Müəllimindən hamilə qalan qız körpəsindən imtina etdi

Mehriban Zeynalova: “Qızın atası deyirdi ki, körpəni uşaq evinə mən təhvil verim”




Şamaxı rayonunun Pirbəhli kəndində müəllimi tərəfindən zorlandığını iddia edən məktəbli qız artıq körpəsini dünyaya gətirib. Amma o, körpəsindən imtina edib.

Bu barədə AzVision.az-a daxil olan məlumatı Mirqasımov adına Respublika Klinik Xəstəxanasının doğum şöbəsinin müdiri Zəhra Abbasova təsdiqləyib. Onun sözlərinə görə, ana körpəsindən imtina etməsi ilə bağlı ərizə yazıb. "Bir ay öncə həmin xanım bizə müraciət etdi. Onun qızı dünyaya gəldi. Uşaq doğulanda atasının həbsxanada olduğunu dedi və uşaqdan imtina etmək istədiyini bildirdi. İmtina barədə ərizəni yazıb xəstəxanadan getdi. Uşaq bir ay xəstəxanada qaldı. İki gün əvvəl həmin uşağı akt yazaraq rəsmi şəkildə 1 nömrəli körpələr evinə yerləşdirdik”.

Xatırladaq ki, bir müddət əvvəl Şamaxı rayon sakini, azyaşlı qız müəllimi iki uşaq atası, 25 yaşlı Elnur İbrahimov tərəfindən zorlandığını bildirdi. Bu məsələ ölkə gündəmində ciddi ajiotaj yaratdı.

Xatırladaq ki, bu hadisə ilə bağlı Elnur İbrahimov polis tərəfindən saxlanılıb. Barəsində cinayət işi açılıb.

Onu da bildirək ki, məlum hadisədən sonra qız Bakıya gətirildi və "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağında yerləşdirildi. Məktəblinin dünyaya uşaq gətirməsi xəbərinə münasibət bildirən təşkilatın rəhbəri Mehriban Zeynalova "Şərq”ə deyib ki, qız doğuşdan sonra sığınacaqdan gedib və hazırda ailəsinin yanındadır: "Doğuş zamanı qızın bir sıra problemləri var idi. Biz anasını qızının yanında qalması üçün dəvət elədik. Bundan sonra doğuş üçün qızı xəstəxanaya yönləndirdik. Tövsiyə etdik ki, uşaq dünyaya gətirdikdən sonra qız psixoloqla danışsın. Amma valideynləri buna razı olmadılar”.

Onun körpəsindən imtina etməsinə gəldikdə isə M.Zeynalova deyib ki, hələ hamilə olarkən, qız körpəsinə nifrət edirmiş: "Ümumiyyətlə, o, uşağı qəbul etmirdi. Hətta qızın atası deyirdi ki, körpəni uşaq evinə mən təhvil verim. Amma mən qətiyyən bunu qəbul eləmədim və məsələni özləri həll etdi. Uşağı qəbul edərkən hansı formada qeydiyyatdan keçirəcəklərindən məlumatım yoxdur. Düşünürəm ki, bu, hüquq-mühafizə orqanlarının işidir”.

Onu da qeyd edək ki, Pirbəhli kəndinin Ağsaqqallar Şurasının sədri Hacı Neman Əfəndiyev "modern.az” saytına deyib ki, artıq müəllim-şagird izdivacı məsələsi müsbət həllini tapmaqdadır. O, jurnalistlərə müraciət edərək bu məsələni qabartmamağı xahiş edib: "Biz - kəndin ağsaqqalları, həmçinin qonşu kəndlərin ağsaqqalları danışıb razılığa gəlmişik. Bu işi yoluna qoymaq üzrəyik. Ailələr barışıb, Elnurun da azadlığa çıxmasına çalışırıq. Xahiş edirik ki, bu məsələdə diqqətli olasınız, ailələrin işinə qarışmayasınız. Bu nifaqın uzanması heç kimin xeyrinə deyil”.

Yeganə