NARAZILIQ: "Bakıdan Naxçıvana uçan təyyarələr üçün onlayn bilet satışı yoxdur"

Fuad İbrahimov: "Müstəqilliyimizi əldə edən gündən indiyə qədər bu problem çözülməyib "


Son günlər sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikasına getməkdə çətinlik çəkən sakinlərin etirazları yer alıb. Xüsusilə, təyyarə biletləri almaq üçün saatlarla növbə gözlədiklərini iddia edən naxçıvanlı sərnişinlər və ora getmək istəyən digər şəxslər elektron biletlərin olmamasından şikayətlənirlər.

Sherg.az olaraq sakinlərin etirazlarını nəzərə alıb iqtisadçı - ekspert Fuad İbrahimovla əlaqə saxladıq. 

O qeyd etdi ki, son iki ildə eyni vəziyyət avtonəqliyyatla bağlı da yaşanırdı:

"Şəhərdə avtobus dayanacaqlarından istifadə qaydaları, avtobusların ötüşməsi, sərnişinlərin xəsarət alması, ümumən qanun-qaydanın olmamasını illərlə müşahidə etmişik. Nəhayət son iki ildə yeni avtobusların ölkəyə gətirilməsi, müxtəlif şirkətlərin normalar yaratması nəticəsində sürücülərin geyim tərzinə qədər hər şey qaydasına düşməyə başladı.

Naxçıvana edilən uçuşlar "Silk Way Travel” şirkəti tərəfindən təşkil edilsə də, burada AZAL bazasında olan xidmətdən söhbət gedir. Ümumiyyətlə, bu günə qədər  hava nəqliyyatında şəffaf fəaliyyət göstərə bilmirik. Naxçıvan blokada şəraitindədir, Azərbaycan öz torpağına ancaq İran vasitəsilə keçə bilir. Belə olduğu halda hava nəqliyyatını elə qurmalıyıq ki, belə problemlər olmasın.

Müstəqilliyimizi əldə edən gündən indiyə qədər bu problem çözülməyib. Bayram günləri, tələbələrin imtahanı zamanı və adi vaxtlarda da Naxçıvanda yaşayanlar, paytaxtdan Naxçıvana getmək istəyənlər bu problemlə qarşılaşıb. Kimsə tanışlıqla və başqa yollarla bilet əldə edə bilər. Lakin kimin imkanı yoxdursa, belə müsibətə keçməlidirlər”.

Hava yollarındakı bu problemin həlli yollarını izah edən F.İbrahimov deyib ki, ciddi tədbirlər görülməlidir:

"ASAN xidmət yaradılmazdan əvvəl insanlar xarici pasport almaq "müsibəti” yaşayırdılar. Hər kəs səhər saat 5-dən oyanıb, qurumun qarşısında dayanırdılar, qeyri-rəsmi sövdələşmələr edirdilər ki. pasportu əldə etsinlər. ASAN xidmət yaradıldıqdan sonra problem aktuallığını itirdi.

Buradan aydın olur ki, hava nəqliyyatı sahəsində maraq yoxdur ki, biz Naxçıvana rahat bilet alınmasını təmin etmirik. İnsanlar niyə əziyyət çəkməlidir?

Bir yolu var: rəhbər vəzifəsindən azad olunmalı və yerinə ASAN xidməti idarə edən şəxs kimi bir rəhbər təyin olunmalıdır ki, insanların problemi həll olunsun. Bu hansısa qruplaşmanın marağıdır ki, biletləri zülmlə insanlara satsın. Bilet, onlayn xidmət ola-ola insanlar bundan istifadə edə bilmir.

Bu problemi də ermənilər yaratmayıb ki, özümüz özümüzə yaratmışıq. Ona görə də mütləq şəkildə digər sahələr kimi, hava nəqliyyatındakı problemləri gərəksə, inzibati yolla həll etməliyik”.

Aysel Aslan