NATO-Rusiya arasında “əsəb müharibəsi” gedir

Amma iki qütbün savaşa başlaması planetin sonu deməkdir



NATO-nun daimi hərbi-dəniz qüvvələrinin gəmiləri Qara dənizə daxil olub. Məlumata görə, hərbi gəmilər axşam saatlarından dənizə giriblər. Dənizə daxil olan hərbi-dəniz qüvvələrinin qrupuna İspaniya, Türkiyə və Almaniya freqatları daxildir. Xatırladaq ki, bundan əvvəl Ukraynanın Müdafiə nazirliyi NATO-nun Qara dəniz regionunda mövcudluğunu dəstəklədiyini bəyan etmişdi.
Ehtimala görə, hərbi alyansın Qara dənizdəki manevri birbaşa Rusiyaya qarşı yönəlib. Ona görə də Moskva bu "əzələ nümayişinin” qarşısını almağa çalışacaq. Hətta indiki qarşıdurma zəminində ciddi münaqişələrin olacağı da iddia edilir.

Politoloq Əli Orucov isə NATO ilə Rusiya arasında hərbi toqquşmaların olacağına inanmır. Ekspert "Şərq”ə açıqlamasında deyib ki, iki qütbün savaşa başlaması planetin sonu demək olar:

 "İndiki silahlar çox dağıdıcıdır. Rusiya nüvə dövlətidir və dünyanın ən çox nüvə başlığına sahibdir. İllərdir, NATO ilə Rusiya arasında "əsəb müharibəsi” gedir. NATO gəmilərinin Rusiya sərhədlərində, yaxud da Moskvanın maraqları olan coğrafiyada peyda olması, hərbi təlimlər keçirməsi rəsmi Moskvanı qıcıqlandırmaq, əsəblərinə toxunmaqdan başqa bir şey deyil”. 

Analitik bildirib ki, Rusiya hərb maşını ilə üz-üzə gəlməyin hansı faciələrə və dəhşətlərə səbəb olacağını Qərb yaxşı anlayır: 

"Qərb Rusiyanı iqtisadi sanksiyalarla çökdürməyi hədəfləyir və onu silahlanma yarışına çəkməklə iqtisadiyyatı sıradan çıxarmağı hədəfləyir. Bu siyasət müəyyən qədər nəticəsini verməkdədir. Rusiya öz ordusunu modernləşdirmək və müdafiə qüdrətini artırmaq üçün məcburdur ki, bu sahəyə milyardlarla vəsait ayırsın. Rusiyanın soyuq müharibə illərindəki kimi Qərblə silahlanma yarışına girməsi mümkün deyil. Çünki Rusiyanın indiki iqtisadi vəziyyəti pisdir. Ancaq Moskvanın ən güclü ikinci orduya sahib olması Şimal qonşumuzu dünyanın ikinci güc mərkəzinə çevirib”.

İsmayıl