İctimai Televiziyada debatların təşkili texniki cəhətdən çox qüsursuz aparıldı
Namizədlər üçün bu prosesdə heç bir ayrı-seçkilik müşahidə edilmədi və inklüziv münasibətin şahidi olduq
İctimai Televiziya və Radio Yayımları Şirkətinin prezidentliyə namizədlər üçün ayırdığı ödənişsiz efir vaxtı başa çatıb. Məlumat üçün deyək ki, İTV namizədlərə ümumilikdə 18 saat (9 saat televiziya, 9 saat radio) pulsuz efir vaxtı ayırmışdı. Hətta müraciətlər nəzərə alınaraq debatların vaxtı üç saat irəli çəkilmişdi.
Bundan sonra isə prezidentliyə namizədlər ödənişli efir vaxtından istifadə edəcəklər. Namizədlərin və ya onların səlahiyyətli nümayəndələrinin çıxışının saniyəsi minimum 20 manatdır. Çıxışın saniyəsinin maksimum qiyməti isə 50 manat müəyyən edilib. Ekspertlərə görə, debatlar zamanı hər bir namizəd sərbəst şəkildə fikrini bəyan etdi və öz platformasını açıqladı. Yəni seçkiyə qatılan bütün namizədlər üçün bərabər imkanlar yaradıldı. Narazılığın olmamasını əsas tutaraq demək olar ki, namizədlərin televiziyadakı təbliğat-təşviqatı tam normal keçdi. Azərbaycanda seçkiqabağı təşviqat aprelin 10-da dayandırılacaq.
Proseslə bağlı "Şərq”ə danışan "Konstitusiya” Araşdırmalar Fondunun eksperti Zaur İbrahimli deyib ki, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq İTV tərəfindən 11 aprel prezident seçkisində namizədlərə 6 saat pulsuz efir vaxtı ayrıldı. Onun sözlərinə görə, bu vaxtın bir hissəsi İTV-nin efirində namizədlərin özlərinin seçdiyi və razılaşdırdığı debatlar formatında baş tutub və canlı yayımlanıb: "Şübhəsiz ki, namizədlərin debatının vaxtının daha geniş aduditoriya üçün münasib vaxta, yəni praym-tayma keçirilməsi müsbət məqam kimi dəyələndirilməlidir. Debatların təşkili texniki cəhətdən çox qüsursuz aparıldı. Eyni zamanda namizədlərin sərbəst şəkildə öz fikrini ifadə etmək, öz vaxtını idarə etmək, cavab vermək, polemika açmaq hüquqları tam təmin olundu. Namizədlər üçün bu prosesdə heç bir ayrı-seçkilik müşahidə edilmədi və inklüziv münasibətin şahidi olduq. Eyni zamanda aparıcı, İTV-nin əməkdaşı Anar Yusifoğlu tərəfindən peşəkar və obyektiv moderasiya prosesi ustalıqla həyata keçirildi. Moderator bitərəfliyi qorundu və bütün namizədlər üçün hüquqlar təmin edildi. Müzakirə və polemikalara kənar müdaxilə olmadı. Vaxtın tənzimlənmə və namizədlərin öz çıxışlarını idarəetməsi üçün müvafiq xəbərdaretmə sistemi də yaradılmışdı. Bütün bunlar deməyə əsas verir ki, namizədlərin debatı yüksək səviyyədə təşkil olundu. Onların hər biri üçün mövcud prosedurlar çərçivəsində maksimum imkanlar yaradıldı. Müzakirələrin mümkün qədər çox tele-auditoriya tərəfindən izlənməsi üçün addımlar atıldı”.
Ekspert vurğulayıb ki, namizədlərin hansısa məsələ ilə bağlı şikayət etməməsi, əksinə, müsbət fikirlər səsləndirməsi təqdirəlayiqdir:
"Ümumilikdə, namizədlərin təbliğat-təşviqat kampaniyası qanunvericiliyin tələblərinə uyğun olaraq aparılır. Onların hər birinə öz imkanları və resurslarını səfərbər edərək, açıq, azad və sərbəst şəkildə seçki kampaniyası aparmaq imkanı yaradılıb. Seçki tədbirləri zamanı asayiş yüksək səviyyədə təşkil olunur. Seçkidə iştirak etməyən siyasi qüvvələrin də siyasi tədbir və aksiyalarına icazə verilir. Onlar seçkidə iştirakın əleyhinə sərbəst kampaniya aparmaq imkanındadırlar. KİV-də pullu reklam vermək hüququnun reallaşması üçün müvafiq prosedurlar hazırlanıb və açıqlanıb. Ümumiləşdirsək, seçki prosesi, təbliğat-təşviqat kampaniyası, seçki tədbirləri qanunvericiliyin tələbləri, onun müəyyənləşdirdiyi standartlar səviyyəsində davam edir”.
İsmayıl