“Mirzə Cəlil” Media Mükafatı təqdim olundu

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı da mükafatlandırılıb
Dünən Beynəlxalq Mətbuat Mərkəzində (BMM) "Mirzə Cəlil” Milli Media Mükafatının ilk təqdimetmə mərasimi təşkil edilib. "Şərq” qəzeti xəbər verir ki, tədbirdə müxtəlif KİV-lərin rəhbərləri iştirak ediblər. "Mirzə Cəlil” Mükafatının təşkilat komitəsinin sədri Aqil Ələsgər mükafatın təsis edilmə səbəblərindən danışıb:
"Biz bu il ziyalılar, mətbuatımızın ağsaqqalları ilə məsləhətləşib, qərara aldıq ki, Azərbaycanın ən önəmli karifey isimlərindən biri, mətbuatımızın inkişafında ən azı Həsən bəy Zərdabi qədər xidmətləri olan Mirzə Cəlilin adına mükafat təsis edək və bu yolla onun adını əbədiləşdirək. "Mirzə Cəlil” Ali Media Mükafatı hər il sadəcə 5 nəfərə, ‘’Mirzə Cəlil’’ Media Mükafatı isə 10
nəfərə veriləcək. Bu mükafat hər ilin iyul ayının son 10 günlüyündə layiq olan, cəmiyyətdə heç bir şəkildə mübahisə yaratmayacaq şəxslərə təqdim ediləcək. Əsas məqsəd Azərbaycan mediasının inkişafında müstəsna xidmətləri olan insanları qiymətləndirməkdir”. ‘’Mirzə Cəlil’’ Milli Media Mükafatının təşkilat komitəsinin münsiflər heyətində Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlı, Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, teleaparıcı Anar Yusifoğlu, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının sədri Cahangir Məmmədli, Əməkdar jurnalist Azər Həsrət, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli yer alıblar. Tədbirdə çıxış edən S.Rüstəmxanlı, Münsiflər Heyətinin digər üzvləri Umud Rəhimoğlu, Rəhim Hüseynzadə və Azər Həsrət çıxış edərək mükafatın aktuallığından və günümüzdə ona olan ehtiyacdan danışıblar. A.Yusifoğlu gələcəkdə Mükafat Fondu formalaşdırılacağını da bildirib. Daha sonra mükafatçılara - professor Şirməmməd Hüseynov, BDU-nun jurnalistika fakültəsinin müəllimi Nəsir Əhmədli, "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, fotoqraf Elxan Kərimov (ölümündən sonra), Lent.az xəbər portalının baş redaktoru Qabil Abbasoğlu, İTV-nin informasiya departamentinin direktoru Rauf Rəcəbov, "Trend” informasiya agentliyinin direktor müavini Arzu Nağıyev, "Azadinform” agentliyinin baş redaktoru Niyaz Niftiyev, "Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev və "Birlik” jurnalının baş redaktoru İlqar İlkinə ödül təqdim edilib. Mədəniyyət kanalı, ATV, Lider TV, Region TV və Dünya TV telekanalları da Mirzə Cəlil ideyalarının təbliğindəki inkişafına görə münsiflər heyəti tərəfindən mükafatlandırılıb. Sonda münsiflər heyətinin üzvü, Xalq şairi Sabir Rüstəmxanlı tədbirə verdiyi dəstəyə görə iş adamı Məlahət Qurbanovaya "Təşəkkürnamə” təqdim edib.
Ayyət Əhməd