Müəllim deyək, yoxsa bəy?

Əhməd Qəşəmoğlu: “Gərək bəy sözünün üstündəki siyasi kölgəni götürək”Məzahim Mustafazadə: “Müəllim bir peşə adıdır, müraciət forması yox”
Azərbaycan dilində kişilərə müraciət formasının sabitləşməməsi ünsiyyət zamanı müəyyən çaşqınlıq yarada, hətta bəzən narazılıqla nəticələnə bilir. Bəzən müraciət formamız qarşı tərəfə xoş gəlmir deyə, onunla ünsiyyətimiz elə bəri başdan alınmır. Bu mənada müsahiblərimə müraciətlə bağlı həmişə çətinlik çəkirəm. Əlaqə saxlamazdan əvvəl "görəsən, "bəy” deyim, yoxsa "müəllim” sualı ətrafında uzun-uzadı düşünürük.
Şübhəsiz ki, bu məsələ məndən əlavə bir çoxlarını da narahat etməmiş deyil. Əksər dünya ölkələrində isə belə bir problem yaşanmır. Məsələn, ingilislər kişiyə "mister”, evli və ya dul qadına "missis”, subay qadına "miss” deyə müraciət edirlər. Qonşu Rusiyada kişilərə "qospodin”, qadınlara "qospoja” və ya "dama” deyilir, qardaş Türkiyədə isə "bəy”, "əfəndim”, "bəyəfəndi”, "xanıməfəndi” müraciət formalarından istifadə olunur.
Azərbaycanda isə ixtisasından asılı olmayaraq rəssama, müdirə, fəhləyə, bir sözlə, kişi cinsindən olanlara "bəy, "müəllim” deyə müraciət edilir. Bir çox hallarda isə müəllim ixtisasının sahibləri bu cür müraciətə narazılıq bildirir, hamıya "müəllim” deyilməsinə qarşı çıxırlar. Amma o da var ki, "bəy” deyə müraciət etdiyimiz bəzi millət vəkilləri bu xitabımızdan incik düşürlər: "Xahiş edirəm, mənə "bəy” yox, "müəllim” deyin!” Yazıçı Şərif Ağayar demiş, biri-birini inkar edən müxtəlif tarixi situasiyalarda biabırçı şəkildə deformasiyaya uğrayan müraciətlərimizin dava-qırğınacan yeri var: "Bəy deyirsən, kommunist çıxır. Oğlan deyirsən, türk ləhcəsində aşağılanır. Ağa deyirsən, İran agenti sayır. Gözəl deyirsən, inciyir. Müəllim deyirsən, səni iqtidaryönlü sanır. Cənab deyirsən, başdanxarab hesab edir. Qardaş, əmoğlu deyirsən, "çuşqa” müamiləsi yapır. Nə edəsən, qospodi?!
Doğrudan da biz nə edək: müəllim deyək, yoxsa?...
Hazırda müraciət forması kimi müəllim sözündən daha çox istifadə olunduğunu vurğulayan sosioloq Əhməd Qəşəmoğlu buna baxmayaraq, bəzilərinin ona müəllim kimi müraciət olunmasından xoşu gəlmir: "Dilimizdə müraciət formasının sabitləşməməsi insanlarda çaşqınlıq yaradır. Ona görə hesab edirəm ki, bununla bağlı yekun qərara gəlinməlidir. "Müəllim” sözündən müraciət forması kimi istifadə etməyin tərəfdarı deyiləm. Çünki müəllimliyin cəmiyyətdə sosial statusu var. Mənim fikrimcə, müraciət forması kimi "bəy” sözündən istifadədən nahaq çəkinirik. Çünki Türkiyədən buraya yüksək səviyyədə belə, kim gəlirsə, ona bəy deyə müraciət edirik. Amma yerlimizə bəy deyə bilmirik. Gərək bəy sözünün üstündəki siyasi kölgəni götürək. Bunun üçün də ictimai müzakirə keçirilməli və yekun qərara gəlinməlidir”.
Araşdırmaçı Məzahim Mustafazadə hesab edir ki, bir kişiyə ediləcək ən gözəl müraciət "bəy” deyə xitab etməkdir. Amma təəssüf ki, kim kimə "bəy” deyir, onu müxalifətçiliklə bağlayırlar: "Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra (1920-ci il 28 aprel) bu ərazilərdə mövcud olan dövlətçilik ənənələri ilə birlikdə, xalqın mənəviyyatını və kültürəl ənənələrini bir-bir unutdurmaq yolunda böyük işlər aparılıb. Bununla bağlı müxtəlif dekretlər imzalanıb, xalqı özündən uzaqlaşdırmaq cəhdləri edilib. Belə bir addım üçün 12 may 1920-ci ildə "indiyədək mövcud olmuş bütün silki adlar: ağa, xan, bəy tipli adların ləğvini nəzərdə tutan dekret imzalanıb. Və cəmiyyətdəki ağa, bəy, xan rütbələri ləğv edilib (Misal üçün: Əli bəy Əhmədbəyov, İsmayıl xan Şadlinski, Zülqədar ağa Məmmədzadə - yeni variantda Əli Əhmədov, İsmayıl Şadlıyev, Zülqədar Məmmədov formasına keçib). Həmin gündən başlayaraq hamı sovet vətəndaşı-yoldaş olub. 70 il sovet hakimiyyəti tərkibində qalmaqla bərabər yoldaş tendensiyasından yavaş-yavaş vəzifəli şəxslərə "müəllim” demək tendensiyası yaranıb. Və bununla da bizim yaralı yerimiz yarandı. Adi "JEK” idarələrinin rəhbərləri belə müəllim olaraq çağırılmağa başlanılıb.
XX əsrin 60-70-ci illərindən başlayaraq Milli Azadlıq Hərəkatımızın lideri olan Əbülfəz Əliyevin - Elçibəyin başladığı o hərəkat təkcə torpaqlarımızın istiqlalını yox, həmçinin dilimizin əsarətinə qarşı idi. O dövrlərdən başlayaraq "bəy” ifadəsi yenidən cəmiyyətdə hallanmağa başlayıb. İlk dəfə olaraq unutdurulmuş və yaddaşlarda silinmiş bu kübar müraciət forması yenidən səslənməyə başlayıb”.
M.Mustafazadənin sözlərinə görə, çağdaş müstəqilliyimizi bərpa edəndən sonra "bəy” müraciət forması özünün ən parlaq dövrünü yaşayıb: "İstiqlalımızın ilkin illərində sovetləşmədən maksimum imtina dövründə "yoldaş” müraciətindən "bəy, xanım” müraciətinə keçirilmə prosesi sürətlənib. Amma tədricən yenidən dövlətimiz gücləndikcə və yeni nəsil oliqarx nəsli formalaşdıqca, yenidən cəmiyyətin bütün sahələrində "müəllimlər” təbəqəsi formalaşıb. Bu kiçik tarixi analizin məqsədi ondan ibarətdir ki, müəllim bir peşə adıdır, müraciət forması yox. Dünyanın heç bir yerində müəyyən vəzifəli və ya sahibkar olan şəxslərə belə müraciət forması yoxdur. O yanlış ənənə bu günümüzün əsas problemi olmaqdadır. Qardaş, yoldan keçən "müəllimdir”. Yoldan keçən və bir az əlində pul olan "müəllimdir”. Bu qədər "müəllimlərimiz” varsa, bəs şagirdlər kimdir?! Bu peşə ən çətin və ən ləyaqətli peşədir. Hər hansı imkan sahibini bu şərəfli peşənin adı ilə adlandırmaq düzgün deyil. Əgər hər hansı bir şəxsi uca bir mövqe ilə adlandırmaq niyyəti varsa, ən gözəli bəydir. Bəy müraciət forması həm mədəni, kübar və yüksək səslənir”.
Şəymən