“Həmsədr ölkələr bir daha Qarabağ münaqişəsinin həlli istiqamətində fəallıq göstərib, təşəbbüslər irəli sürməyə qadir olmadıqlarını sübuta yetirdilər”
Son bir ayda Azərbaycan və Ermənistan arasındakı gərginlik pik həddə çatıb. İşğal olunmuş torpaqlarımız uğrunda hər gecə qızğın döyüşlər gedir. Düşmən ordusu aprelin əvvəlindəki məğlubiyyətini həzm edə bilmir və müxtəlif təxribatlar yolu ilə əvvəlki mövqelərinə qayıtmaq istəyirlər. Amma Azərbaycan ordusunun gücü və əsgərlərimizin döyüş əzmi qarşısında çarəsizcə geri çəkilməyə məcbur qalırlar.
Ordumuzla başa çıxa bilməyəcəyini görən düşmən əsgərləri son bir neçə gündə mülki əhalini hədəf alıb, cəbhəboyu kəndlərimizi ağır artilleriya və qratlardan atəşə tutub. Qeyd edək ki, ermənilərin mülki əhalini atəşə tutması ötən həftə parlamentdə müzakirəyə çıxarılıb və Minsk Qrupunun susqunluğu kəskin şəkildə qınanılıb. Minsk Qrupu həmsədrləri olan ölkələr məsələyə seyrçi qalır. Millət vəkilləri hesab edir ki, ATƏT rəhbərliyi platforma yaradılmasını düşünməkdənsə, Ermənistanın beynəlxalq hüququ kobud şəkildə pozması, qadağan olunmuş silahlardan istifadə etməsi, mülki insanları qətlə yetirməsi, evləri, sosial obyektləri, məktəbləri atəşə tutması ilə bağlı ortaya konkret mövqe qoymalıdır.
Minsk Qrupu həmsədrləri olan ölkələrin məsələyə seyrçi qalmasının onu təəccübləndirmədiyini vurğulayan politoloq Qabil Hüseynli təəssüflə vurğulayıb ki, elə bir mənzərə yaranıb ki, həmsədrlər ermənilərin törətdikləri təxribatlara adekvat reaksiyalar versələr, bu bizim üçün gözlənilməz bir hal olar:
"Son günlər cəbhə xəttində baş verən hadisələrə, ermənilərin mülki əhaliyə atəş açmasına, evləri yağmalamasına ATƏT-in Minsk Qrupunun passiv mövqeyi qabı daşıran son damla oldu. Həmsədr ölkələr bir daha Qarabağ münaqişəsinin həlli istiqamətində fəallıq göstərib, təşəbbüslər irəli sürməyə qadir olmadıqlarını sübuta yetirmiş oldular. Bəlkə də ATƏT, ATƏT-in Minsk Qrupunun həmsədrləri və BMT başda olmaqla digər beynəlxalq təşkilatlar bölgədəki qaynar döyüşlərin qarşısını almağın marağında deyillər? Bu isə həmin qurumların ünvanlarına səsləndirilən hər cür tənqidə layiq olduqlarını göstərir. Rusiya tərəfi müharibə ilə bağlı verdiyi bəyanatlarda qeyd edib ki, sülhyaratma prosesi ATƏT-in Minsk Qrupunun əli ilə həyata keçiriləcək. Amma ortada nə təşəbbüs, nə də bir cəhd var”.
ATƏT-in Minsk Qrupunun BMT-nin verdiyi mandat əsasında fəaliyyət göstərən vasitəçi bir qurum olduğunu vurğulayan politoloq deyib ki, bu qurum vasitəçilik missiyasını həyata keçirir və onların ünvanına tənqid səslənəndə deyirlər ki, bizim tərəflərdən hər hansı birinə təzyiq göstərmək və tənqid etmək imkanlarımız yoxdur: "Belə olan təqdirdə, ATƏT-in Minsk Qrupunun hüquqları məsələsinə diqqət yetirmək, bu məsələni qaldırmaq lazımdır. Avropa Şurası Ermənistanın təcavüzkar dövlət olması və Azərbaycan torpaqlarını işğal etməsi haqqında qətnamə qəbul edəndə Minsk Qrupu buna etiraz edərək deyir ki, digər təşkilatlar bu işə qarışmasın. Deməli, belə çıxır ki, Minsk Qrupu həmsədrləri vasitəçilik missiyası adı altında pərdələnərək əslində problemin həllini ləngidirlər. Onların səlahiyyətsizliyi də buradan qaynaqlanır. Minsk Qrupu həmsədrləri təcavüzdən danışır, amma təcavüzkarın adını çəkməyə cəsarəti çatmır. Hətta onlara sual verəndə də təcavüzkar dövlət kimdir, cavab verirlər ki, bunu müəyyən etmək tarixçilərin işidir. Bu, sadəlövh adamlar üçün hesablanmış cavabdır. Minsk Qrupunun səlahiyyətlərinə baxılması məsələsi gündəmə gətirilməlidir. Ya səlahiyyətlərinin genişləndirilməsi, ya formatının dəyişdirilməsi zərurəti yaranıb”.
Şəymən