Rusiya-ABŞ münasibətləri iki partiya - Respublikaçılar və Demokratlar arasında ciddi qarşıdurmaya səbəb olub
ABŞ-ın nümayəndələr palatasında Respublikaçıların əksəriyyəti Rusiyaya qarşı sanksiyaların tətbiqinə dair səsverməni dayandırıblar. Səsvermə əvəzinə, qanun layihəsi sənədin mətnini qiymətləndirən xarici işlər üzrə Komitəyə təqdim edilib.
Əgər nümayəndələr palatası qanun layihəsinə dəyişikliklər edərsə, yenidən siyasi müzakirələr aparılacaq. Rusiyaya qarşı sanksiyaların tətbiqinin tərəfdarı olan konqresmen Eliot Engel respublikaçıların layihənin baxılmasını dayandırmalarından narahatdır. O deyib ki, bu addım prosesi ləngidəcək və Kremli məsuliyyətə cəlb etmək səylərinə kölgə salacaq. Engel təcili olaraq səsvermənin keçirilməsini tələb edib. Ekspertlərə görə, Respublikaçıların addımı xarici siyasətdən daha çox partiyalar arası daxili hesablaşmaya xidmət edir.
Bu barədə "Şərq”ə açıqlama verən politoloq İlqar Vəlizadə bildirib ki, son zamanlar Rusiya-ABŞ münasibətləri iki partiya - Respublikaçılar və Demokratlar arasında ciddi qarşıdurmaya səbəb olub. Onun sözlərinə görə, hazırda daxili siyasətin əsas mübahisə teması məhz Moskva ilə əlaqələrdir:
"Müxaliflər hesab edirlər ki, Trampın hakimiyyətə gəlməsində Rusiyanın rolu olub. Ona görə də hər fürsətdə impiçment məsələsini gündəmə gətirirlər və prosesi tezləşdirmək istəyirlər. Rusiyaya qarşı sanksiyaların yubadılması söhbəti bu məqsədlə ortaya atılıb. Burada xarici siyasət ikinci plandadır, əsas məqsəd qarşı tərəfin işini çətinləşdirməkdir”. Ekspert düşünür ki, Rusiyaya qarşı sanksiya səsverməsi "siyasi gediş” olaraq təxirə salınıb: "Əslində burada Moskvanı sevindirəcək heç nə yoxdur. Çünki gec-tez Kremlə qarşı siyasət öz axarı üzrə davam etdiriləcək. Rusiyanı tutduğu yoldan çəkindirmək üçün sanksiyalardan başqa yol yoxdur. ABŞ bu siyasətə dəstək verməyə məcburdur. Prosesi bilərəkdən ləngitsələr də, birbaşa dayandırmadan söhbət gedə bilməz. Sanksiyaları yalnız Moskva özü sonlandıra bilər. Hələlik, sanksiya məsələsi "Domokl qılıncı” kimi Ağ Evin üzərində dayanıb”.
İsmayıl