Monitorinqlərlə qanunsuz dini ədəbiyyatların qarşısını almaq mümkün deyil

Məsələni kökündən həll etmək üçün nurçuluq, sələfilik kimi təhlükəli təriqətlərin ölkədə təbliğatına birdəfəlik qadağa qoyulmalıdır



Ötən gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hüquq-mühafizə orqanları ilə birgə "Sədərək” Ticarət Mərkəzində yerləşən dini təyinatlı ədəbiyyatın və əşyaların satışı ilə məşğul olan mağazalarda monitorinq keçiriblər. Monitorinqin keçirilməsində məqsəd dini təyinatlı ədəbiyyatların və məmulatların satışı ilə məşğul olan məntəqələrin qanunlara uyğun fəaliyyət göstərib-göstərmədikləri müəyyən etmək olub.

Həyata keçirilən reyd zamanı mağazaların dini təyinatlı ədəbiyyat və dini məzmunlu başqa məmulatların satışı ilə məşğul olması üçün DQİDK-dan müvafiq razılıq almadığı, satılan dini təyinatlı ədəbiyyat nümunələrinin nəzarət markası ilə markalanmadığı aşkar edilib. Qeydə alınmış qanun pozuntuları hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada sənədləşdirilib. Hazırda pozuntularla bağlı müvafiq araşdırmalar davam etdirilir. Xatırladaq ki, bir müddət əvvəl Bakıda keçirilən əməliyyat zamanı Fətullahçıların yığışdığı bir evdə xeyli sayda nurçulara məxsus qadağan olunmuş dini ədəbiyyat müsadirə edilərək götürülüb. Məlum olub ki, ələ keçən qruplaşma üzvləri həmin kitabların satışını təşkil edir, əksər hallarda isə pulsuz yayırlarmış.

Komitə tərəfindən aparılan təftişlə bağlı "Şərq”ə danışan ilahiyyatçı-yazar Cavid Cabbarlı hesab edir ki, hansısa monitorinqlərlə qanunla qadağan olunmuş dini ədəbiyyatların satışının qarşısını almaq mümkünsüzdür: "Komitə tərəfindən mütəmadi təftiş həyata keçirilərsə, prosesin qarşısını nisbətən almaq olar. Amma məsələni kökündən həll etmək üçün nurçuluq, sələfilik kimi təhlükəli təriqətlərin ölkədə təbliğatına birdəfəlik qadağa qoyulmalıdır. Yalnız o halda həmin sektalara məxsus ədəbiyyatların açıq şəkildə satışa çıxarılmasının və insanlar tərəfindən alınmasının qarşısını almaq mümkündür. Amma biz konkret təriqətlərin, radikal məzhəblərin yayılmasına qadağa qoymuruqsa, onlara xas dini ədəbiyyatların satışına necə, nəyə əsasən qadağa qoyaq?! Bu, bir az məntiqsizdir. Əslində problem burdan başlayır. Təbliğatına qadağa qoyulması zəruri olan təriqətlər içində ən təhlükəlisi Fətullah Gülənin radikal qruplaşmasıdır. Çünki bu, dini olmaqla yanaşı, eyni zamanda siyasi cərəyandır. Fikrimcə, islahatlar üzdən yox, köklü aparılmalıdır. Onlara qarşı mübarizədə ciddi olmalıyıq. Təbii ki, Dini Komitənin gördüyü işləri təqdir etmək lazımdır. Ancaq nəzərə alınmalıdır ki, qadağalarla hansısa dini ədəbiyyatların ölkəyə girişinin tamamilə qarşısını almaq olmaz”.

İsmayıl