“Müdafiə xəttini 40 dəqiqəyə keçdik”
“Kənardan müdaxilə olmasa, ermənilər 3 gün davam gətirə bilməzlər...”
"Azərbaycan Rusiya Federasiyasının Suriyada keçirilən hərbi əməliyyatlardakı təcrübəsini öyrənir”. Bunu Azərbaycanın müdafiə naziri Zakir Həsənov deyib.
O, rusiyalı həmkarı Sergey Şoyqu ilə dəfələrlə fikir mübadiləsi apardığını bildirib: "Bütün dünyada uğurla və ya əksinə, uğursuzluqla nəticələnən və problemləri üzə çıxaran hərbi münaqişələrin öyrənilməsi üzrə hərbçilərdə qəbul olunmuş bir təcrübə var. Mütəxəssislərlə təcrübə mübadiləsi aparırıq. Biz dəfələrlə Rusiya müdafiə naziri Sergey Şoyqu ilə fikir mübadiləsi aparmışıq. Bizim müvafiq komandanlar da söhbətləşiblər. Sağ olsun Rusiya tərəfi ki, bizə material təqdim edib. Biz bunu öz bölgəmizə uyğunlaşdırırıq”.
"Ermənistanda yerləşən "İsgəndər” raketlərini vura biləcək silaha malikik”
Müdafiə naziri Zakir Həsənov bildirib ki, Nazirliyin sərəncamında həmin raketləri vura biləcək sistemlər var: "Bizdə olan raketlər sayca düşmən raketlərindən 50 dəfə çoxdur. Dediyim sözlərə görə, tam məsuliyyət daşıyıram. Əgər onlar bu raketləri tətbiq etmək fikrinə düşsələr, Ermənistanın infrastrukturuna və endiriləcək cavab zərbəsinin necə olacağını təsəvvür edin”. Z.Həsənov qeyd edib ki, dünyada qoşunların tətbiq edilməsi taktikasının bir neçə növü var: "Bəli, "İsgəndər” yaxşı raketdir. Lakin bir sıra suallar ortaya çıxır. Bu, o raketlərin hansı növüdür, texniki vəziyyəti necədir, həmin raketləri kim idarə edir və nəhayət, ən əsası onu tətbiq etmək iqtidarında olacaqlarmı? Hərbçi kimi biz hər zaman ən pis variantı nəzərdən keçiririk və ona hazırıq. Düzdür, sizə haqqında yuxarıda bəhs etdiyim raketləri Rusiyadan almasaq da, onlar keyfiyyətcə geri qalmır. Sizə deyim ki, biz artıq vəziyyəti modelləşdirmişik və döyüş atışları keçirmişik. Nəticə əladır! Bu gün biz əminliklə deyə bilərik ki, yaşayış məntəqələrimizi və hərbi obyektlərimizi havadan endirilən raket hücumundan qoruya bilərik”.
"Bizi o vaxt dayandırmasaydılar, müqavimət artıq sındırılacaqdı”
Zakir Həsənov vurğulayıb ki, rəsmi Bakı ermənilərin nəyə ümid etdiyini bilir: "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmaqla, Ermənistan digər ölkələri öz təxribatlarının girovuna çevirir. Onlar bilirlər ki, heç kim situasiyaya müdaxilə etməsə, heç 3 gün davam gətirə bilməyəcəklər. 2016-cı ildə artıq bu, baş verib. Bizi o vaxt dayandırmasaydılar, müqavimət artıq sındırılacaqdı. Düşmənin illər ərzində qurduğu müdafiə xəttini 40 dəqiqəyə keçdik”. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı sualı cavablandıran nazir qeyd edib ki, Azərbaycan problemin sülh yolu ilə həllinə sadiqdir: "Lakin bu o demək deyil ki, danışıqlar sonsuzluğa qədər davam edə bilər. Onlar çox uzandı. Danışıqlar naminə danışıqlar bizə lazım deyil. Ətrafa diqqət yetirin, beynəlxalq qanunlar artıq işləmir, hamı güc amilinə arxalanır. Əlbəttə ki, biz buna reaksiya verməliyik”.
İsmayıl
Millət vəkilində məlumatlar var Vasitəçilər münaqişənin həlli ilə bağlı planlarla gələcək
"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu ilin birinci yarısında Azərbaycanın haqlı mövqeyində bir çox irəliləyişlər olub”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında deyib. Dövlət başçısı qeyd edib ki, bu ilin əvvəlində Dağlıq Qarabağdakı separatçı rejimin keçirdiyi qondarma referendum dünya birliyi və beynəlxalq birliklər tərəfindən tanınmayıb:
"Bununla da beynəlxalq aləm Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bir daha bəyan edib. Bundan əlavə ötən ilin aprel ayında Ermənistanın danışıqların bərpası ilə bağlı irəli sürdüyü şərtlər heç bir nəticə verməyib. Dünən Azərbaycan və Ermənistanın xarici işlər nazirləri görüşüb. Azərbaycan tərəfindən heç bir şərt qəbul olunmadan danışıqlar bərpa edilib. Beləliklə, işğalçı ölkə məcbur olaraq danışıqlar masasına qayıdıb”. Prezident bildirib ki, tezliklə substantiv, yəni mənalı, konkret danışıqlar bərpa edilməlidir: "İndi məsələ ondan ibarətdir ki, tezliklə substantiv, yəni mənalı, konkret danışıqlar bərpa edilsin. Danışıqlar nəticəsində torpaqlarımız işğaldan azad edilməlidir, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bizim mövqeyimiz bundan ibarətdir. Bundan kənarda heç bir həll yolu mümkün deyil”. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar mahiyyəti üzrə başlanacaqsa, bu, müsbət haldır. Əks halda biz Ermənistanın, işğalçının nazı ilə oynamaq niyyətində deyilik: "Cənab Prezident bildirdi ki, Ermənistan qətlə yetirilmiş qızcığaza və nənəsinə görə cavabını aldı. Bu qisaslar gələcəkdə davam oluna da bilər. Əslində son dövrlər münaqişənin həlli istiqamətində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyulun 11-də Brüsseldə görüşünün baş tutmasından başqa heç bir nəticə yoxdur. Təbii ki, ermənilər ilkin şərtlər ortalığa qoyurdular ki, cəbhə xəttində onların istəyinə uyğun tədbirlər görülsün. Lakin onların şərtlərinin heç biri həyata keçirilmədi və danışıqlar onların istəyinə uyğun aparılmadı. Amma hələlik substantiv, yəni mahiyyət üzrə də danışıqlar getmir”. Lakin R.Musabəyov qeyd edib ki, vasitəçilərin münaqişənin həlli ilə bağlı yeni planları var: "Məndə olan məlumata görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri hansısa yeni üçmərhələli plan-təkliflər hazırlayıblar. Ola bilsin, təkliflər tərəflərə göndərilib və onlar hələ öyrənilməlidir, ancaq hər halda sentyabrda BMT Baş Assambleyasının sessiyası çərçivəsində xarici işlər nazirlərinin növbəti görüşü gözlənilir. Hələlik bu görüşün də baş tutacağını demək çətindir. Eyni zamanda prezidentlərin də görüşü ilə bağlı təklif var. Əgər belə təklif varsa, deməli, arxasında hansısa konkret məsələlər durmalıdır. Əks halda, dövlət başçılarının görüşməsinə ehtiyac yoxdur”.
Millət vəkili Rövşən Rzayev də bildirib ki, böyük dövlətlər öz sözlərini, mövqelərini bildirməlidir. Deputatın sözlərinə görə, ölkə başçısı Nazirlər Kabinetinin iclasında ikili standartların mövcud olması ilə bağlı açıq fikirlər səsləndirdi:
"Bizi narahat edən odur ki, bu gün beynəlxalq aləm erməni təxribatının qarşısını almaqdan ötrü mütləq qaydada, ciddi fəaliyyətə söykənən mövqe sərgiləməyi bacarmır. Burada ilk növbədə ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri mövqe səsləndirməlidir. Ermənistan qoşunlarının Azərbaycan ərazisindən geri çəkilməsi tələbi qoyulmalıdır. Çox istərdim ki, Minsk Qrupunda olan digər dövlətlər passiv siyasətdən aktiv siyasətə keçsinlər. Almaniya, İtaliya, Türkiyə, Belarusiya, Finlandiya və digər bəzi dövlətlər Avropada, ümumilikdə dünyada nüfuz sahibidir. Bu kimi dövlətlər mövqelərini daha aktiv səsləndirməyi bacarmalıdırlar. Bir növ Avstriya hökumətinin mövqeyini səsləndirməlidirlər. Çünki bildiyiniz kimi, ATƏT Avstriyada yerləşir. Cənab Prezident Nazirlər Kabinetinin iclasında öz narazılığını bir daha ifadə etdi ki, artıq daha dəqiq substantiv danışıqların vaxtıdır. Təbii ki, bu barədə də böyük dövlətlər öz sözlərini, mövqelərini bildirməlidirlər”.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da vurğulayıb ki, rəsmi Bakı bununla beynəlxalq təşkilatlara mesaj göndərir:
"Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasında çıxışı zamanı ciddi mesajlar verdi. Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində təxribatlara yol verməsi, körpə uşaqların qətlə yetirilməsinə yönəlik ölkə başçısının çıxışı beynəlxalq qurumlar üçün ciddi mesaj idi. Hər kəs bunu anlamalı və başa düşməlidir. Prezident Azərbaycan ordusunun gücündən danışarkən onun Ermənistanın bütün hədəflərini vurmağa qadir olduğunu xüsusi vurğuladı. Bu, ciddi əsası olan bir xəbərdarlıqdır. Bu gün Azərbaycanın elə silahı, gücü var ki, o, asanlıqla istənilən hədəfi məhv etməyə qadirdir. Ermənistan bütün bunlardan nəticə çıxarmalıdır. Rəsmi Bakı bununla həm də beynəlxalq təşkilatlara mesaj göndərir. Əgər bu müraciətlərdən, ifadələrdən onlar yenə nəticə çıxarmasalar, o zaman müharibə qaçılmaz olacaq”.
İsmayıl