“Biz bu paradı çox maraqlı, baxımlı, həm də qarşı tərəflərə bir çox mesajlar verəcək şəkildə keçirə bilərik”
Möhtəşəm hərbi parada ehtiyac var
Bu Cümhuriyyətin və Ordumuzun 100 illiyinə böyük töhfə olar
“Biz bu paradı çox maraqlı, baxımlı, həm də qarşı tərəflərə bir çox mesajlar verəcək şəkildə keçirə bilərik”
“Biz bu paradı çox maraqlı, baxımlı, həm də qarşı tərəflərə bir çox mesajlar verəcək şəkildə keçirə bilərik”
Hərbi parada hamımız tamarzıyıq. Hərbi paradı arzularında, xəyallarında yaşadanlar o qədərdi ki!.. Özü də necə bir parad; torpaqlarının işğalı sonlandırılmış, kəsik bir parçasına qovuşmuş ölkədə keçirilən möhtəşəm bir parad. Məhz o parad Azərbaycan dövlətçiliyi tarixinə qızıl hərflərlə həkk ediləcək, hər kəsin qürurlanacağı, fəxarət duyacağı, sevinc və vüqar göz yaşlarını axıdacağı, dünya durduqca unudulmayacaq parad olacaq. Mütləq olacaq. Olmaması mümkün də deyil. Vətəninə, dövlətinə bağlı hər bir insan üçün bundan müqəddəs, bundan ülvi və bundan təbii bir arzu, istək ola bilməz. O əzəmətli günün intizarındaykən, bu günün gerçəklikləri əhatəsindəyik. Və hər keçən gün bizi Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünə, onunla yanaşı həm də Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubiley təntənələrinə yaxınlaşdırır. Milli Ordumuzun təşəkkül tapmasının 100 illik yubileyi münasibətilə hərbi paradın keçiriləcəyi ehtimalları da belə bir zamanda gündəmə gəlib. Müxtəlif təbəqələri təmsil edən insanlarımız Milli Ordu günü - 26 iyun tarixində hərbi paradın keçirilə biləcəyini istisna etmirlər. Hətta hərbi parad keçirilməsinin zəruriliyini önə sürənlərin sayı gündən-günə daha da artır. Hərbi parad keçirilərsə, bu, Azərbaycan dövlətçilik tarixinin tərənnümü baxımından çox faydalı olacağı qənaəti də getdikcə möhkəmlənir. Əsas məsələ, hərbi paradın Azərbaycan hərb tarixini əks etdirə bilməsidir. Bu məqsədlə hansı tədbirlər görülməlidir?
Hərbi parad tariximiz
Azərbaycanın hərb tarixində ilk paradın təməli 1918-ci ildə Bakıda Qafqaz-İslam Ordusunun zəfər yürüşü ilə qoyulub. Bakını erməni daşnakları və kommunaçıların işğalından azad etmiş Qafqaz-İslam Ordusu indiki İstiqlaliyyət küçəsi ilə zəfər yürüşü keçirib. Sonrakı tarixi hadisələr məlumdur. Sovet Azərbaycanında isə paradlar adətən 1 Mayda - Zəhmətkeşlərin Həmrəyliyi günü olardı. Lakin bu, əlbəttə, hərbi parad deyildi. O illərdə heç Moskvada da 9 May Qələbə Günü münasibətilə hərbi parad keçirilməzdi. Qələbə gününü 1 Mayın "gözünə qatıb” birgə qeyd edərdilər. Zəhmətkeş kütləsi axınında hərdən bir-iki hərbi texnika da nümayişə çıxarardılar, bununla da iş bitmiş hesab edilərdi. Hətta o zamanlar belə bir söz də gəzirdi ki, guya Yaponiya, Çin SSRİ-nin hərbi parad keçirməsinə etiraz edir, buna görə sovetlər birliyi hərbi paraddan imtina edib. SSRİ dağıldıqdan sonra isə varis Rusiya Federasiyasında Qələbə Gününü xüsusi qeyd etməyə başladılar. Neçə ildir ki, nəinki Rusiya paytaxtında, digər böyük şəhərlərdə də izdihamlı, göstərişli hərbi paradlar keçirilir artıq. Etiraf etməliyik ki, çox da nümunəvi təşkil olunur. Böyük Vətən müharibəsində döyüşmüş taqım, bölük, alaylar fəxri keçiddə təmsil olunur. Əhali müharibə iştirakçılarının şəkillərini əllərində daşıyır.
Azərbaycanın müasir hərbi parad tarixinə gəlincə, qeyd etməliyik ki, məhz ümummilli lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanı ilə AXC hökumətinin ilk hərbi hissəni təsis etdiyi tarix - 26 iyun hər il Azərbaycan Silahlı Qüvvələri günü kimi qeyd olunur.
Azərbaycanda ilk hərbi parad isə 1992-ci il oktyabrın 9-da baş tutub. 2008-ci il iyunun 26-da Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ikinci, 2011-ci il iyunun 26-da üçüncü, 2013-cü il iyunun 26-da isə dördüncü hərbi parad keçirilib.
2018-ci il 26 iyununda - Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümü günü də hərbi parad olacaqmı? Hərbi parad görmək arzusunda olanlar fikirlərini bölüşdülər.
Süvari alayı, Qarabağ döyüşçüləri...
"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli "Şərq”ə açıqlamasında hərbi paradın keçirilməsini zərurət olduğunu dedi:
- Həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də Silahlı Qüvvələrimizin 100 illik yubileyi böyük tarixi hadisədir və mütləq qeyd olunmalıdır. Biz bu paradı çox maraqlı, baxımlı, həm də qarşı tərəflərə bir çox mesajlar verəcək şəkildə keçirə bilərik. Məsələn, Cümhuriyyət ordusunun ilk əsgərlərini xatırladacaq, onların hərbi formasını geyinmiş bir taqım və ya süvari alayı fəxri keçiddə təmsil oluna bilər. Təbii ki, Azərbaycanın müasir Silahlı Qüvvələrinin hərbi potensialı, hərbi qüdrətimiz, texnika nümayiş olunacaq, lakin bununla yanaşı hərb tariximizin də nümayişi mütləq olmalıdır. Məsələn, Cümhuriyyət dövründə yazılmış hərbi marşlar ifa edilə bilər. Bundan başqa, Qarabağ müharibəsinin iştirakçıları, qazilərimiz, müharibə veteranları fəxri keçiddə iştirak etməlidir. Hətta deyərdim ki, hərbi həkimlər, tibb bacıları... Yəni müxtəlif ideyalar bir araya gətirilərək çox gözəl ümumi mənzərə yaratmaq mümkündür.
E.Mirzəbəyli işğal faktı davam etdiyi bir vaxtda hərbi paradın keçirilməsinin məntiqsiz olduğunu söyləyənlərlə razılaşmadığını bildirdi:
- Azərbaycan torpaqlarının işğalı sadəcə 2 dövlət arasında baş vermiş müharibənin nəticəsi deyil. Biz məsələyə "məğlub ölkə”, "məğlub ordu” anlayışı ilə yanaşmamalıyıq. Qarabağ müharibəsindəki məğlubiyyət Azərbaycanın adına yazıla bilməz. Dünya bilir ki, bu müharibədə Ermənistana dəstək verən Rusiya hərbi birləşmələri olub. Bu, faktdır və heç kim də onu dana bilməz. Azərbaycan Qarabağ savaşında tək Ermənistana qarşı döyüşməyib, hətta deyərdim ki, ümumiyyətlə, Ermənistana qarşı döyüşməyib. Azərbaycan super-güclərə qarşı döyüşüb. Bilirsiz ki, o illərdə hətta Azərbaycan polisinin (milisinin) silahı da əlindən alınmışdı. Yerli özünü müdafiə batalyonları min-bir əziyyətlə silah-sursat əldə edib, torpağını qoruyurdu. Hər bir məsələdə tarixi şərait mütləq nəzərə alınmalıdır. Bu baxımdan hesab edirəm ki, bizim hərbi parad keçirmək hüququmuz var. Bu illər ərzində Azərbaycan Silahlı Qüvvələri güclənib, hərbi potensialımız artıb. Güclü bir ordu yaratmağa nail olmuşuq. Bunu dünyaya, düşmənlərimizə göstərməliyik.
Hərbi parad məfkurə məsələsidir
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc isə Modern.az-a açıqlamasında deyib ki, Azərbaycanın dövlət quruculuğunun və müstəqilliyinin 100 illiyi əlamətdar hadisədir:
"Bu, bir tərəfdən Şərq aləmində bir millətin iradəsinin ən yüksək zirvəsinin qeyd olunmasıdır. Digər tərəfdən isə hazırki dünya reallığında müxtəlif təhlükəli proseslərin getdiyini görməkdəyik. Bu da ondan ibarətdir ki, xalqlar, mədəniyyətlər, sivilizasiyalar toqquşdurulur. Burada bir millətin həyat mübarizəsi, ayaq üstə qalması, milli məfkurəsi ön plana çıxır. Avropa məkanında nə qədər sabitliyi görsək də, yerdə qalan qitələrə sanki dövlətləri dağıtmaq prosesini ixrac edirlər. Belə olan təqdirdə bizim milli amallar ətrafında birləşməyimiz xüsusi önəm daşıyır. Hər kəsə bəllidir ki, Azərbaycan 100 il əvvəl dövlətini quranda da, indi də ordu bütün başqa güclərdən önə çıxıb. Yəni hansısa bir dövlətin başqa sahələrdə nailiyyətləri, fəlsəfəsi çox ola bilər. Amma əlində silah tuta bilən əsgəri, peşəkar zabitləri formalaşa bilmirsə, bir millət özünü qorumağa qadir ola bilmir”.
Zahid Oruc hesab edir ki, Azərbaycanda dövlət müstəqilliyinin qeyd olunması tədbirləri sırasında 28 May daha əlamətdar tədbirlərlə yadda qalacaqsa, 26 İyunda isə hərbi paradın keçirilməsi yerində olardı.
Gücün nümayişi baxımından bu çox əhəmiyyətlidir. Ona görə də ölkəmizin, iqtisadi, ictimai, siyasi həyatında ən son birləşdiyi nöqtə hərbi qüvvələrdir. Keçirilən parad cəmiyyətə yaxşı mesaj verir, nikbinlik yaradır, güvənc doğurur. Qarşı cinah isə bunu təhlükə kimi qarşılayır. Onu da qeyd edim ki, Azərbaycanda keçirilən ötən hərbi paraddan da müəyyən bir dövr keçib. Biz 26 İyunda Azərbaycan Ordusunun yaranmasının 100 illik yubileyini qeyd edəcəyik. Ona görə də mən parlament üzvü kimi bu təşəbbüslə çıxış edirəm ki, bu tarixdə hərbi paradın keçirilməsi, mühüm, siyasi, təhlükəsizlik və ictimai məna daşıyır. Mən bu məsələni növbəti iclasda parlament müstəvisində də qaldıracam”.
Məlahət Rzayeva