Ekspertlər hesab edir ki, bunun heç bir effekti olmayacaq
“Bu isə o deməkdir ki, müalicə müddətində ona xərclənən pullar batacaq”
Artıq Azərbaycanda narkotik asılılığından müalicə məcburi olacaq. Dünən Milli Məclisin Səhiyyə Komitəsinin iclası keçirilib və iclasda "Əhalinin sağlamlığının qorunması haqqında” qanununa dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb. Qanuna təklif edilən yeni dəyişiklikdə inzibati həbs nəzərdə tutan inzibati xəta törətməmiş narkomanlar barəsində məcburi tədbirlər tətbiq edilən şəxslərin sırasına əlavə edilib.
Belə ki, yeni layihəyə əsasən, cinayət və ya inzibati həbs nəzərdə tutan inzibati xəta törətməmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində Mülki Prosessual Məcəlləyə uyğun olaraq, məcburi tibbi tədbirlər tətbiq ediləcək.
Dəyişikliyi şərh edən "Hüquqi İnkişaf və Demokratiya” İctimai Birliyinin sədri Zülfiyyə Mustafayeva dünyanın heç bir ölkəsində narkomaniyadan məcburi müalicənin effekt vermədiyini deyib. Onun sözlərinə görə, zaman-zaman bir çox ölkələr bu vasitəyə əl atsalar da, effektsiz alındığı üçün davam etdirmədilər: "Nə Dünya Səhiyyə Təşkilatı, nə də beynəlxalq insan haqları təşkilatları narkomaniyadan məcburi müalicəni qəbul eləmirlər. Əvvəla, narkomaniyadan məcburi müalicə deyilən bir anlayış yoxdur. İkincisi də narkomaniyaya məhz narkotik maddələrdən asılılığı olan insanlar düçar olublar. Odur ki, fiziki ağrıların götürülməsi narkomaniyada müalicə sayılmır. İnsanların psixoloji baxımdan müayinəsi, onun cəmiyyətə sosial adaptasiyası, ailə üzvlərinin iştirakı ilə keçirilən kompleks tədbirlər narkomaniyadan müalicə sayılır ki, bu istiqamətdə də Azərbaycanda real addımlar atılmır. Azərbaycanda ancaq təklif olunan tibbi xidmət ancaq detoks mərhələsi ilə tamamlanır ki, bu da ancaq cari ağrıların götürülməsinə xidmət edir. Biz isə bunu müalicə kimi qəbul etmirik”.
Narkotik asılılığından məcburi müalicədənsə, bütün kompleks tədbirlər əhatə olunmaqla reabilitasiya mərkəzlərinin açılmasını daha məqsədəuyğun hesab edən hüquq müdafiəçisi bildirib. Onun sözlərinə görə, narkotik aludəçiləri könüllü olaraq, bu bəladan qurtulmaq istəməsə, ətraf mühiti buna vadar etməsə, həmin insanın məcburi yolla həyata qayıdışı, cəmiyyətə reabilitasiyası mümkün deyil: "Narkomaniyadan məcburi müalicə deyəndə nəyi nəzərdə tuturlar? Narkomanların əl-ayaqlarını qandala vurub, dərmanları məcburi olaraq boğazına atacaqlar? Əgər HİV daşıyıcıları belə könüllü olaraq müalicəyə cəlb olunursa, narkomanlara qarşı məcburi müalicənin tətbiqi nə dərəcədə düzgündür? Ətrafı üçün real təhlükə mənbəyi olan narkomanları ancaq həbs etmək olar ki, hansısa cinayət törətməsinlər. Ancaq hansısa bir narkomanı ailə üzvlərinə əziyyət verir deyə, məcburi şəkildə palataya yatırtmaq doğrudan da gülməli bir yanaşmadır. Hesab edirəm ki, "Əhalinin sağlamlığının müdafiəsi
haqqında” qanuna nəzərdə tutulan dəyişiklik heç bir effekt verməyəcək. Bu, narkotik asılılığından əziyyət çəkən insanların məcburi müalicəsi üçün sərf olunan vəsait pulu göyə sovurmaq kimi bir şeydir. Axı narkomanları nə qədər orada saxlayacaqlar? Geci-tezi bu adamın müalicəsi başa çatacaq və xəstəxanadan çıxarmalı olacaqlar. Ömürlük orada saxlamayacaqlar ki? Həmin şəxs müalicəyə könüllü yanaşmadığı üçün də çıxandan sonra daha aqressiv olacaq. Həm də qəfəsdən azad olan quş kimi özünü ora-bura çırpıb narkotik axtarışına çıxacaq yenə. Bu isə o deməkdir ki, müalicə müddətində ona xərclənən pullar batacaq”. Z.Mustafayevanın sözlərinə görə, narkotik aludəçilərinə qarşı mübarizə fərdi aparılmalıdır: "Onların sosial durumu, ailə vəziyyəti, əmək qabiliyyətinin olub-olmaması müəyyənləşdirilməli və ona uyğun da reabilitasiyalar həyata keçirilməlidir. Narkomaniyaya qarşı mübarizə klinik protokol deyil ki, ucdantutma hər kəsə eyni tibbi xidmət göstərilsin”.
Şəymən