“Müxalifətin hərəkətləri real məğlubiyyətin doğurduğu ümidsizliyin çırpıntısıdır" - Baş redaktor





"Müxalifətin hərəkətləri real məğlubiyyətin və nəticəsiz mübarizənin doğurduğu ümidsizliyin çırpıntısı və mənasız gedişləridir” .

Bunu "Sherg.az”a açıqlamasında "Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Baş redaktor bildirib ki, həmin qruplaşmalar nəzərə ala bilmirlər ki, Azərbaycan iki-üç min nəfər radikal şəxslərin küçələrə atılması ilə, müxtəlif vandalizm hərəkətləri etməklə hakimiyyətin dəyişilə biləcəyi ölkələrdən deyil:

 "Azərbaycan 1990-cı illərin əvvəlindən fərqli olaraq həm daxili, həm də xarici parametrlərinə görə, son dərəcə güclü bir ölkəyə çevrilib. Belə bir şəraitdə nəinki bir neçə radikal şəxs, hətta nəzəri cəhətdən varlığını təsəvvür etsək belə on minlərlə bu cür təfəkkürə sahib radikallar da Azərbaycanda vəziyyəti dəyişmək gücündə deyillər. Azərbaycanda açıq narazılıq ifadə etmək üçün heç bir motiv yoxdur. Çünki bu gün Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi kifayət qədər güclüdür. Daxili stabillik baxımından da ölkəmiz möhkəmdir”.

A.Quliyevin sözlərinə görə, radikal qüvvələr 25 ildir ən müxtəlif istiqamətlərdə belə hansısa dəyişiklik nümayiş etdirə bilməyiblər:

"Onlar mitinqlərdə çıxış etməyi bacarmırlar. İnsanlara müsbət istiqamətləri göstərə bilmirlər. Sadəcə olaraq bir qrup şəxsi aldadaraq, onları şirnikləndirərək mənasız aksiyalara çıxarırlar. Aksiyalara məhdudiyyətin qoyulması həmin radikalların hərəkətlərindən doğan bir qərardır. Çünki yanvar ayının 19-da yürüş keçirmək haqqında qərar verilməsi Bakıda ciddi və arzuolunmaz nəticələrin çıxmasına səbəb ola bilərdi. 

Ona görə də həmin aksiyaların məhdudlaşdırılması tamamilə doğrudur. Radikallar da nəticə çıxarmalıdırlar ki, Azərbaycan 90-cı illərin əvvəllərindəki ölkə deyil. Baxmayaraq ki, radikal qüvvələr və onların başında özlərini "lider” kimi təqdim edənlər məhz 1990-cı illərin əvvəllərindəki səviyyədədir”.

İsmayıl