“Narkotik aludəçiləri könüllü olaraq, bu bəladan qurtulmaq istəməsə, həmin insanın məcburi yolla həyata qayıdışı, cəmiyyətə reabilitasiyası mümkün deyil”
Milli Məclisdə Cinayət Məcəlləsinə dəyişikliklər müzakirə edilərkən millət vəkili Qüdrət Həsənquliyev təklif edib ki, narkotik istifadəçiləri məcburi müalicəyə cəlb olunsun. Bir sıra ölkələrdə narkomanlara marixuanadan istifadəyə icazə verildiyini xatırladan Q.Həsənquliyev deyib ki, həbsxanada olanların böyük əksəriyyətinin narkotik istifadəçiləri olduğu sirr deyil: "Narkomanları həbsxanalara doldurmağın bir xeyri yoxdur, dövlət də onların həbsxanada saxlanılması üçün böyük xərc çəkir.
O insanlar məcburi müalicəyə göndərilməlidir. Ona görə də satış, daşıma halları varsa, istintaq bunu sübut edirsə, həmin şəxs cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bəzən 0,1 qr artıq narkotikə görə narkotik istifadəçiləri həbs olunur. Bu nəyə lazımdır?!”. Q.Həsənquliyev deyib ki, narkotika şəxsi istehlak üçün nəzərdə tutulubsa, bu şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinə son qoyulmalıdır: "Belə şəxslərin narkotik vasitələrdən istifadəsi müəyyən çərçivədə leqallaşdırılmalıdır. Bütün dünya bu addımı atır, biz də atmalıyıq”. Spiker Oqtay Əsədov isə qeyd edib ki, qanun layihəsi parlamentə göndərilməzdən əvvəl komitələrdə müzakirələr aparılır, təkliflər də o zaman irəli sürülməlidir.
Narkomaniyadan məcburi müalicə deyilən bir anlayış olmadığını vurğulayan "Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyi”nin sədri Zülfiyyə Mustafayeva isə bəyan edib ki, dünyanın bir çox ölkələri zaman-zaman bu vasitəyə əl atsalar da, effektsiz alındığı üçün davam etdirmədilər. Onun sözlərinə görə, nə Dünya Səhiyyə Təşkilatı, nə də beynəlxalq insan haqları təşkilatları narkomaniyadan məcburi müalicəni qəbul edirlər: "Çünki narkomaniyaya məhz narkotik maddələrdən asılı olan insanlar düçar olublar. Odur ki, fiziki ağrıların götürülməsi narkomaniyada müalicə sayılmır. İnsanların psixoloji baxımdan müayinəsi, onun cəmiyyətə sosial adaptasiyası, ailə üzvlərinin iştirakı ilə keçirilən kompleks tədbirlər narkomaniyadan müalicə sayılır ki, bu istiqamətdə də Azərbaycanda real addımlar atılmır. Azərbaycanda ancaq təklif olunan tibbi xidmət ancaq detoks mərhələsi ilə tamamlanır ki, bu da ancaq cari ağrıların götürülməsinə xidmət edir. Biz isə bunu müalicə kimi qəbul etmirik”. Z.Mustafayevanın sözlərinə görə, narkotik asılılığından məcburi müalicədənsə, bütün kompleks tədbirlər əhatə olunmaqla reabilitasiya mərkəzlərinin açılması daha məqsədəuyğun olar: "Bu zaman biz də narkotik aludəçilərini ora yönləndirərdik. Düzdür, indinin özündə də narkomaniyadan xilas üçün insanları narkoloji dispanserə yönləndiririk. Amma görürük ki, bu müalicənin nəticəsi nə qədər effektivdir? Narkotik aludəçiləri könüllü olaraq, bu bəladan qurtulmaq istəməsə, ətraf mühiti buna vadar etməsə, həmin insanın məcburi yolla həyata qayıdışı, cəmiyyətə reabilitasiyası mümkün deyil. Həm də ki, narkomaniyadan məcburi müalicə deyəndə nəyi nəzərdə tuturlar? Narkomanların əl-ayaqlarını qandala vurub, dərmanları məcburi olaraq boğazına atacaqlar?”. Ekspertin sözlərinə görə, narkotik asılılığından əziyyət çəkən insanların məcburi müalicəsi üçün sərf olunan vəsait pulu göyə sovurmaq kimi bir şeydir. "Axı narkomanları nə qədər orada saxlayacaqlar? Geci-tezi bu adamın müalicəsi başa çatacaq və xəstəxanadan çıxarmalı olacaqlar. Ömürlük orada saxlamayacaqlar ki? Həmin şəxs müalicəyə könüllü yanaşmadığı üçün də çıxandan sonra daha aqressiv olacaq. Həm də qəfəsdən azad olan quş kimi özünü ora-bura çırpıb narkotik axtarışına çıxacaq yenə. Bu isə o deməkdir ki, müalicə müddətində ona xərclənən pullar batacaq”.
Şəymən