"NATO və ABŞ Türkiyəyə elə sifət göstərdi ki..."

Mübariz Əhmədoğlu: "...Qardaş ölkənin üz çevirməkdən başqa yolu qalmadı"
"Türkiyə və İranın siyasəti regiona bu qədər fayda veribsə, Ankara niyə bu əməkdaşlıqdan imtina etməlidir? Əvəzində NATO Türkiyəyə nə verəcək?"



"Türkiyə uzun müddət ABŞ-ın müttəfiqi, NATO-nun üzvü kimi İranla əlaqələrini qurub”.

Bunu "Sherg.az”a ABŞ-ın İrana dair Türkiyəyə çağırış etməsindən danışarkən Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu deyib. 

Onun sözlərinə görə, Son illər Türkiyənin İranla münasibətlərində irəliləyişlər yaranıb:

"Siyasi, iqtisadi və hərbi - regional təhlükəsizlik sahələrini əhatə edən irəliləyişlər müsbət istiqamətdədir. Türkiyə siyasətinin İrana doğru yönəlməsinin əsas səbəbkarı NATO və ABŞ özüdür. Onlar Türkiyəyə elə sifət göstərdilər ki, qardaş ölkənin üz çevirməkdən başqa yolu qalmadı. Hazırda Türkiyə və İran birlikdə Suriyanın, İraqın ərazi bütövlüyünü dəstəkləməklə bağlı öhdəlik götürüblər. Bu iki ölkə niyyət bağlayıb ki, bir-biri ilə dinc, qonşuluq siyasəti aparsınlar. 

Çünki Yaxın Şərqdə terror təşkilatının biri sıradan çıxır, digəri yaranır. Bilmək olmaz ki, İŞİD-in sıradan çıxmasından sonra hansı təşkilat yaranacaq. Türkiyə və İranın əməkdaşlığı regional təhlükəsizlik baxımından həddindən artıq əhəmiyyətlidir. İraq Kürdüstanında keçirilən qondarma referendumdan sonra Məsud Bərzani etiraf etdi ki, Türkiyə və İranın birgə gücünü nəzərə almamışdı. Kürdlərin regionu qarışdıran potensialının sıradan çıxması Türkiyə və İranın birlikdə işi idi.

Türkiyə və İranın siyasəti regiona bu qədər fayda veribsə, Ankara niyə bu əməkdaşlıqdan imtina etməlidir? Əvəzində NATO Türkiyəyə nə verəcək? Rəsmi Ankaranın həm NATO daxilində götürdüyü öhdəlikləri yerinə yetirməyə, həm də İranla dostluq siyasətini gücləndirməyə imkanı var. Ölkə başçısı Rəcəb Tayyib Ərdoğan da məhz o siyasəti aparacaq.

ABŞ-ın İran siyasətinə etibar etmək mümkün deyil. Hətta İran Türkiyəyə qarşı çıxsa, ABŞ Tehranı dəstəkləyəcək. ABŞ-İran münasibətlərinin tarixini Türkiyə də bilir”.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Reks Tillersonun sözlərinə görə, Türkiyə unutmamalıdır ki, Ankara NATO üzvü olaraq, İranla təmaslarda Alyansın maraqlarını nəzərə almalıdır.

Aysel Aslan