Nardaranda “Gənclər şəhərciyi” salınsın

Qəsəbənin tamamilə dəyişməsi yerli sakinlərə də faydalı olacaq



Uzun zamandır, Bakıda "Gənclər şəhərciyi”nin tikilməsi ilə bağlı müzakirələr aparılır. Mövzu zaman-zaman gündəmə gətirilsə də, hələlik ortada real nəticə yoxdur. Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov da gənclərin belə şəhərciyə böyük ehtiyacı olduğunu bildirib:

"Düşünürəm ki, gənclər bir yerdə öz potensiallarını daha yaxşı şəkildə aça bilərlər. Onlar asudə zamanlarının faydalı iş əmsalını da artırmış olarlar”.

"Gənclər şəhərciyi”nin harada salınmasına gəlincə, komitə rəhbəri vurğulayıb ki, bununla bağlı müxtəlif variantlar var: "Şəhərcik elə yerdə salınmalıdır ki, gənclərimiz asudə vaxtlarını mənalı, səmərəli keçirsinlər, boş zamanlarını faydalı məsələlərə həsr etsinlər. Həm də bu şəhərcik mənzərəli yerdə olsun. Bu baxımdan, şəhərciyin salınacağı yer çox önəm kəsb edir. Bakının dəniz sahilində yerləşən kəndlərindən birində bu şəhərciyin salınması məqsədəuyğun olardı. Belə bir yer kimi Nardaranın üstündə dayanıram. Bu təkliflə geniş şəkildə çıxış edəcəm”.

Deputatın təklifi ilə "Şərq”ə münasibət bildirən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas İlqar Altayın fikrincə, "Gənclər şəhərciyi”nin Nardaranda salınması təklifi çox təqdirəlayiqdir. Hətta ekspert hesab edir ki, Nardaranda yeni şəhərciyin salınması nəinki təkcə gənclər, hətta qəsəbənin qocaları və uşaqları üçün də vacibdir: "Kəndi abadlaşdırmaq, ümumi görüntüsünü dəyişdirmək lazımdır. Müasir dövrümüzdə belə köhnə quruluşlu kəndlərin yeri yoxdur. Ümumiyyətlə, "Sovetski”, "Kubinka”, "Papanin” kimi yaşayış məntəqələrində hər zaman xuliqanlıq hadisələri, dava-dalaşlar, narkomaniya çox olub. Həmin yaşayış məskənlərində evlərin quruluşu, antisanitariya vəziyyəti, səliqəsizlik ümumilikdə oranın sakinlərinin xasiyyətinə, düşüncəsinə və davranışına da təsir edir. Mən Nardaranda olmuşam və gördüklərimə məəttəl qalmışam. Bilirsiz, Bakıda Maştağa, Buzovna kimi müasir görünüşlü kəndlər var. Amma Nardaranda biri-birinin içində olan evlər, darısqal küçələr, çirkli dalanlar çox qarmaqarışıq vəziyyət yaradır. Belə yöndəmsiz məkanlarda sanitariya qaydalarına riayət etmək də mümkün olmur. Ən əsası odur ki, həmin səliqəsiz şəraitdə böyüyən uşaqlar, orada təhsil alan gənclər də təhlükəli yetişirlər. Onların dünyagörüşləri başqa cür olur. Bütün bunlar isə sonda avamlığa, mövhumata və radikallığa gətirib çıxarır. Hansı formadasa bunun qarşısı alınmalıdır. Nardaran dəyişməli, orada yeniliklər olmalı, təzə infrastruktur qurulmalıdır. Müasir məktəblər inşa edilməli, uşaq bağçaları tikilməli, insanların daxmaları çoxmərtəbəli binalarla əvəz olunmalıdır. Fikrimcə, insanların şəraiti dəyişdikcə, onların xasiyyəti, düşüncəsi də dəyişəcək”.

İsmayıl