Moskva da anlayır

ABŞ Rusiyaya sanksiyaları yumşalda bilməz


ABŞ Prezidenti Barak Obama Rusiyaya qarşı sanksiyaları daha 1 il uzadıb. Bu sanksiyalar 2014-cü ildə Krımın ilhaqı və Ukraynanın şərqindəki münaqişəyə görə tətbiq edilib. Sanksiyalar 2017-ci ilədək qüvvədə qalacaq. Məlumat üçün deyək ki, bir sıra ekspertlər ABŞ-Rusiya arasındakı Suriya razılaşmasından sonra növbəti sanksiyaların bir qədər yumşaldılacağını gözləyirdilər.

Amma Obamanın qərarı bu gözləntiləri puç etdi. Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Elxan Şahinoğlu deyib ki, Suriya məsələsi ilə bağlı ABŞ-Rusiya arasında müəyyən razılaşma əldə olunub. Çünki Kremlin Əsədə təsir imkanları var, eynilə Qərb dövlətlərinin də Suriyadakı müxalifətə dəstəyi güclüdür. Ona görə də tərəflər istər-istəməz dil tapmağa məcburdur. Amma Ukrayna məsələsi fərqlidir: "Rusiya Krımı ilhaq edib və Qərbə deyir ki, siz Krımı unudun. Dəfələrlə də bəyan edib ki, Moskvanın Krımdan vaz keçmək niyyəti yoxdur. Krımın ilhaqı məsələsində Rusiyanı dəstəkləyən heç bir ölkə yoxdur. Ona görə də Rusiyaya qarşı sanksiyalar hamı tərəfindən qəbul olunur. ABŞ bu sanksiyaları ortadan qaldıra, yumşalda bilməz. Sanksiyaların davam etməsi labüddür. Bunu Rusiya özü də anlayır. Bununla bağlı İran təcrübəsi ortadadır. ABŞ İrana qarşı sanksiyaları qaldırdı. Amma iki gün sonra başqa raketlərlə bağlı yenidən İrana qarşı sanksiyalar tətbiq etdi. Çünki ABŞ qarşısındakı dövlətlərə eyni aspektdən baxmır və lazım olanda fərqli münasibətlər ortaya qoyur”.

İsmayıl