Mitinqdə terror törətmək istəyənlər aşkarlandı





"Dövlət Təhlükəsizlik Xidməti ölkə ərazisində sabitliyin qorunması üçün terrorçuları yerindəcə zərərsizləşdirir”
Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Bakıda terror hadisəsi törətməyi planlaşdıran dəstə üzvlərini zərərsizləşdirib. Aparılan araşdırma zamanı məlum olub ki, xaricdəki dini ekstremist terror təşkilatından təlimat alan "Abdullah” ləqəbli Bəxtiyar Ələkbərov, "Əbu-Yunis” ləqəbli Anar Məsimli və "Əbu-Vaqqas” ləqəbli Cavid Hüseynli "Milli Şura”nın 28 oktyabr mitinqində terror aktı törətməyi planlaşdırıblar. Bir neçə gün öncə "əmir” seçdikləri B.Ələkbərovun yaşadığı evdə toplaşan dəstə üzvləri sonuncu dəfə planı nəzərdən keçiriblər.

Müəyyən edilib ki, terrorçular əldə etdikləri maddə və ləvazimatlarla kustar üsulla partlayıcı predmetlər hazırlayıblar. Əməliyyat zamanı silahlı müqavimət göstərən dəstə üzvləri məhv ediliblər. Abşeron rayon prokurorluğundan verilən məlumata görə, terrorçuların mənzilinə baxış zamanı 5 ədəd patronla birlikdə 1 ədəd "Makarov” markalı tapança, 2 ədəd partlayışa hazır vəziyyətdə olan əl qumbaraları, 7 ədəd hazır vəziyyətdə şüşə butulkalarda kustar üsulla hazırlanmış "Molotov kokteyli” və xeyli sayda alışdırıcı maye ilə dolu 5 litrlik plastik qablar aşkar edilib. 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin dini ekstremistlərə qarşı keçirdiyi əməliyyat onları maliyyələşdirən dairələri ayıltmalıdır: 

"Həmin dairələr başa düşməlidir ki, Azərbaycanda vətəndaşların, dövlətin təhlükəsizliyi, ictimai-siyasi sabitliyin qorunması üçün hüquq-mühafizə orqanları hər an hazırdır. Dövlətimiz bu cür əməllərin qarşısını almaqda qətiyyətini heç zaman əsirgəməyəcək. Şübhəsiz ki, belə əməliyyatlar zərurətdən irəli gəlib. Azərbaycanda terror törətmək istəyənlər, dini radikal qruplara qoşularaq ölkəmizdə ictimai-siyasi sabitliyə xələl gətirməyə çalışanlar ictimai qınağa çəkilməlidir, onlar cəmiyyət qarşısında ifşa edilməlidir”.

Əməliyyatlarla bağlı "Şərq”ə danışan təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev deyib ki, terror cinayətkarlığın ən ağır formasıdır. Onun sözlərinə görə, terrorda əsas məqsəd dəhşət yaradan hadisə törətməkdir: 

"Terror hadisələri zamanı ən çox sivil insanlar, günahsız kütlə ziyan çəkir. Buna görə terrorçular insanların daha çox olduğu məkanları, kütlənin toplaşdığı yerləri hədəf seçirlər. Mahiyyət isə bəllidir, daha çox insan tələfatı olsun və cəmiyyətdə böyük rezonans yaratsın. 

İnsanlar parklarda, ticarət və əyləncə mərkəzlərində, konsert salonlarında şübhəli əşya, bağlama, yaxud özünü şübhəli aparan şəxs gördükdə dərhal hüquq-mühafizə orqanının əməkdaşlarına məlumat verməlidirlər. Bununla öz vətəndaşlıq borclarını yerinə yetirmiş olarlar. 

İstənilən halda Dövlət Təhlükəsizlik Xidməti ölkə ərazisində sabitliyin qorunması üçün terrorla və dini radikal qruplarla inamla mübarizə aparır, terrorçuları yerindəcə zərərsizləşdirir”.

İsmayıl