Modern.az 9 ildir yol gəlir

"Mənim üçün artıq birincilik, ikincilik məsələləri bitib"
Elşad Eyvazlı:"İndi qarşımıza başqa hədəf, yol qoymuşuq, bu istiqamətdə getmək lazımdır"



Modern.az xəbər agentliyinin fəaliyyətə başlamasının 9 ili tamam oldu. Hazırda Azərbaycanın onlayn media məkanında sayılıb-seçilən informasiya agentliklərindən biri olan Modern.az 2009-cu il sentyabrın 1-də yaradılıb. Fərqli təqdimatları, özünəməxsus layihələri, müsahibə və araşdırmaları ilə populyarlıq qazanan portal həm də gündəlik və operativ xəbər istehsalı ilə məşğuldur. Saytın Azərbaycanda və dünyada baş verən hadisələrə qərəzsiz, obyektiv yanaşması, bitərəf mövqeyi oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanır.

Böyük əziyyət və çətinliklər hesabına yaranan sayt indi öz ayaqları üzərində möhkəm durub. Modern.az bir media quruluşu olaraq ötən 9 il müddətində təkcə Azərbaycanda deyil, ölkə xaricində yaşayan soydaşlarımız tərəfindən də izlənilən xəbər istehsalçısına çevrilib.

Modern.az xəbər agentliyinin təsisçisi və baş direktoru Elşad Eyvazlı 9 ilin çox böyük vaxt olduğunu bildirir. Bu, onun üçün həm sevimli, həm də əziyyətli rəqəmdir: "9-la 10 arasında dünyalar qədər fərq var. Mənim üçün əziyyətli bir rəqəmdir. Həyatım boyu əziyyəti xoşlayan olmuşam. Bəlkə də ona görə bu rəqəm mənə doğmadır. 10 yaş olacaq, ya olmayacaq, bunu Allah bilir. Amma 9-a boylanıb baxanda əziyyətin zirvə nöqtəsini görürəm. 

Doğrudan da çətin və əziyyətli bir iş görmüşük. Desəm ki, axar ilə getmişik, yalan deyə bilərəm. Çünki elə bir zamanda yaşayırıq ki, bir günə 20 sayt yaranır. Modern.az yarananda bazarda boşluq var idi. İndi isə o qədər sıxlıq var ki... 

Və bura multimedianı yaxşı bilən gəncləri əlavə etsək, görərsiniz ki, tempi saxlamaq həmişə mümkün deyil. Bizim universiteti bitirdiyimiz vaxtla indiki gənclərin dövrü eyni deyil, onlar multimedianı bizdən çox bilirlər. Ona görə də əvvəlki vaxtlarla müqayisədə oxucu baxımdan xeyli itkimiz olub. Mənim üçün artıq birincilik və ya ikincilik məsələləri bitib. İndi qarşımıza başqa hədəf, yol qoymuşuq, bu istiqamətdə getmək lazımdır. Müasir oxucunun zövqü başqadır. Onun diqqətini "yandı", töküldü, öldü" kimi xəbərlər çəkir".

Baş redaktorun sözlərinə görə, o, hansısa problemlə qarşılaşanda daha güclü olur, problem olmayan gün isə darıxır: "Yəqin, xarakterim belədir. Mövzunu deyirəm, müxbir səhlənkarlıq edirsə, o mövzunu özüm işləyirəm. Çünki aradakı boşluğu ortadan qaldırmalıyam. Bizdə hansısa xüsusi gestapo rejimi yoxdur. Ancaq yeni gələn hər bir əməkdaşa ilk dediyim söz budur ki, redaksiyanın qapısından içəri girdinsə, sən dost və ya qohum deyilsən, xəbər istehsalçısısan. 

Əməkdaşlarımızla əvvəlcədən belə danışmışıq ki, yalnız öz probleminizi deyil, ailənizin də deyilə bilən problemini mənimlə bölüşə bilərsiniz. Mən böyük bir adam deyiləm, sizə bəlkə də böyük köməyim dəyməz. 

Hər halda ən azı mənəvi dəstək ola bilərəm, ən azı harasa zəng vurub kömək etməyə çalışaram. Çünki müxbirin beyni ailəsinin yanında olsa, o, yaxşı işləyə bilməyəcək. Ona görə bizdə mümkün qədər çox tələbkarlıq var. Bir mövzunu verəsən, müxbir işləməsə, dünya dağılar.

Qızıl qaydalarımızdan biri də odur ki, bir az kasıb yaşaya bilərsən, amma jurnalist kimi üzü ağ, hamının gözünün içinə dik baxmaqdan böyük varlıq, zənginlik yoxdur. Biz bunu əməkdaşlarımıza öyrətmişik. Bir də dövlətini, millətini sevmək başda duran məsələdir".

Saytın illərdir hər mənada əziyyətini çəkənlərdən biri, redaktor Əfqan Qafarlı müxbirlərin işindən razı qalıb-qalmadığı barədə danışdı:

 "Bəzən nazirlərin vəzifələrini böyük hərflərlə yazırlar. Adam onda əsəbiləşir. Ümumən, xırda səhvlər də olur. Elə böyük bir şey olmur. Formalaşmış gənclərdirlər. Hamı üslubu tutub.
Tərifdə bir az xəsisəm. Çalışıram, çox üzlərinə deməyim. Rəhbərliyə deyirəm ki, yazısı yaxşıdır. Aqşin müsahibə götürəndə soruşur necə yazıdır? Deyərdim ki, Aqşinin müsahibələri mətbuatda sayılıb seçilənlərdəndir. "Yaxşı", "əla" dediyim olur. Mirmahmudun parlamentdən eksklüziv xəbərləri də diqqət çəkir. Parlamentə gedən müxbirlərin çoxlarını bəlkə də geridə qoyub.

Saytın əməkdaşı Gülşən Raufqızı 2013-cü ildən çalışdığını deyir: 

"Ümumilikdə iş mühitimiz, kollektivimiz çox əladır. Heç kimin heç kimdə işi yoxdur, kimsə digərinin işinə qarışmır, bəzi redaksiyalarda olduğu kimi intriqa, redaktor-müxbir çəkişməsinə rast gəlməzsiniz.
Bəzən qəzet və saytın işini müqayisə edirlər, hətta bununla bağlı kütləvi informasiya vasitələrində məqalələr də gedir. Qəzetdə çalışmasam da, qəzet əməkdaşları dostlarımızın danışdıqlarından, onların işinin daha rahat olduğu qənaətindəyəm. İş saatı 12:00-da başlayır. Günə 1-2 yazı verirsən. Yəni o məlumatı hazırlamağa kifayət qədər vaxtın olur. Saytda günə 1-2 yazı ilə kifayətlənmək mümkün deyil. İş saatımız 09:00-dan 18:00-dək davam edir. Hər dəqiqə kompüter qarşısında olmalı, xəbər istehsal etməli, tədbirlərdə iştirak etməli, gündəm yaratmalısan. Bunlar olmayanda şəxsən mən özümü lazımsız, gərəksiz biri kimi hiss edirəm redaksiyada. Həmişə olmasa da, xüsusilə yayda belə günlərimiz olur. Bir məsələni də diqqətə çatdırmaq istərdim. Sosial şəbəkələrdə də bəzən belə fikirlər səslənir ki, "indi jurnalist olmağa nə var? Zəng edirsən, sualını verib cavabını alırsan.

Amma heç də belə deyil. Bəzən baş vermiş hadisəyə dərhal cavab almaq tələb edilir. Amma qarşı tərəf cavabı günlərlə yubadır. Bu da bizim işimizə mənfi təsir edən amildir. Həmçinin, elə müsahib olur ki, özü, savadı bir şey olmasa da, sən ona səbr etməlisən... Bütün bunlar - gün ərzində kompüter qarşısında əyləşmək, hər müsahiblə "öz dilində” danışmaq əlavə stress və gərginliyə səbəb olur. Nəticədə özümüz də hiss etmədən səhhətimizdə kifayət qədər ciddi problemlər yaranır. Bir sözlə, "kənardan dava asan görünür”. Amma unutmayaq ki, indi hər adam da əlinə "silah” alıb "davada” iştirak etmək iqtidarında deyil”.

Saytın gənc əməkdaşı Günay Rəsulqızı Modern.az saytının onun üçün jurnalistika sahəsində ilk iş yeri olduğunu deyir: 

"Öyrəşə bilmirdim. İşə alışmağım çox çətin idi. Uşaqlar, əsasən də Aqşin çox kömək etdi. Onlar sayəsində yavaş-yavaş addımlar atdım. İndi sosial, mədəni sahələrdən yazıram. Elşad müəllimin bizə ən çox iradı mövzularla bağlı olur. Hər gün bizdən mövzu verməyi tələb edir. Bəzən tənbəllik, məsuliyyətsizlik edirəm. Onda deyir, niyə operativ deyilsən? Gündəmi dəyişin, manşet olmalıdır və s. Buna görə də redaksiyada ən çox işlətdiyim sözlər "xəbər, xəbər, manşet, manşet”dir. Bu sözlər evə gedəndə də yadımdan çıxmır.

Açığı, özümə güvənməsəm də, Elşad müəllim, həmçinin Modern-çilərin köməkliyi ilə qismən də olsa, bacardığımı düşünürəm. BDU jurnalistika fakültəsində bu sahənin nəzəriyyə tərəfi bəlli idi, Modern-də isə praktiki olaraq kifayət qədər məlumatlar əldə edə bildim. Müşahidə etdiyim qədərilə Modern.az saytı təkcə mənim yox, hazırda jurnalistikada fəaliyyət göstərən əksər insanların ilk iş yeri, ilk məktəbi olub. Redaksiyada istənilən şərait var ki, nələrisə öyrənə biləsən. 

Məsələn, Elşad müəllim, həmçinin Əfqan müəllim nə zamansa "filan mövzunu işləmək istəyirəm, ya da layihə və s." deyəndə etiraz etməyib, əksinə, dəstək olub və düzgün istiqamətləndiriblər. Məncə, Modern-in əsas fərqlərindən biri də budur. Burda istər-istəməz operativ olmağı, hər hadisəyə xəbər kimi yanaşmağı öyrənirsən”.

Saytın parlament müxbiri Mirmahmud Kazımoğlu da sayt və öz fəaliyyəti barədə təəssüratlarını qeyd etdi: 

"Bir ay olar işə gec gəlirəm, bir az yorğunluq var. Sumqayıtdan gəlirəm, başa düşürlər. Bir az da özümdə tənbəllik var. Redaktorların başqa iradları da olur, yadımda deyil”.

Deputatların əksəriyyəti ilə münasibətlərim yaxşıdır. Bircə dil tapa bilmədiyim Əliağa Hüseynov adlı millət vəkili olub. Onu danışığını bilməyən deputat kimi tanıyıram. Mənə Milli Məclisdə onunla bağlı ölçü götürəcəklərini dedilər. Sonrasını bilmədim, necə oldu”.

Modern.az-ın 9 ili münasibəti ilə deputatlar da öz fikirlərini bildirib və saytın yaradıcı heyətinə uğurlar arzulayıblar. Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, Modern.az xəbər portalı yarandığı dövr ərzində çox sürətlə inkişaf edib, media məkanında söz sahiblərindən birinə çevrilməyi bacarmış saytlardandır: 

"Saytda dərc olunan xəbərlər, araşdırmalar həm ölkədə, həm də dünyada baş verən proseslərin oxucuya obyektiv və operativ çatdırılması istiqamətində nümunə sayıla bilər. Aktual məsələrlə bağlı ekspertlərin fikirləri, elm və sənət insanları haqqında materiallar xəbər portalında böyük maraqla izlənilir. Saytın fərqli təqdimatları, yeni layihələri, müxtəlif janrlarda maraqlı materiallar dərc etməsi, baş verən hadisələrə qərəzsiz yanaşması və bitərəf mövqeyi oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanır. Modern.az xəbər portalının təsisçisi və baş direktoru Elşad Eyvazlı başda olmaqla saytın bütün kollektivini təbrik edir, uğurlarının davamlı və daha böyük olmasını arzulayıram”.

Milli Məclisin 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatı, Aqrar siyasət komitəsinin üzvü Tahir Süleymanov da Modern.az xəbər agentliyinin kollektivini 9 yaşı münasibətilə təbrik edib: 

"Modern.az saytı ötən 9 il ərzində Azərbaycanda internet medianın cəmiyyətdəki yeri və rolu, fəaliyyət dairəsinin spesifik cəhətləri ilə bağlı kifayət qədər bitkin təsəvvür formalaşdırmağa nail olub. Portal rəngarəng dəst-xətti ilə ortaya bu yeniliyin nümunəsini qoymağı bacarıb. Özünəməxsus təqdimat tərzi və peşəkarlıq xüsusiyyətləri ilə seçilib. Hesab edirəm ki, Modern.az-ı Azərbaycanın media məkanında hələ çox uzun yol gözləyir. Portal əməkdaşlarına bu yolda yeni-yeni uğurlar, çoxsaylı ad günləri, yubileylər arzulayıram".

Yeganə Bayramova