Nazirin kollec açıqlaması dəstək qazandı
Kolleci yaxşı bitirənlər birbaşa ali təhsil ala biləcək
Azərbaycanda kolleclərin ali məktəblərin nəzdinə keçirilməsi məsələsi gündəmə gəlib. Orta ixtisas təhsili müəssisələrinin kifayət qədər böyük hissəsinin kollec adlandırıldığını vurğulayan Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovun sözlərinə görə, yaxın gələcəkdə onların ali təhsil müəssisələrinin nəzdinə keçirilməsi prosesinə başlanacaq.
Nazirin sözlərinə görə, artıq ölkəmizdə 3 kollecin ali təhsil müəssisələrinin tərkibinə qatılması üçün Nazirlər Kabinetinə təkliflər təqdim edilib.
Kolleclərin ali təhsil müəssisələrinin tərkibinə qatılması prosesinin tədricən həyata keçirilən məsələ olduğunu deyən nazir qeyd edib ki, bu, bütün kolleclərə deyil, yalnız bir sıra kolleclərə aid edilib: "Təhsil Nazirliyi 2015-2016-cı tədris ili üçün bir neçə kollecə dair müvafiq təkliflərini Nazirlər Kabinetinə artıq təqdim edib. Hazırda aidiyyəti qurumlarla razılaşdırma prosesi gedir. İlk olaraq Bakı şəhərində yerləşən Maliyyə və İqtisad Kollecinin Azərbaycan Dövlət İqtisad Universitetinin tərkibinə verilməsi təklif olunub. Daha 2 kollecin Azərbaycan Texniki Universitetinin tərkibinə verilməsi də nəzərdə tutulub”.
M.Cabbarov onu da qeyd edib ki, ali təhsil müəssisələrində olan elmi-pedaqoji potensial daha yüksəkdir. Ali məktəblərdə Baloniya prosesinin tələblərinə keçid orta ixtisas təhsil müəssisələrinə nisbətən daha tez sürətlə gedir. Nazir deyib ki, yeniliyi tətbiq etməkdə əsas məqsəd Baloniya prosesini fəallaşdırmaqdır. Bütün bunlar orta ixtisas təhsili pilləsində tələbələrə verilən təhsil səviyyəsinin daimi yüksəldilməsi və müasir əmək bazarının tələblərinə cavab verən kadrların yetişdirilməsi üçün nəzərdə tutulur.
Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev də hesab edir ki, kolleclərin ali məktəblərin nəzdinə keçirilməsinin orta ixtisas təhsili müəssisələrinin verdiyi təhsilin keyfiyyətinin və onlara marağın artırılmasına xidmət edəcəyi birmənalıdır.
Təhsil eksperti bildirib ki, kolleclərin universitetlərin nəzdinə keçirilməsi təhsil sisteminin dünyaya inteqrasiyasıdır.
Kolleclərin ötən əsrdə qaldığını vurğulayan professor deyib ki, hər işin, hər hadisənin öz zamanı var: "Ötən əsrin 20-30-cu illəri üçün orta ixtisas müəssisələri kifayət qədər gərəkli bir proses idi. Təcili kadrların hazırlanması üçün kolleclərin xidmətindən istifadə olunurdu. Həmin illərdə göstərilən diqqət və qayğı hesabına kolleclərin fəaliyyəti genişləndi və müəyyən qədər də nəticələr əldə edildi. Müharibə illəri və ondan sonrakı illərdə də orta ixtisas təhsili müəssisələrinə ehtiyac vardı. Amma bu gün dövran dəyişib. İndi dünyanın heç bir yerində ayrıca olaraq orta ixtisas təhsili müəssisələri fəaliyyət göstərmir. Eləcə də, artıq Azərbaycanda onların fəaliyyətinə ehtiyac duyulmur. Ali məktəb var və həmin təhsil ocaqları ali ixtisaslı kadr hazırlayırsa, deməli, orta ixtisaslı kadrlara ehtiyac olmamalıdır. Əslində artıq Azərbaycanda həmin kadrları gözləyən iş yerlərimiz də yoxdur”.
Ə.Ağayevin sözlərinə görə, kolleclərin ali məktəblərin nəzdinə keçirilməsi ilk olaraq dünyaya inteqrasiya baxımından təqdirəlayiqdir: "Bu isə o deməkdir ki, universitetlərimizin tərkibində orta ixtisas təhsili müəssisələri fəaliyyət göstərəcəksə, deməli, artıq ali məktəblərimiz dünya universitetləri səviyyəsinə qalxır. Çünki dünyanın aparıcı ali təhsil ocaqlarının nəzdində orta məktəblər və orta ixtisas təhsili müəssisələri fəaliyyət göstərir. Hətta elə məktəb var ki, özünün fabriki, zavodu var. Hətta ferması olan universitetlərə də rast gəlmək olur. Eyni zamanda, kolleclərin universitetlərin nəzdində fəaliyyət göstərməsi peşəkar kadr hazırlığına da öz təsirini göstərəcək. Bu gün kollec tanıyıram ki, oranı bitirən 100 uşaqdan cəmi 5-i kadr kimi istifadəyə yararlıdır”.
Ekspertin sözlərinə görə, bu sistemə keçidin özəlliklərindən biri də kolleci yüksək qiymətlə bitirənlərin sonradan həmin müəssisədə ali təhsil almaq imkanının olmasıdır: "Orada belə bir şey var ki, orta ixtisas məktəbini əla qiymətlərlə bitirənlər birbaşa universitetin üçüncü kursuna qəbul ola biləcəklər. Yeni sistemin belə imkanları var. Bu sistem həm də insanların böyük marağına səbəb olacaq. Kolleci bitirəndən sonra həm işləyə biləcək, həm də əgər kolleci yaxşı qiymətlə
başa vurubsa, universitetdə təhsil ala biləcək. Əsas müsbət yönümü də ali təhsil almaq şansının yaradılması ilə bağlıdır”.
Ə.Ağayev bildirib ki, əgər növbəti təhsil ilindən bu sistemə başlanılsa, tam tətbiqi 4-5 il zaman aparacaq: "Onun üçün proqram tərtib olunmalı, uyğunlaşdırma aparılmalı, tədris avadanlıqları müəyyənləşdirilməli, yeni tələblər üzrə informasiya texnologiyalarından istifadə imkanları yaradılmalıdır. Universitetin nəzdinə keçdiyi üçün orada təhsil verəcək kadrlar lazımdır. 4-5 il bu sistemin təkmilləşdirilməsinə və hamı tərəfindən qəbul olunan formasına çatmağa vaxt gedəcək”.
Təhsil eksperti Məhərrəm Zülfüqarlı deyib ki, Turizm və Menecment Universitetində artıq bu ənənə yaradılıb və digər universitetlərdə də yaradılsa, yaxşı nəticələr əldə edilə bilər: "Turizm və Menecment Universitetinin nəzdində Turizm Peşə Məktəbi var. Gələcəkdə digər qurumlar da bu cür təhsil sistemindən istifadə edə bilərlər. Təhsilin mərhələli şəkildə bir universitetin daxilində aparılması müsbət haldır. Avropa, Qərb təcrübəsində bu sistem geniş yayılıb. Bizim bu sistemə tam keçməyə nə qədər hazır olduğumuzu deyə bilmərəm. Amma yaxın gələcəkdə bunu tətbiq etmək olar”.
M.Zülfüqarlının sözlərinə görə, kollecin universitet daxilində olması orada təhsil imkanlarının geniş olmasına gətirib çıxarır: "Bu cür sistem kolleclərdə təhsilin keyfiyyətinə də müsbət təsir göstərir. Əgər kollec universitetin nəzdindədirsə, universitetin potensialından da istifadə edilir, daha yüksək səviyyəli mütəxəssislər oraya cəlb olunur. Kolleci yaxşı qiymətlərlə bitirənlərə isə universitetdə təhsil almaq imkanı yaradılır. Əgər universitetlər öz daxilində kolleclərin fəaliyyət göstərməsinə hazırdılarsa, niyə də olmasın? Özəl universitetlər öz tərkibində kollec yaradıb, tələbə toplaya biləcəksə, buna müsbət yanaşmaq, dəstək olmaq lazımdır. Çünki bu məsələdə qadağaların qoyulması Azərbaycan gənclərinin təhsil üçün Ukrayna, Türkiyə, Gürcüstan kimi yaxın ölkələrə getməsinə şərait yaratmış olur. Bu məsələlərdə dövlət nəzarəti olmaq şərtilə özəl universitetləri sərbəst buraxmaq lazımdır. Dövlət universitetlərinin imkanlarını yoxlamalı və bu işi öz üzərlərinə götürə bilib-bilməyəcəklərini müəyyən etməlidir”.
Şəymən