Üzeyir Cəfərov: “Hərbi toqquşmaların aprel savaşından daha ağır fazaya keçmə ehtimalı böyükdür”
Bu il cəbhədə vəziyyət daha da gərginləşə bilər
Brüsseldə yerləşən Beynəlxalq Böhran Qrupu 2017-ci ildə dünyanı təhdid edəcək münaqişələrlə bağlı hesabatını açıqlayıb. Təşkilatın illik hesabatında dünyanın ən narahat bölgələrindən biri kimi Qarabağ münaqişəsinin də adı çəkilib. Hesabatda ötən ilin aprel hadisələri vurğulanaraq, Dağlıq Qarabağda gərginliyin qaldığını, 2017-ci ildə daha da artacağını vurğulayıblar.
Beynəlxalq Böhran Qrupu bildirib ki, diplomatik cəhdlər olmasa, Qarabağda döyüşlər qızışacaq və bundan daha çox dinc əhali əziyyət çəkəcək. Son hadisələr hər iki tərəfin qarşıdurmaya hazır olduğunu göstərir. İki ölkədə də müharibə ritorikasının üstünlük təşkil etməsi, biri-biri ilə əlaqəsi olmayan nəsillərin yetişməsi sülhün əsas əngəlləridir”. Narahatlığa baxmayaraq, hesabatda ATƏT-in Minsk Qrupu həmsədrlərinin münaqişənin nizamlanması prosesində zəifliyi də vurğulanıb: "Minsk Qrupunda sükan Moskvanın əlindədir. Digər həmsədrlər Moskvanın liderliyinə qarşı çıxmırlar və problemə biganə yanaşırlar. ABŞ administrasiyası isə hələ ki,münaqişə ilə maraqlanmayıb. Fransanın da başı prezident seçkilərinə qarışıb”.
Hesabatla bağlı "Şərq”ə danışan hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov deyib ki, əgər Ermənistan öz qoşunlarını torpaqlarımızdan geri çəkməsə və təxribat törətməkdə davam etsə, cəbhədə vəziyyət nəzarətdən çıxacaq:
"Hərbi toqquşmaların aprel savaşından daha ağır fazaya keçmə ehtimalı böyükdür. Bunu heç kim inkar etmir. Azərbaycan haqlı olaraq öz ərazilərinin azad edilməsi istiqamətində çalışır. Həm diplomatik yolla, həm də hərbi üsullarla düşməni torpaqlarımızdan atmaq üçün əlimizdən gələni edirik. Hamı başa düşür ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinin qarşısını alan böyük güclər var. Həmin güclər problemin həllində maraqlı deyillər. Ən böyük maneçilik isə birbaşa Rusiya tərəfindən törədilir. Ötən ilin aprelində biz bunun şahidi olduq. O vaxt Rusiyanın Azərbaycana təzyiq xarakterli çağırışlar etməsi Moskvanın kimin tərəfində olduğunu göstərdi. Halbuki Rusiya həmsədr ölkə kimi işğalçı Ermənistana təzyiq etməli idi. Axı Ermənistan kimdir ki, Azərbaycanla müharibəyə başlamağa, baş-başa gəlməyə cəsarət etsin? Ermənilərin sayı bizdən qat-qat azdır. Hərbi gücü, silah-sursat imkanları bizimlə müqayisə edilməz dərəcədədir. Sadəcə olaraq Rusiya və Fransa həmsədr dövlət olmalarına baxmayaraq, prosesin uzadılmasını istəyirlər”.
Ekspert Kremlin Sarkisyanı cəzalandıracağı fikri ilə razılaşmadığını deyib:
"Müşahidə etdiyimiz proseslər diqqəti yayındırmaq üçündür. Martın 14-də Sarkisyan Putinin dəvəti ilə iki günlük Moskvada səfərdə olacaq. Məqsəd vaxtı uzatmaqdır. İndiyədək Sarkisyan dəfələrlə Moskvada olub, Ermənistan xarici işlər naziri Rusiyaya səfərlər edib. Əgər Kremlin düşmən tərəfə "qulaqburma” vermək niyyəti olsaydı, bunu daha əvvəl edərdi”. Ü.Cəfərovun sözlərinə görə, Azərbaycan prinsipial mövqeyindən əl çəkməyəcək: "Biz müharibə aparırıq. Problem müsbət həllini tapmayana qədər gərginlik də olacaq, itkilərimiz də. Torpaq qansız alınmır. İndiyədək həyatını qurban verən oğullarımız boş yerə şəhid olmayıblar ki? Onların qanı, canı hesabına nə qədər ərazilər düşməndən qorunub. Ona görə də heç nədən çəkinmək, geri durmaq lazım deyil”.
İsmayıl