“Evdən gedən qadına, əksər hallarda əxlaqsız damğası vurulur. Daha araşdırılmır ki, bu qadın niyə evdən gedib, buna nə səbəb olub”
Mütləq cinayət işi açılmalıdır
Son zamanlar qadınlarla bağlı çox pis, mənfi rəy formalaşır
“Evdən gedən qadına, əksər hallarda əxlaqsız damğası vurulur. Daha araşdırılmır ki, bu qadın niyə evdən gedib, buna nə səbəb olub”
“Evdən gedən qadına, əksər hallarda əxlaqsız damğası vurulur. Daha araşdırılmır ki, bu qadın niyə evdən gedib, buna nə səbəb olub”
Samux rayonunda gəlinin ata-anası və həyat yoldaşının valideynləri tərəfindən işgəncələrə məruz qalması hadisəsinin təfərrüatı məlum olub.
Report-un məlumatına görə, hadisə rayonun Ziyadlı kəndində baş verib. Gəlin evdə başqa kişi ilə tutulması iddia olunaraq əvvəl qayınatası, qayınanası və əri tərəfindən döyülüb, saçı qırxılıb.
Sonra P.İ atasının evinə qaçıb. Valideynlərinə nə üçün döyüldüyünü deyəndən sonra atası, 1955-ci il təvəllüdlü Famil Məhərrəmov qızına balta ilə ağır bədən xəsarətləri yetirib. Daha sonra qızını boğmağa çalışıb. Məlumata görə, qızın anası gəmiricilərin məhv olunması üçün nəzərdə tutulan zəhərli dərmanı qızına zorla içirib.
Gənc qadın valideynləri tərəfindən məruz qaldığı işgəncələrdən sonra küçəyə qaçıb və huşunu itirərək yerə yıxılıb. Ətrafdakılar tərəfindən təcili tibbi yardım maşını ilə xəstəxanaya yerləşdirilib.
Hadisə şahidlərinin verdiyi məlumata görə, gənc qadının əri həyat yoldaşı ilə birlikdə olan kişini bıçaqlayıb.
Qadının atası 1955-ci il təvəllüdlü Famil Məhərrəmov Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Samux RPŞ-də araşdırmalara başlanılıb.
Qeyd edilir ki, başına gələnlərdən sonra gəlin intihara cəhd edib. Əsəbi halda olan gəlin siçan dərmanı içərək intihara cəhd edib. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən qadın hazırda reanimasiya şöbəsində müalicə olunur.
"Təmiz Dünya” Qadınlara Hüquqi Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova "Şərq”ə açıqlamasında qadına qarşı növbəti qatı zorakılıq hadisəsinin baş verdiyindən təəssüfləndiyini bildirdi:
- Bu hadisə məişət zəminində törədilmiş ağır cinayətdir. Qadının döyülməsi, işgəncələrə məruz qalması və intihar həddinə çatdırılmasına təkcə zorakılıq hadisəsi kimi baxmaq olmaz, burada artıq konkret cinayət tərkibli əməl var. Bir halda ki, qadın özünə qəsdə cəhd edib, deməli, intihar həddinə çatdırma maddəsi ilə cinayət işi açılmalıdır.
Biz bu hadisəyə həm də fiziki zorakılığın son mərhələsi kimi baxmalıyıq. Çünki ilk dəfə edilən zorakılıq bu formada qəddar olmur. Zorakılığın da mərhələləri var. Əvvəlcə, söyüş, ağır sözlər, dava-dalaş, sonra şillə, bədənə yüngül xəsarətlər, sonra da artıq zorakılığın ağır forması başlayır. Bir halda ki, gənc qadın belə ağır işgəncələrə məruz qalıb, burada zorakılığın son mərhələsi və özünəqəsdə təhrik var.
M.Zeynalova qadının, guya başqa bir kişi ilə evdə yaxalanması xəbərinə heyrətlənmədiyini də dedi:
- Biz artıq bu səpkili xəbərlərə pis mənada alışmışıq. Harda bir qadın döyülürsə, təhqir olunursa, işgəncəyə məruz qalırsa və qətlə yetirilirsə, bir "səbəb” göstərilir: əxlaqsız idi, başqa kişi ilə münasibəti vardı... Belə təəssürat yaranır ki, ölkə qadınlarının 80 faizi əxlaqsızdı, kişilərsə namus keşikçiləridir, "zərərçəkmişlər”dir. Bu səpkili məlumatlar da adətən kişilər tərəfindən yayılır.
Hələ ki, hadisə barədə yalnız birtərəfli məlumatlar verilir. Hadisə barədə danışan gəlinin qayınanası, qayınatası, həyat yoldaşı və ata-anasıdır. Qadının ifadəsi hələ alınmayıb, yəni, hüquq-mühafizə orqanlarından belə açıqlama verilir. Qadın danışsa, çox güman ki, tamam fərqli mənzərə ortaya çıxacaq. Əxlaqsızlıqda ittiham edilən bir çox qadının əslində ailəsini dolandırmaq üçün işlədiyi, ərinə siqaret, araq pulu qazandığı məlum olur. Bəlkə də bu ailədə hansısa problemlər var. Məişət sıxıntıları yaşayırlar, bəlkə də kiçik bir münaqişə belə ağır nəticələrə səbəb olub. Qəribə həm də budur ki, niyə gəlinin atası istintaqa cəlb edilib. Gəlini döyən, işgəncə verən, saçını qırxan ər evinin adamlarından heç kim polisə çağırılmayıb, ifadələri alınmayıb. Yayılan məlumatlar belə deməyə əsas verir ki, qadına qarşı zorakı hərəkətlər, işgəncə faktları həyat yoldaşının evindən başlayıb. Belədə ilk növbədə bu insanlar istintaqa cəlb edilməlidir.
M.Zeynalova qeyd etdi ki, son zamanlar cəmiyyətimizdə müşahidə olunan deqradasiya təəssüf doğurur:
- Qadınlarla bağlı çox pis, mənfi rəy formalaşır. Evdən gedən qadına, əksər hallarda əxlaqsız damğası vurulur. Daha araşdırılmır ki, bu qadın niyə evdən gedib, buna nə səbəb olub. Çox zaman da ər evi gəlinin valideynləri ilə əlbir olur. Hər iki tərəf qadını təqsirli bilir. Valideynləri övladlarına sahib çıxmaq əvəzinə, onu özlərindən kənarlaşdırırlar. Qınayırlar, başqaxıncı edirlər. Bu da sonda qadının həyatına qəsd etməsi ilə nəticələnir. Qadının təhlükəsizliyinə demək olar ki, heç kəs məsuliyyət daşımır. Qadın üzləşdiyi zorakılıqla bağlı polisə müraciət edə bilər. Amma burada da gərək fiziki zorakılıq əlaməti olsun. Bu yoxdursa, qadına heç cür kömək etmək mümkün deyil. Yəni, bu istiqamətdə qanunlar, qaydalar yoxdur. Amma zorakılıq təkcə fiziki olmur. Mənəvi zorakılıq, psixoloji, iqtisadi zorakılıq da var. Bunlarla bağlı meyarlar müəyyənləşmədiyindən hüquq-mühafizə orqanları da bir iş görə bilmir. Hesab edirəm ki, zorakılığın digər növləri ilə də bağlı xüsusi meyarlar qəbul olunmalıdır və Nazirlər Kabineti qərar qəbul etməlidir. Hətta sizə deyim ki, mühafizə orderi ilə də bağlı meyarlar müəyyənləşməyib. Məsələn, polis qadınla ancaq danışıqlar apara bilir. Qadının sığınacağa yerləşdirilməsini də polis icra edə bilmir. Qadın özü sığınacağa gəlməli olur.
M.Zeynalova Samux rayon Ziyadlı kənd sakini olan qadının həyatına real təhlükə olduğunu dedi:
- Biz Səhiyyə Nazirliyi ilə əlaqə saxlayacağıq və bu qadının sığınacağa yerləşdirilməsinə köməklik göstərmələrini xahiş edəcəyik. "Təmiz Dünya” o qadını sığınacağa yerləşdirməyə və hüquqlarının müdafiəsi ilə məşğul olmağa hazırdır. Hesab edirəm ki, qadın həmin rayonda qalsa, həyatı real təhlükə qarşısında olacaq.
Məlahət Rzayeva