Ermənilərin “panika” yaratmasına imkan verməməliyik
Mülki müdafiə obyektləri işlək hala gətirilməlidir
“Cəbhəyanı bölgələrdə yaşayan əhaliyə əleyhqazlar paylanmalıdır”
Ermənilərin “panika” yaratmasına imkan verməməliyik
Ermənilərin “panika” yaratmasına imkan verməməliyik
Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından qoşunların təmas xəttinə yaxın kənd və yaşayış məntəqələrini atəşə tutması əhalinin təhlükəsizlik məsələsinin ciddi yanaşılmasını tələb edir. Məlumdur ki, son bir-iki gündə ermənilər Ağdam və Tərtərin kəndlərini hədəfə alıb, artilleriya zərbələrinə məruz qoyur. Atılan mərmilər nəinki kəndlərdə dağıntılara, mal-qara arasında tələfata, eyni zamanda mülki əhali arasında xəsarətlərə və ölüm halına da səbəb olub.
Belə gərgin şəraitdə cəbhəyanı bölgələrdə əhalinin təhlükəsizliyinin təminatı üçün lazımi işlərin həyata keçirilməsi zərurəti yaranır. Tərtər rayonunda artıq bəzi işlərin görülməsinə başlanılıb. Bu barədə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib. İcra başçısı deyib ki, rayonda olan bütün 2 və 5 mərtəbəli ictimai yaşayış binalarının zirzəmiləri təmizlənib və sığınacaq halına gətirilib. Lazım olduqda oradan istifadə edilə bilər: "27 aprel tarixində gecə saat 23:00-dan başlayaraq, 28 aprel gecə saat 4 radələrinə qədər təmas xəttində yerləşən Tərtər şəhəri və onun 11 yaşayış məntəqəsi, düşmənin artilleriya zərbəsinə məruz qalıb. Düşmən iriçaplı silahlardan, "Qrad” qurğusundan və toplardan yaşayış məntəqələrini vurmaqla məşğuldur. Bu isə göstərir ki, onların məqsədi əhali arasında çaşqınlıq yaratmaqdır. Bütün bunlara baxmayaraq, əhalimiz yerindədir. Kəndlərdə kommunal xətlər dağıdılsa da, tezliklə tərəfimizdən bərpa olundu. Hazırda əhalinin həm elektrik, həm də qaz xətlərində heç bir problem yoxdur.
Hərbi ekspert Üzeyir Cəfərov isə "Şərq”ə açıqlamasında mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi işinin istənilən formada aparılmamasından narahat olduğunu dedi:
- Biz hələ bir müddət bundan əvvəl mülki əhalinin təhlükəsizliyinin təmin olunması məsələsini qaldırmışdıq. Bildirmişdik ki, ümumiyyətlə, bütün ölkə ərazisində, ələlxüsus da cəbhəyanı bölgələrdə əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir. Amma görünən budur ki, tədbirlər lazımi qaydada həyata keçirilmir. Bir səbəb budur ki, mülki müdafiə obyektləri zəbt edilib. Digər tərəfdən arxayınlıq var. Amma bu çox yanlış arxayınlıqdır. Çünki biz mənfur bir düşmənlə üz-üzəyik. Müdafiə Nazirliyi bildirir ki, Ermənistan beynəlxalq konvensiyalarla qadağan olunmuş silahlardan istifadə edir. Deməli, hər cür təhlükə realdır. Ermənilərdən hər cür hərbi cinayət gözləniləndir. Ona görə də mütləq önləyici tədbirlər görülməlidir. Biz mülki müdafiə məsələlərinə diqqət ayrılmasını tələb edəndə, bu günü düşünüb deyirdik. Zaman göstərdi ki, şübhələrimiz əsaslıymış. Hazırda cəbhənin Ağdam, Tərtər, Horadiz, erməni separatçıları ilə təmas xəttinin bütün istiqamətlərində ciddi müdafiə işləri görülməlidir. Fövqəladə hallar nazirinin özü də, müavinləri də bu dəqiqə cəbhə bölgələrində olmalıdırlar. Əhali üçün sığınacaqların, hava zərbələrindən müdafiə vasitələrinin durumu ilə maraqlanmalıdırlar. Demirəm, bütün ölkə əhalisinə, heç olmasa, cəbhəyanı bölgələrdə yaşayan əhaliyə əleyhqazlar paylanmalıdır. Müvəqqəti sığınacaqların ərzaq, ilkin tibbi yardım vasitələri təminatı yoxlanmalıdır. Demirik ki, əhali günlərlə sığınacaqlarda qalacaq. Elə güclü ordumuz var ki, düşmənə layiqli cavabı onsuz da verir və verəcək. Amma hava zərbələri olanda, yaxud da mənfur düşmən hansısa qadağan olunmuş silaha əl atanda, əhalinin təhlükəsizliyinin təminatı üçün bu işlər bəri başdan görülməlidir. Hamımız bilirik ki, düşmən həssas nöqtələr axtarır. Onların məqsədi budur ki, əhali arasında çaşqınlıq, panika yaratsınlar. Biz bunun reallaşmasına imkan verməməliyik. Ermənilərin niyyətini puç etməliyik. Bunun üçün də hər şeyə hazırlıqlı olmalıyıq. Ermənilər onsuz da kişi kimi döyüşə bilmir. Həmişə hiyləyə əl atırlar, gecə ikən yaşayış məntəqələrini atəşə tuturlar. Təbii ki, əhali ordumuzun ermənilərin irəliləməsinin qarşısını alacağına tam əmindir. Yerli əhalinin təhlükəsizliyinin təminatı üçün təcili surətdə mütləq sığınacaqlar yaradılmalı, olanlar da bərpa edilməlidir. Sığınacaqlarla bağlı əhaliyə məlumat və təlimat verilməlidir. Gərəkən anda hava hücumu ilə bağlı həyəcan siqnalları verilməlidir və əhalinin sığınacaqlara yerləşməsi təmin edilməlidir.
Ekspert vurğuladı ki, hətta paytaxtda sığınacaqların bərpasına ehtiyac var:
- Bunlar çox həssas və ciddi məsələlərdir. Söhbət təkcə müharibə şəraitindən getmir. Allah eləməsin, hansısa təbii fəlakət vaxtı insanların müəyyən müddət üçün sığına biləcəyi yerlər olmalıdır. Əhali evakuasiya planları ilə daim maarifləndirilməlidir. Bakıda arxayındırlar ki, metropoliten var və hər hansı təhlükə olarsa, əhali ora yerləşdirilə bilər. Tək metropolitenlə də iş bitmir. Mülki müdafiə obyektlərinin hamısı hər zaman işlək vəziyyətdə olmalıdır. Təəssüf ki, paytaxtda demək olar bütün binaların zirzəmiləri obyekt kimi istifadə olunur. Bunun qarşısı təcili alınmalıdır. Fəlakət gələndə xəbərdarlıq etmir. Gözlənilmədən gəlir. Biz həmişə buna hazır olmalıyıq.
Məlahət Rzayeva