələri ilk dəfə Azərbaycan mediası formalaşdırıb. Bu istiqamətdə mediamızın danılmaz xidmətləri olub. Odur ki, Milli Mətbuat Muzeyi yaradılacağı təqdirdə bu təkcə Azərbaycan mediasının ocağı olmayacaq. Bu muzey bütün türk dünyasının ortaq mədəniyyətini, ənənələrini nümayiş etdirən ocaqlardan biri olacaq. Azərbaycanda "Mətbuat haqqında” qanun Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılıb ki, bu da dünya ölkələrinin əksəriyyətindən əvvələ təsadüf edir. Hətta bu qanun Türkiyə Cümhuriyyətinin "KİV haqqında” qanunun formalaşması üçün əsas baza rolunu oynayıb. Azərbaycanda Milli Mətbuat Muzeyinin yaradılması bizə demokratiyadan dərs keçməyə çalışan qüvvələrə də adekvat cavab olardı.
Belə bir muzeyin yaradılması həm də ona görə vacibdir ki, gələcək nəsillər də görəcəklər ki, mətbuat sahəsində kimlər işlər görüblər?”
Məhəmməd Əmin Rəsulzadə İrsinin Araşdırılması Mərkəzinin rəhbəri Nəsiman Yaqublu isə bildirib ki, muzeydə Azərbaycan mətbuatının bütün dövrlərini əks etdirən nümunələr göstərilməlidir: "Mətbuat Muzeyinin yaradılmasını yüksək qiymətləndirirəm. Düşünürəm ki, bu muzeydə Azərbaycanda siyasi yönümündən asılı olmayaraq, bütün qəzetlərin, mətbuatın nümunələri öz əksini tapmalıdır. Azərbaycan mətbuatının müxtəlif dövrləri var. Təbii ki, burada həmin nümunələr öz əksini tapmalıdır. Məsələn, 1875-1920-ci ilə qədər olan mətbuat. Çar Rusiyasının dövründəki bütün mətbuatı orada görmək istəyərdik. Bir daha deyirəm, fərqi yoxdur ki, hansı mətbuat hansı ideologiyaya xidmət edib, hansı partiyaya tabe olub. Bunlardan asılı olmayaraq, mətbuat nümunələri orada öz əksini tapmalıdır. Muzeydə 1920-1991-ci ilə qədər mövcud olan ayrı-ayrı Avropa ölkələrində və Türkiyədə çap edilmiş mühacirət mətbuatı orqanlarının nümunələri öz əksini tapmalıdır. "Yeni Qafqaziyyə”, "Azəri-Türk”, "Azərbaycan”, "Qurtuluş”, "İstiqlal” və digər bu kimi qəzetlər. Bunlarla yanaşı, sovet Azərbaycanında da nəşr olunan mətbuat nümunələri burada öz əksini tapmalıdır ki, insanlarda ümumi bir təsəvvür yarana bilsin. Həmçinin, muzeydə Diaspora mətbuatı da nümayiş olunmalıdır. Ən sonda isə internet qəzetləri, saytlar haqqında da kifayət qədər informasiyalar olmalıdır. Təbii ki, mətbuat orqanlarının yaradıcıları haqqında da ayrıca bir guşə olmalıdır. Orada onların fotoları əks olunmalıdır”.
Şəymən