Mülki əhaliyə dəymiş ziyan hesablanmalıdır

Bundan sonra cəbhə rayonlarının sakinləri kütləvi şəkildə beynəlxalq dairələrə şikayət ünvanlamalıdır



Aprelin 27-dən 28-nə keçən gecə ermənilərin Tərtər və Ağdam rayonlarını ağır artilleriyalardan atəşə tutması nəticəsində 3 nəfər həlak olub, onlarla sakin yaralanıb. Bununla yanaşı, 60-a yaxın ev, 1 orta məktəb və digər inzibati binalar dağılıb. Rəsmilərin verdiyi məlumata görə, yaxın günlərdə erməni vandallarının mülki əhaliyə qarşı törətdiyi cinayətlərin, terror aktlarının nəticələri sənədləşdirilərək beynəlxalq təşkilatlara ünvanlanacaq.

Bunu aprelin 28-də cəbhə bölgəsində olan ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov da deyib. Nazirlər Kabinetinin yanında İtki tələfatları qiymətləndirilməsi üzrə işçi qrupunun eksperti Faiq İsmayılov da bildirib ki, əhaliyə dəymiş zərərin qiymətləndirilməsi üçün əraziyə nümayəndə heyəti göndəriləcək: "İşçi qrup Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycana vurduğu zərərlərin qiymətləndirilməsi ilə məşğuldur. O cümlədən, indiki hadisələr də araşdırılır. Ağdamda və Tərtərdə mülki əhaliyə dəyən zərərin araşdırılması üçün cəbhə bölgəsinə bir qrup nümayəndə ezam ediləcək. Şəkillər çəkilməli, layihələr işlənməli, qiymət əmsalı ilə qiymətləndirilməlidir. Bundan sonra dəyən zərərin məbləği elan ediləcək”.

Ekspert deyib ki, işğal olunmuş ərazilərə və əhaliyə dəymiş zərərin qiymətləndirilməsi tamamlandıqdan sonra beynəlxalq təşkilatlara, BMT-yə, Avropa Şurasına qətnamə layihələri göndəriləcək: "Ermənilərin törətdikləri vandalizm aktlarının sübutlarını beynəlxalq ictimaiyyətə təqdim edəcəyik. O cümlədən, beynəlxalq məhkəmələrə müraciət olunacaq. Azərbaycan beynəlxalq məhkəmənin üzvü olmadığına görə, bu işin həyata keçirilməsi heç də asan olmayacaq. Bu məsələnin həlli üçün yollar axtarırıq. Beynəlxalq səviyyəli vəkillərlə danışıqlar gedir. Ümid edirik ki, öz istəyimizə nail olacağıq”.

Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən "Advokat Hüquq Şirkəti”nin direktoru, hüquqşünas Xanlar Xoca da bildirib ki, mülki əhaliyə dəymiş ziyan hesablandıqdan sonra sakinlər kütləvi şəkildə beynəlxalq dairələrə şikayət ünvanlamalıdır: "Aprel ayının əvvəllərindən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər və digər cəbhə boyu rayonlarda yaşayan mülki əhalimiz və onlara məxsus daşınar və daşınmaz əmlak intensiv surətdə iriçaplı artilleriya atəşlərinə məruz qalır. Mülki əhali arasında itkilərimiz var və xeyli ev dağılıb. Bütün bunlarla bağlı Azərbaycan dövləti ilk gündən vacib addımlar atıb, Baş Prokurorluqda müvafiq maddələrlə cinayət işi başlanıb. Həmçinin, Prezident İlham Əliyev cəbhəboyu rayonlara etdiyi səfər zamanı dəyən zərərin dəqiq hesablanması əmrini verib. Yəqin ki, hesablamalar başa çatdıqdan sonra müvafiq addımlar atılacaq”. Hüquqşünas da bəyan edib ki, Azərbaycan Beynəlxalq Məhkəmənin üzvü olmadığına görə, müəyyən çətinliklər ola bilər, amma yəqin ki, dövlət bu problemin öhdəsindən gələcək: "Vətəndaşlarımız ancaq beynəlxalq təşkilatlara kütləvi şəkildə Ermənistan dövlətinin terrorçu hərəkətlərindən şikayətlər ünvanlaya bilərlər. Bu, erməni terrorçularının iç üzünü açmaq üçün də müsbət addım olar. Həmçinin Avropa İnsan hüquqları Məhkəməsinə Ermənistanla bağlı İnsan Haqları Konvensiyasının 1-ci Protokolunun 1-ci (mülkiyyətin toxunulmazlığı) və 8-ci (şəxsi həyatın toxunulmazlığı) maddələrinin pozuntusu iddiası ilə bağlı şikayət etmək mümkündür. Onsuz da biz uzun illərdir ki, dünyada güc sahibi olan dövlətlərin, beynəlxalq təşkilatların ikili standartlarından əziyyət çəkirik. Buna baxmayaraq ifşa prosesini beynəlxalq müstəvidə davam etdirməliyik. Uzun prosesdir, amma Ermənistanı ifşa etmək baxımından çox vacibdir”. 
İqtisadçı-ekspert Natiq Cəfərli də bildirib ki, mülki şəxslərə dəymiş zərərin qiymətləndirilməsi üçün dövlət komissiyası yaradılmalı və zərər rəsmi qaydada protokollaşdırılmalıdır: 
"Bununla yanaşı, dövlət komissiyası beynəlxalq məhkəmələrə müraciət etmək üçün sənədləşmə işini həyata keçirməlidir. Düzdür, bu uzun yoldur, amma vacibdir. Vandalizmin sübutu və dəymiş zərərə görə, kompensasiya tələbi üçün bu iş görülməlidir. Ölkəmizdə sığorta bazarı çox zəif inkişaf etdiyindən cəbhə bölgəsində olan evlər sığortalanmayıb. Ona görə də dövlətin resurslarından başqa yaxın zamanlarda əhaliyə kömək edəcək bir resurs təəssüf ki, görünmür. Dağılmış evlər dövlətin imkanları hesabına təmir olunmalıdır. Çünki bu, əhalinin günahı deyil. Onlar belə bir acınacaqlı şəraitdə böyük əzmkarlıq göstərirlər. Öz həyatlarının təhlükə altında qalmasına baxmayaraq, yurd-yuvalarını tərk etmirlər”.

İsmayıl