Müdirlər onları sevmir...

İş olsa belə, əlillər gedib işləyə bilməzlər
Çünki heç bir müəssisədə əlilliyi olan şəxsin binanın daxilində hərəkət etməsi üçün şərait yoxdur


Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında əlilliyi olan şəxslərin işlə təminatında, işə götürülməsində müəyyən problemlər olduğunu deyib. Bu problemlərin müəyyən səbəbləri olduğunu qeyd edən nazir bildirib ki, əlilliyi olan şəxsləri işəgötürənlər müxtəlif səbəblərdən işə götürmürlər: "Birincisi, onlarda belə bir qənaət formalaşıb ki, əlilliyi olan şəxslərin digərləri ilə müqayisədə məhsuldarlığı aşağıdır. İkincisi və ən vacib məqamlardan biri odur ki, onların işlə təminatı üçün əlavə xərc çəkməyə işəgötürənlərin həvəsi yoxdur.

Yəni əlilliyi olan şəxslərin işlə təmin olunması üçün həmin iş yerlərinin əlilliyi olan şəxslərə uyğunlaşdırılması lazımdır. Bunun üçün müəyyən qədər xərc çəkilməlidir. İşəgötürənlər bu xərclərin çəkilməsinə həvəslə getmirlər. Əlilliyi olan şəxslərin təhsil səviyyəsi, peşə hazırlığı səviyyəsi cəmiyyətin digər üzvlərinə nisbətən müəyyən qədər aşağıdır. Belə halda işəgötürənlər əlilliyi olan şəxslərin işə götürülməsində bunları əsas gətirərək müəyyən neqativ elementlərə yol verirlər. Əlilliyi olan şəxslərin iş tapmasında təhsilləri ilə bərabər, onların əlilliyinin növü də rol oynayır. Eyni zamanda onların əlilliyinin hansı yaşda baş verməsi də rol oynayır. Əlilliyi olan şəxslərin işlə təmin olunmasında biz cəmiyyət olaraq müəyyən dəyişikliyə getməliyik”.

Azərbaycanın rəqabətli əmək bazarında əlilliyi olan şəxslərin hamı ilə bərabər işləməsi üçün şərait olmadığını təsdiqləyən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov deyib ki, Azərbaycanda əlillər üçün müasir infrastruktur nəzərdə tutulmayıb, pantuslar yoxdur. Heç bir müəssisədə əlilliyi olan şəxsin binanın daxilində hərəkət etməsi üçün şərait yoxdur. Hətta iş olsa belə, onlar gedib işləyə bilməzlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünün binasında belə əlilliyi olan insanların hərəkəti üçün şərait yoxdur.

Liqa sədri deyib ki, əlilliyi olan şəxslər üçün qanunvericilikdə imtiyazlar nəzərdə tutulub: "Sağlam insanlara 21 gün, əlillərə 41 gün məzuniyyət verilir. Bu da işəgötürənlərə sərf etmir. Xarici dövlətlərdə bu məsələni işəgötürənlər deyil, müvafiq orqanlar, fondlar həll edir. Onlara verilən əlavə vəsaitin xərci həmin fond hesabına ödənilir. Ona görə də bizdə işəgötürənlər əlilliyi olan şəxsləri işə götürməyi sevmirlər. Sadəcə "iş yoxdur” deyib özlərindən uzaqlaşdırırlar”.

Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri Firudin Məmmədovun "Şərq”ə açıqlamasına görə, əlilliyi olan şəxslərin işlə təmin olunması bir zərurət kimi müəsissələrin üzərinə qoyulub. Əgər onlar bu məcburiyyətə əməl etməsələr, orta əmək haqqının 3 qatı məbləğində cərimə olunmalıdır. Bu, birbaşa qanunvericiliyin tələbidir: 

"Əvvəllər Əmək Məcəlləsində əlillərin işə qəbulu ilə bağlı əks göstərişlər vardı, ancaq son illərdə həmin təzad aradan qaldırıldı. Amma bu günləri əlillərin işə düzəldilməsinin kvotası haqqında qanunun icra edilməsinə mane olan əsas səbəb mexanizmin olmamasıdır. Səlim müəllimlə görüşlərimiz zamanı biz bu məsələyə toxunub, çıxış yollarını araşdırmışıq. Ümumi qərar da ondan ibarət olub ki, ictimai birliklərlə nazirliyin nəzdində fəaliyyət göstərən ictimai şuralar birlikdə hərəkət etsinlər. Ümid edirəm ki, məsələnin sıfır nöqtəsindən irəliyə doğru hərəkət etməsi üçün yaxın zamanlarda müəyyən işlər görüləcək”.

F.Məmmədovun sözlərinə görə, əlillərin təhsil və peşəkarlıq səviyyəsinin aşağı olması bəhanəsi ilə şirkətlərin məsuliyyətdən yayınması absurd yanaşmadır. Onsuz da əlillərin əmək qabiliyyətinin aşağı olması hər kəsə bəllidir və qanunvericilik buna rəğmən müəssisələrin üzərinə əlilliyi olan şəxsləri işə götürmək öhdəliyi qoyub: 

"Dünyanın heç bir ölkəsi əlil vətəndaşlarının sosial təminatını tam ödəmək imkanında deyil. Hətta Amerika kimi ölkələrdə belə əlillərə verilən sosial müavinətlər onların həyat təminatını tam ödəmək iqtidarında deyil. Belə olan təqdirdə də beynəlxalq təşkilatlar ortaq qənaətə gəliblər ki, müəssisə və şirkətlər əlillərin işlə təmin olunması haqqında kvota konvensiyasını qəbul etsinlər və həmin kvota əsasında onların iş təminatını həyata keçirsinlər. Qanunvericiliyə görə, əlillərin əmək qabiliyyətinə uyğun iş təklif olunmalıdır. Təhsili aşağıdır, filan işi görə bilmir kimi iddialar ancaq bəhanələrdir. Həm də ki, müəssisənin 98 əməkdaşı müəssisəyə gəlir gətirdiyi halda bir neçə əlili işə götürüb maaş verməklə heç bir şirkət zərər etməz. Bir növ himayədarlıq formasında 2 əlili işə götürüb yüngül bir işlə təmin etmək olar. Avropa ölkələrində işə götürülən əlillərdən heç bir fiziki əmək tələb olunmur. Adlarını yazdırıb, müavinət formasında aylıq maaş verirlər ki, dövlətin yükü azalsın. Həm də ki, bu zaman əlillərin özünəqapanma, cəmiyyətdən təcrid olunma kimi bir problemləri yaşanmır”.

Şəymən