MSK-nın sabiq üzvü Ənvər Əliyev Ağdaşın gələcək deputatının adını açıqlamaq istəmədi

“Oranın öz adamı var”



Ölkə başçısı İlham Əliyev bir neçə gün əvvəl 90 saylı Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, 90 saylı Ağdaş Seçki Dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilər 2016-cı il iyunun 18-nə təyin edilsin. Lakin sərəncamdan xeyli müddət keçsə də, hələ ki, boş qalan yerə heç bir namizəd irəli sürülməyib. Doğrudur, hakim partiya və eləcə də digər siyasi təşkilatlar seçkilərdə fəal iştirak edəcəklərini bəyan ediblər. Buna rəğmən heç bir aktivlik müşahidə olunmur və sanki bu seçkiyə heç bir maraq göstərilmir. Məsələyə münasibət bildirən Mərkəzi Seçki Komissiyasının (MSK) sabiq üzvü Ənvər Əliyev "Şərq”ə bildirib ki, həmin seçkiyə marağın azlığının səbəbi məlumdur: "Oranın öz adamı var”. "Bu adam kimdir, adını açıqlaya bilərsinizmi” sualına gəlincə, müsahibimiz bildirib ki, ad çəkmək istəmir: "Müxtəlif variantlar var. Burada ayrı-ayrı partiyaların, xüsusən də hakim partiyanın maraqları ola bilər. Bu təcrübədən hər kəsin məlumatı var. Elə anlayıram ki, bu məsələ ətrafında müzakirə açmağa ehtiyac yoxdu. Hamımız təcrübəni bilirik”.

Ayyət Əhməd