Müxalifətin fərqli paketi var

Əhməd Oruc: “Bizim proqramdan istifadə olunmadı”



Azadlıq Partiyasının (AP) sədri Əhməd Oruc "Şərq”ə bir müddət öncə ölkədəki iqtisadi böhranla əlaqədar bəzi müxalif partiyaların yaratdığı anti-böhran koalisiyasının hazırkı fəaliyyətindən danışıb. Koalisiyanın tərkibində 12 siyasi təşkilatın yer aldığını söyləyən qurum rəhbəri qeyd edib ki, bu birlik yarandığı dövrdən bu günə kimi ölkədə baş verən iqtisadi böhranla bağlı partiyaların mövqeyini hakimiyyətə və cəmiyyətə çatdırıb:

"Bu yöndə müxtəlif tədbirlər həyata keçirilib. Toplantıların ikisi konfrans şəklində keçirilib. Hər iki konfransda, ayrı-ayrı təşkilatlar böhrandan çıxış yollarına dair konsepsiyalarını ortaya qoyublar. Bundan başqa, bir-iki dəfə də elmi konfranslar baş tutub. Sonuncu konfrans isə cəbhədəki gərginliyə həsr olunub. 28 apreldə "Rusiya işğalı Qarabağ problemi” mövzusunda "dəyirmi masa” keçirdik. Koalisiya mahiyyətinə uyğun şəkildə böhranın önlənməsi üçün hakimiyyətə bir sıra təkliflər paketi göndərib”.

"Həmin təkliflərə reaksiyalar oldumu” sualına gəlincə, təşkilat sədri diqqətə çatdırıb ki, təşəbbüslərinə birbaşa reaksiyalar yoxdur: "Paketlərdə ölkədə rentabelli, yəni yalnız bir sahədən asılı olmayan iqtisadiyyatın formalaşdırılması məsələsi yer alır. Lakin hakimiyyət bir qədər fərqli mövqedə dayanır. Bütün idarə və müəssisələrdə işçilərin qorunub saxlanılması və yalnız aylıqların aşağı salınması istiqamətində addımlar atırlar. Bizim təkliflər paketində isə yanaşma tamamilə fərqlidir. Biz ölkədə normal biznes mühitinin yaradılması, kənd təsərrüfatı və başqa sahələrə investisiya yatırımı, bank sektorunun normal işləməsi, ölkədə rüşvət və korrupsiyanın ortadan götürülməsi, polis zorakılıq və vergidəki özbaşınalığın ortadan qaldırılmasına dair təkliflər etdik. Hakimiyyət isə böhranın əhalinin üzərinə yüklənməsi yolunu tutdu. Bu səbəbdən bizim proqramdan istifadə olunmadı”.

Ə.Oruc Dağlıq Qarabağ münaqişəsinə dair təkliflər paketinin mahiyyətinə də toxunub: "Bildirdik ki, Dağlıq Qarabağa statusun verilməsi danışıqların gündəmindən çıxarılmalıdır. Əsas iddia kimi bunu irəli sürmüşük. Son hadisələr göstərir ki, ermənilər Rusiyanın arxasında gizlənərək Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edirlər. Hansısa etnik qrupun öz yaşayışı üçün ölkəmizin ərazilərini işğal etməsi və sonradan onun müstəqilliyinin tanınması mövqeyindən çıxış etməsi tamamilə yanlışdır. Ona görə də, Azərbaycan hakimiyyəti danışıqlarda status məsələsindən birmənalı imtina etməlidir. Yalnız vətəndaşlıq müstəvisində, yəni Azərbaycan vətəndaşlığını qəbul edən şəxslər ərazilərimizdə yaşaya bilərlər. Ölkəmizin vətəndaşlığını qəbul etməyənlər isə ərazilərimizdən çıxarılmalıdırlar. Bu istiqamətdə də, ciddi addımlar atılmalıdır. Azərbaycan hakimiyyəti həm diplomatik, həm də hərbi güc baxımdan daha üstün mövqelərdə olmalıdır. Hakimiyyət millətə söykənən siyasət yürütməlidir”.

Ayyət Əhməd