Münaqişə tərəflərinin arasına bərabərlik işarəsi qoyulub




Xarici dövlətlər Qarabağın işğalını görməzdən gəlirAmerika Birləşmiş Ştatları Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsin pozulmasından narahat olduğunu deyib və tərəfləri gərginliyi azaltmağa çağırıb. 

ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Noyert bildirib ki, Amerika ötən həftə təmas xəttində çoxsaylı qurbanlara səbəb olan atəşkəsin pozulması hallarına təəssüf edir:

"Biz Ermənistan və Azərbaycanı təmas xətti boyunca gərginliyin azaldılması üzrə tədbirlər görməyə və belə hallardan yayınmağa çağırırıq”. Xatırladaq ki, bundan öncə Avropa İttifaqı nümayəndəsi də cəbhə xəttindəki gərginliyə münasibət bildirmişdi. Amma verilən bütün açıqlamalardan aydın oldu ki, Qərb ölkələri işğalçı Ermənistanın təxribatlarından xəbərdar olsalar da, təcavüzkar dövlətə təzyiq göstərmək, irad bildirmək niyyətində deyillər.

 Məsələni "Şərq”ə dəyərləndirən politoloq Natiq Miri deyib ki, ən narahatedici məsələ münaqişə tərəfləri arasında bərabərlik işarəsinin qoyulmasıdır. Onun sözlərinə görə, xarici dövlətlər Ermənistanın 20 faiz torpağımızı işğal etdiyi reallığını görməzdən gəlir: 

"İşğalçı ilə işğala məruz qalan tərəflərə eyni formada çağırış etmək riyakarlıqdır. Təəssüflər olsun ki, Dağlıq Qarabağ münaqişəsi yaranandan indiyə qədər bu prinsipə riayət edilir. Sanki Qarabağ işğal edilməyib, erməni ordusu da "öz ölkəsində” yerləşdirilib. Anormal olan budur”. 

Ekspert bildirib ki, torpaqlarımız işğal altında qaldığı müddətcə Azərbaycan ordusu işğalçıları qorxu altında saxlayacaq. Bu həm dövlətin, həm də ordunun təbii haqqıdır:

"Bütün təxribatların işğalçı ölkə tərəfindən törədildiyi göz önündədir. İşğalçı tərəfə təzyiqlər edilməlidir. Ancaq biz bunu görmürük, çünki bunun mahiyyətində duran əsas məsələ xristianlıq faktorudur. ATƏT-in Minsk qrupunda yer alan üç həmsədr də xristian ölkədir. Ona görə də əsas niyyətləri Dağlıq Qarabağa "müstəqillik” verməkdir. Münaqişəni sadəcə siyasi yolla etmək düşüncəsi yanlışdır. Məsələni diplomatik və hərbi yolla həll etməliyik. Fikir verdinizsə, aprel hadisələrindən sonra bütün dünya gücləri Dağlıq Qarabağ problemini ciddi münaqişə kimi qəbul etdilər. Ondan sonra iki-üç görüş təşkil edildi”. 

Politoloqa görə, səngərdən-səngərə atışmalarla erməniləri məhv etmək mümkün deyil: 

"Demirəm ki, genişmiqyaslı müharibəyə başlayaq. Ən azından lokal hərbi əməliyyatlarla bir neçə strateji obyektləri, kəndləri azad etməliyik. Əmin olun ki, bundan sonra Minsk Qrupunun həmsədrləri dərhal işə başlayacaqlar. Əks təqdirdə 20 il də keçsə, həmsədrlər mənasız fəaliyyət göstərməkdə davam edəcəklər”.

İsmayıl