“Məktəb icmaları” elə “valideyn komitələri” kimi olacaq
Deyəsən, valideyn komitələri "məktəb icmaları” ilə əvəz olunur. Görünür, kimlərsə düşünüb ki, valideyn komitələri artıq köhnəlib, vaxtı keçib. İstifadə müddəti bitmiş ərzaqlar kimi. Və belə qərara gəliblər ki, onun əvəzində "məktəb icmaları” adında yeni bir təsisat formalaşdırsınlar. Adı da yeni, özü də. Bəs məzmunu? Öncə onu qeyd edək ki, "Məktəb icmaları” layihəsinə yeni qoşulan ümumtəhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.
Modern.az xəbər verir ki, Bakı şəhərindəki 147 nömrəli Texniki-Humanitar Liseydə keçirilən görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, "Məktəb icmaları” layihəsinin əməkdaşları, layihəyə yeni qoşulan 70 ümumi təhsil məktəbinin direktoru və valideynlər iştirak ediblər.
Tədbirdə "Məktəb icmaları” layihəsi haqqında geniş məlumat verilib. Qeyd olunub ki, məktəb icması - məktəb həyatını birlikdə daha maraqlı etmək üçün yaradılmış müəllim, valideyn və şagirdlərin birliyidir. "Birlikdə öyrənirik, istirahət edirik, inkişaf edirik” devizi altında fəaliyyət göstərən məktəb icmasına icma sədri və əsas fəaliyyət sahələri üzrə komitələr rəhbərlik edir.
Görüşdə artıq "Məktəb icmaları” yaranmış məktəblərin təcrübələrindən və icma qurum layihəsinin fəaliyyətinin müsbət nəticələrindən bəhs edilib. Bundan başqa, layihəyə yeni qoşulan məktəblərdə təşkilatçılar tərəfindən müəllim, valideyn və şagirdlərin ilk birgə iclaslarının keçirilməsinin nəzərdə tutulduğu da bildirilib.
"Məktəb icmaları”nın valideyn komitələrindən fərqi nə olacaq?
Təhsil problemləri üzrə mütəxəssis Nabatəli Qulamoğlu "Şərq”ə açıqlamasında dünyanın inkişaf etmiş bir sıra ölkələrində bizdəkindən fərqli "valideyn komitələri”nin fəaliyyət göstərdiyini dedi:
- Avropa ölkələrində təhsilə, məktəblərə nəzarət edən özəl qurumlar, qeyri-hökumət təşkilatları var. Bəzi xarici ölkələrdə vətəndaş cəmiyyəti lazımi qaydada təşəkkül tapdığı üçün məktəblərə nəzarəti həyata keçirmək də asan olur. Misir Mərdanov təhsil naziri olan vaxt "Müəllim-Valideyn Assosiasiyası” adlı qurumun yaranmasına dair əmr imzalandı. Məqsəd də bu idi ki, bu qurum məktəblə valideynlərin əlaqəsini yaratsın. Valideynlərlə məktəb arasında sağlam bağlantı formalaşsın. Əmrdə qeyd olunurdu ki, qurumun adı müxtəlif də ola bilər. Bəzi məktəblərdə Assosiasiya qoyuldu, bəzisində Valideyn Komitəsi və s. Hətta orada qeyd olunurdu ki, hansısa problemin həlli məqsədilə qurumun ianə toplaması da mümkündür.
"Məktəb icmaları” barədə qeyd olunanlar elə "valideyn komitələri”nin daşımalı olduğu missiya ilə eynidir. Orda da müəllim-şagird-valideyn birliyidir, burda da. Fərq nədədir? Görəcəyik. Hazırda bizim orta məktəblərdə fəaliyyət göstərən valideyn komitələrinin əsas "vəzifəsi” bayramlarda, sinif rəhbərinin ad günündə pul yığmaqdır. Valideyn komitəsi sədrinin də "vəzifəsi” valideynlərlə "dil tapıb”, onları "dilə tutub” məktəbə pul daşımaqdı. Elə bil ehsan toplayırlar. Özü də ancaq nağd formada. Məktəblərdə nağd pullar havada "oynayır”. Bu vəsait kimin cibinə gedir, hara xərclənir, heç kim bilmir, sorğu-sual edən də yoxdur. Yəni, bizdə Avropa ölkələrindəki təcrübənin ən pis variantı tətbiq olunur.
Məlahət Rzayeva